İtaliya hökuməti məktəblərdə burqa və niqab taxılmasını qadağan etməyə, həmçinin xarici tələbələrin bir sinifdə sayına qanuni məhdudiyyət qoymağa hazırlaşır.
Qaynarinfo xəbər veriri ki, baş nazir Corcia Meloni bu barədə sentyabrın 20-də Romada rəhbərlik etdiyi “İtaliya Qardaşları” partiyasının gənclər qanadının tədbirində çıxış edərkən məlumat verib. O bildirib ki, bununla bağlı tədbir yaxın zamanda Nazirlər Şurasına təqdim olunacaq.
Planlaşdırılan tədbirlərə məktəblərdə üzü tamamilə örtən geyimlərin, o cümlədən burqa və niqabın qadağan edilməsi daxildir. Meloni bildirib ki, məktəbdə şagirdlərin üzünün açıq olması vacibdir. Onun sözlərinə görə, heç kim “ənənə” adı altında gənc qadının üzünü gizlətməsinə məcbur edə bilməməlidir. Baş nazir bu yanaşmanı gender bərabərliyi ilə əlaqələndirib.
Təklif yalnız burqa və niqaba aiddir. Meloni çıxışında hicabın qadağan edilməsindən danışmayıb.
Xarici şagird limiti
Hökumət eyni zamanda bir sinifdə ola biləcək xarici tələbələrin maksimum sayını qanunla müəyyənləşdirməyi planlaşdırır. Hazırda bu limitin konkret neçə faiz və ya neçə şagird olacağı açıqlanmayıb. Reuters-in məlumatına görə, İtaliya məktəblərində İtaliya vətəndaşlığı olmayan şagirdlər bütün şagirdlərin 11,6 faizini təşkil edir. Bu göstərici Fondazione ISMU-nun məlumatlarına əsaslanır.
Meloni bildirib ki, bir sinifdə italyan dilini bilməyən bir şagirdin olması onun müəllim və sinif yoldaşlarının köməyi ilə dil öyrənməsinə imkan verə bilər. Lakin dil bilməyən uşaqların sayı çoxaldıqda, bunun inteqrasiyanı çətinləşdirəcəyini deyib
Təkliflər arasında xarici şagirdlərin inteqrasiya ilə bağlı ciddi çətinlik yaşadığı hallarda onların valideynləri üçün italyan dili dərslərinin məcburi edilməsi də var.
Meloni bildirib ki, İtaliyada gələcək qurmaq istəyən şəxslər ölkənin dilini öyrənməli, mədəniyyətini anlamalı və qaydalara hörmət etməlidirlər.
Şəbnəm İbrahimxəlilova
Şərhlər