Ramana Qəsri bu gündən yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycanın dünya əhəmiyyətli tarixi-memarlıq abidələrindən biri olan Ramana Qəsrində tarixi irsin qorunması ilə müasir muzey yanaşmalarını birləşdirən yeni mədəniyyət məkanı yaradılıb.
Layihə çərçivəsində qəsrin memarlıq xüsusiyyətləri və mövcud vəziyyəti araşdırılıb, abidənin tarixi-memarlıq dəyərinin və autentikliyinin qorunmasına diqqət yetirilib. Ekspozisiya və ziyarətçi marşrutları da qəsrin tarixi xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.
Muzey konsepsiyasının əsas ideyası “Tarixə açılan pəncərə” anlayışıdır. Konsepsiya çərçivəsində tarixi memarlığın qorunması ilə yanaşı, ziyarətçilərin keçmişi müasir texnologiyalar vasitəsilə daha interaktiv şəkildə tanıması nəzərdə tutulub.
Muzeyin ekspozisiyasında Ramana Qəsrinin tarixi, Abşeronun orta əsr müdafiə sistemi, həmin dövrün hərb sənəti, gündəlik həyatı və mədəniyyəti təqdim olunur. Ekspozisiyanın mühüm hissəsini 2024–2026-cı illərdə qəsrin ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri təşkil edir.
Ekspozisiya “Seyri-Tarix”, “Seyri-Silah”, “Seyri-Tərz” və “Seyri-Həyat” bölmələrindən ibarətdir.
“Seyri-Tarix” bölməsində Abşeron yarımadasının orta əsr müdafiə sistemi, Ramana Qəsrinin bu sistemdəki mövqeyi, tarixi fotoşəkillər, arxiv materialları və müxtəlif maketlər təqdim olunur.
“Seyri-Silah” bölməsində orta əsr hərb sənəti və müdafiə mədəniyyəti ilə bağlı eksponatlar, o cümlədən XIV–XVI əsrlərə aid qılınc və qınların rekonstruksiyaları, nizə ucluqları, xəncər tiyəsi və digər arxeoloji materiallar nümayiş etdirilir.
“Seyri-Tərz” bölməsində orta əsrlərin gündəlik həyatı, məişəti və sənətkarlıq ənənələrindən bəhs olunur. Burada arxeoloji qazıntılar zamanı aşkar edilmiş keramika və saxsı məmulatlar, şüşə bilərziklər, yağ və neft çıraqları, şirli qablar, kaşı və dekorativ plitələr sərgilənir.
“Seyri-Həyat” bölməsində isə orta əsr feodal-cəngavərinin həyat yolu, cəmiyyətdəki rolu və mənəvi dünyası animasiya əsaslı multimedia məzmunu vasitəsilə təqdim edilir. Günbəz formalı tavanda nümayiş etdirilən immersiv videoproyeksiya vasitəsilə cəngavərin uşaqlıq dövründən başlayaraq təlimi, ailə həyatı və döyüşlərdə iştirakı canlandırılır.
Muzeydə ənənəvi ekspozisiya üsulları interaktiv ekranlar, elektron məlumat panelləri, audio-vizual materiallar, animasiyalar, videoproyeksiya və videomapinq kimi rəqəmsal texnologiyalarla tamamlanıb.
Qəsrin memarlıq inkişaf mərhələlərini əks etdirən rekonstruksiya maketləri, tarixi xəritələr, memarlıq sxemləri və illüstrasiyalar da ekspozisiyada yer alır. Məlumat materialları Azərbaycan və ingilis dillərində təqdim olunur.
Qəsrin dam terrası isə panoramik müşahidə meydançası kimi ziyarətçilərin istifadəsinə verilib. Burada yerləşdirilən “Alov” heykəltəraşlıq kompozisiyası qəsrin qədim müdafiə sistemindəki rolunu və tarixi-mədəni simvolikasını ifadə edir.
Muzeyin ətraf ərazisində giriş meydançası və piyada marşrutları yenilənib, açıq hava ekspozisiyası yaradılıb. Ziyarətçilərin rahat və təhlükəsiz hərəkəti üçün əlçatanlıq həlləri də tətbiq olunub.
Ramana Qəsri Muzeyi tarixi abidəni müasir muzey texnologiyaları ilə birləşdirən yeni mədəniyyət məkanı kimi fəaliyyət göstərəcək.
Şərhlər