Yaşamaq üçün ən yaxşı şəhər müəyyənləşdirilib. Maraqlıdır ki, reytinqin ilk onluğunda yer alan şəhərlərin hamısı Avropadadır.
Qaynarinfo xəbər verir ki, "Numbeo"nun məlumatına görə, 303 şəhərin yer aldığı siyahıda həyat səviyyəsinə görə Niderland şəhərləri liderlik edir. Reytinqə 227,7 xalla Den Haaqa başçılıq edir. Onun ardınca Eyndhoven, Rotterdam və Utrext gəlir. Qroningen və Amsterdam da ilk onluğa daxil olub.
Beləliklə, ilk onluqdakı 6 yeri Niderland şəhərləri tutur.
5, 6 və 7-ci yerlərdə Belçikanın Gent şəhəri, Lüksemburq və Almaniyanın Ştutqart şəhəri qərarlaşıb. İlk onluğu isə İsveçin Göteborq şəhəri tamamlayır. Onlardan sonra 11-ci yerdə 205 xalla Vyana qərarlaşıb.
Siyahının sonuncu pillələrində Laqos, Dəkkə və Manila yerləşir.
Şəhərlər 8 meyar üzrə qiymətləndirilib. Bunlara aşağıdakılar daxildir:
* alıcılıq qabiliyyəti;
* təhlükəsizlik;
* səhiyyə;
* yaşayış xərcləri;
* mənzil qiymətlərinin gəlirlərə nisbəti;
* işə gedib-gəlmə müddəti;
* ətraf mühitin çirklənməsi;
* iqlim.
Analitiklər Den Haaqanın ilk pillədə qərarlaşmasını bir neçə əlverişli amillə izah ediblər. Bunlara yüksək alıcılıq qabiliyyəti, təhlükəsizlik və səhiyyə səviyyəsinin yüksək olması, çirklənmənin aşağı səviyyədə olması və işə gedib-gəlmə müddətinin təxminən 20 dəqiqə təşkil etməsi daxildir.
Aydın
Şərhlər