Dünya 15:53 27.09.2022

“Şimal axını” qaz kəmərini kim 100 metr dərinlikdə sıradan çıxarıb? - Rusiya özü, yoxsa...

Rusiyanın "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinə sualtı qayıqlar və ya xüsusi təlim keçmiş dalğıclar hücum etmiş ola bilər. 

Qaynarinfo xəbər verir ki, Rusiyadan Avropaya gedən əsas qaz marşrutunda baş verən qəzanın bu versiyasını Almaniyanın "Der Tagesspiegel” nəşri hadisənin təhqiqatına yaxın mənbələrə istinadən yayır. 

Rəsmi olaraq, Almaniya rəsmiləri insidentlə bağlı açıqlama vermir, kifayət qədər məlumatın olmadığını və təfərrüatları öyrənmək üçün suyun dibinə enməyin vacibliyini israr edirlər. Bununla belə, nəşrin mənbələri iki qaz kəmərinin birdən-birə zədələndiyinə dair təsadüfə inanmadıqlarını və artıq iki versiya üzərində işlədiklərini bildirirlər. Birincisi, boru kəmərlərini "Ukraynayönlü qüvvələr” partlada bilər. Mənbə qeyd edir ki, bu halda Rusiyanın Polşa və Ukraynadan keçən marşrutlarla qaz tədarük etməkdən başqa yolu qalmayacaq. İkinci versiya eyni səbəbə görə "yalançı bayraq altında Rusiya əməliyyatıdır”.

"Biz hədəflənmiş hücum olmayan bir senari təsəvvür edə bilmərik. Hər şey təsadüfün əleyhinə danışır ", - Almaniya hökumətindəki versiyalarla tanış olan mənbə deyir.

Mənbə onu da qeyd edir ki, belə bir əməliyyatın aparılması son dərəcə çətin işdir və bu işdə çox güman ki, xüsusi təyinatlılar və ya sualtı qayıq iştirak edib. Hadisə nəticəsində "Şimal axını 2” qaz kəmərinin bir xətti zədələnib (bu, həmin gün, sentyabrın 26-da məlum olub), sonradan "Şimal axını”nın hər iki xəttində təzyiq aşağı düşüb – beləliklə, Rusiyadan Avropaya gələn dörd boru xəttindən üçü zədələnib. Qaz kəmərləri Danimarkanın Bornholm adasının yaxınlığından təxminən 100 metr dərinlikdən keçir, yerli hakimiyyət bazar ertəsi qaz sızması qeydə alıb və gəmilərə ərazidən yan keçməyi tövsiyə edib.
Qaz kəmərlərinin istismarı ilə məşğul olan şirkətlərin nümayəndələri hələlik hadisənin təfərrüatlarını açıqlamayıb, halları aydınlaşdırmaqda davam etdiklərini qeyd ediblər. Bununla belə, Nord Stream AG "zərərin görünməmiş təbiətindən" danışıb və bərpa prosesinin uzun müddət çəkəcəyini etiraf edib.
 
Rusiya və Ukrayna tərəfləri təxribatla bağlı şübhələrə hələlik münasibət bildirməyib. Yayda Rusiya tərəfi öz hərəkətlərini kəmərin işlək vəziyyətdə saxlamağa imkan verməyən Qərbin sanksiyaları ilə əsaslandıraraq, "Şimal axını” ilə qaz axınını birtərəfli qaydada dayandırıb. Avropalı siyasətçilər Moskvanın Rusiyaya qarşı müharibədə Ukraynaya dəstəyi azaltmaq üçün sadəcə olaraq boru kəmərindən şantaj və hədə aləti kimi istifadə etdiyini iddia edirlər.

Nizami Bağırov