XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan çempionatında 3 yubiley: "Kəpəz", "Sabah" və "Neftçi"
İdman11:40 21.09.2026

Azərbaycan çempionatında 3 yubiley: "Kəpəz", "Sabah" və "Neftçi"

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci heç-heçəsini edib. Bu, Misli Premyer Liqasının VI turunun “Sumqayıt”la görüşünə təsadüf edib – 1:1.

Qaynarinfo PFL-in saytına istinadən xəbər verir ki, Gəncə klubu 720-ci qarşılaşmada “150”yə çatıb. Qərb təmsilçisi turnirin tarixində 150 və daha çox sülhə imza atan 5-ci komandadır.

“Kəpəz”in ilk heç-heçəsi 1992-ci il mayın 18-də qeydə alınıb. Bərdənin “Pambıqçı” klubu ilə səfər görüşü qolsuz başa çatıb.

“Sabah” Premyer Liqada 250-ci oyununu keçirib. Bakı klubu turnirin tarixinə 250 və daha çox matça çıxan 16-cı komanda olub.

Paytaxt təmsilçisinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib. “Sabah” evdə “İmişli”yə qalib gəlib – 3:1.

Son ölkə çempionu 250 qarşılaşmada 112 qələbə qazanıb, 62 heç-heçə edib və 76 dəfə uduzub. Oyunlardan 125-i evdə, 125-i səfərdə baş tutub.

Qeyd edək ki, “Sabah” ilk matçını 2018-ci il avqustun 12-də səfərdə “Sumqayıt”a qarşı keçirib – 1:0.

“Neftçi” isə Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb. Bu, komandanın yubiley – 1000-ci oyununa təsadüf edib.

Bakı klubu Misli Premyer Liqasının VI turunda “Qəbələ”yə qalib gəlib – 3:0. Bu, 242-ci səfər qələbəsi olub. “Ağ-qaralar” evdə 301, neytral meydanda 7 dəfə qalib gəlib. “Neftçi” “Qarabağ”dan sonra 550 və ya daha çox qələbə qazanan 2-ci komanda kimi tarixə düşüb.

Qeyd edək ki, paytaxt klubunun ilk qələbəsi 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə ev matçında gerçəkləşib – 1:0.