XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ağdam RİH subartezian quyularının təmirini bu şirkətə tapşırdı - 50 manat kapitalı var
Ekonomiks14:40 21.09.2026

Ağdam RİH subartezian quyularının təmirini bu şirkətə tapşırdı - 50 manat kapitalı var

Ağdam Rayon İcra Hakimiyyəti rayon ərazisində subartezian quyularının əsaslı təmiri işlərinin görülməsi ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Kəndahar” MMC seçilib.

Satınalma müqaviləsinin maliyyə dəyəri 190 000,06 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Kəndahar” MMC 17 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 50 manatdır. Hüquqi ünvanı Abşeron rayonu, Qobu qəsəbəsi, ev 42, mənzil 25-də yerləşir. MMC-nin qanuni təmsilçisi Paşayeva Mətanət Əlhəmpaşa qızıdır.

Şirkət barədə açıq internet resurslarında geniş məlumat yoxdur. Mətanət Paşayeva haqqında da açıq mənbələrdə hər hansı ətraflı məlumata rast gəlinmir.

“Kəndahar” MMC-nin adı bundan əvvəl də bir sıra dövlət satınalmalarının qalibi olub.

Şirkətin “tender kralı” kimi tanınan “Star Construction” MMC ilə əlaqəsi isə 2023-cü ildə Şirvan Şəhər İcra Hakimiyyətinin keçirdiyi satınalma müsabiqəsi zamanı diqqət çəkib.

Şirvan şəhərində yolların əsaslı təmiri ilə bağlı keçirilən satınalma müsabiqəsində “Kəndahar” MMC və “Star Construction” MMC iştirak edib. Daha sonra məlum olub ki, hər iki şirkət eyni hüquqi ünvanda yerləşir. Həmçinin bu iki şirkət arasında tender zamanı qiymət sövdələşməsi ortaya çıxıb. Ona görə də müsabiqənin nəticələri ləğv edilib.

“Kəndahar” MMC-nin dövlət qurumlarından aldığı sifarişlər isə bununla məhdudlaşmayıb. Şirkət fəaliyyətə başladığı 2023-cü ildən müxtəlif satınalma müsabiqələrində iştirak edib və bir sıra hallarda qalib seçilib.

Həmin dövrdə şirkətin adı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin keçirdiyi satınalmalarda da hallanıb.

Sonrakı illərdə də “Kəndahar” MMC ilə dövlət qurumları arasında iri məbləğli müqavilələr bağlanıb. Belə sifarişlərdən biri Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri ilə bağlı olub. Bu işlərin görülməsi üçün şirkətə 799 054,11 manat ödənilməsi nəzərdə tutulub.

Beləliklə, 2023-cü ildə yaradılan və cəmi 50 manat nizamnamə kapitalına malik olan şirkət qısa müddət ərzində müxtəlif dövlət qurumlarından milyon manata yaxın məbləğdə sifarişlər əldə edib. Şirkətin sonuncu dövlət sifarişlərindən biri isə Ağdam rayonunda subartezian quyularının əsaslı təmirinə aiddir.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovdur. O, icra başçısı vəzifəsinə 2018-ci ildə təyinat alıb.

Seyid