Futbol üzrə dünya çempionatı davam edir. Ötən gecə daha üç qarşılaşma baş tutub.
Qaynarinfo xəbər verir ki, Belçika İranla qarşılaşıb. Los-Anceles stadionunda keçirilən G qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.
Avropalılar qarşılaşmanı 10 nəfərlə başa vurublar. Natan Nqoy 66-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Uruqvay millisi Kabo Verde ilə qarşılaşıb. Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında qalib müəyyənləşməyib - 2:2.
Uruqvayın heyətində Maksimiliano Arauxo (44) və Aqustin Kanobbio (45+6) fərqləniblər. Kabo Verde yığmasında isə Kevin Pina (21) və Helio Varella (61) diqqət mərkəzinə düşüblər.
Bununla da hər iki yığma qrupdakı xallarının sayını 2-yə çatdırıb. Uruqvay ötən tur Səudiyyə Ərəbistanı (1:1), Kabo Verde isə İspaniya ilə (0:0) heç-heçə etmişdi.
Misir isə Yeni Zelandiya millisinə qalib gəlib. "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar 3:1 hesablı qələbəyə seviniblər.
Hesabı Yeni Zelandiya yığmasından Finn Serman (15) açıb. İkinci hissədə geri dönüş edən misirlilər Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqenin (83) qolları ilə 3 xalı qazanıblar.
Bu, Misir seçməsinin mundiallarda ilk qələbəsi kimi tarixə düşüb. Komanda ilk dəfə 1934-cü il dünya çempionatında iştirak edib və həmin vaxtdan bu yana heç vaxt qələbəsi olmayıb.
Şərhlər