Xəbər lenti

Yataq otağını kondisionersiz 5 dəqiqəyə necə sərinlətmək olar?
Dünya 08:15 22.06.2026

Yataq otağını kondisionersiz 5 dəqiqəyə necə sərinlətmək olar?

Yay istisində gecə saatları da çox vaxt rahatlıq gətirmir. Otaqlarda yüksək temperatur qalır və bu səbəbdən yuxuya getmək çətinləşir. Adətən insanlar kondisioner və ya ventilyatordan istifadə edirlər. Lakin bu, elektrik enerjisi xərclərini artırır, əlavə səs yaradır və havanın keyfiyyətinə mənfi təsir göstərə bilər.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Ofeminin” nəşri yazır.

Böyük Britaniyanın "Best Heating” şirkətinin eksperti Con Loless isə daha büdcəli alternativ təklif edir — adi dəsmaldan istifadə olunan üsul.

"Sadəcə pəncərəni açın və qarşısından nəm dəsmal və ya soyuq suda isladılmış çarpayı örtüyü asın. Bu, otaqdakı temperaturu əhəmiyyətli dərəcədə aşağı sala bilər”, deyə mütəxəssis izah edib.

Bu üsulun əsasında havanın təbii buxarlanma yolu ilə soyudulması dayanır. İsti hava nəm parçadan keçərkən su buxarlanır və istilik enerjisinin bir hissəsini özünə çəkir. Nəticədə otağa daxil olan hava daha sərin olur.

Üsuldan düzgün istifadə qaydası

Mütəxəssislər aşağıdakı sadə addımlara əməl etməyi tövsiyə edirlər:

* Dəsmalı soyuq suda isladın və yaxşıca sıxın;
* Onu açıq pəncərənin yaxınlığında elə asın ki, hava parçanın içindən keçsin;
* İstəyə görə otağın qapısına da əlavə bir nəm dəsmal asmaq olar;
* Parça quruduqca onu yenidən isladın.

Bu üsul əlavə elektrik enerjisi sərf etmədən otaqdakı temperaturu müvəqqəti olaraq aşağı salmağa imkan verir. Güclü istilər zamanı daha rahat yuxuya getmək istəyənlər üçün sadə və praktik həll hesab olunur.

Aydın
--> -->