Azərbaycanda hazırkı dövrdə energetik içkilərdən istifadə
etmək, qəlyan çəkmək ürək-damar xəstəliklərinin cavanlaşmasının ən əsas səbəblərindən
biridir.
Bunu Trend-ə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya
İnstitutunun direktoru, tibb elmlər doktoru Gülnaz Dadaşova deyib.
Onun sözlərinə görə, əvvəllər infarkta, hipertoniyaya yaşı
45-50-dən çox olan insanlar arasında rast gəlinirdi: "Adətən, yaş amili ilə
əlaqədar 45 yaşdan sonra kişilərdə, 50 yaşdan sonra qadınlarda ürək-damar xəstəlikləri
olur. Ancaq indi 28-30 yaşlarında cavan oğlanlar hipertoniyadan əziyyət çəkirlər.
Hətta artıq 18 yaşlı oğlanlar da bizə təzyiqin yüksəlməsi şikayəti ilə müraciət
edirlər. Təəssüf ki, gənclər tərəfindən energetik içkilərin qəbulu, qəlyanın çəkilməsi,
onların qeyri-sağlam həyat tərzi keçirməsi ölkəmizdə ürək-damar xəstəliklərini
cavanlaşdırır".
İnstitut direktoru əlavə edib ki, əvvəllər yalnız alkoqollu
içkilərdən istifadə və siqaret çəkmə kimi zərərli vərdişlərin ürək-damar xəstəliklərinin
yaranmasına mənfi təsir göstərdiyi qeyd edildiyi halda, indi bu xəstəliyin
yaranmasına və inkişafına şərait yaradan amillərin sayı dəfələrlə artıb:
"Neqativ informasiya verən televiziya verilişlərinin,
qorxu filmlərinin də ürək-damar xəstəliklərinin inkişafına çox böyük təsiri
var. Məsələn, xəstəxanadan evə gedən ərəfədə belə verilişlərə baxan infarkt
olmuş xəstələrimiz arasında təkrar infarkt olanlar olub. Yaşlıların, uşaqların,
ürəyi xəstə olan insanların belə verilişlərə baxması düzgün deyil. Bu barədə
insanlara daha geniş məlumat verilməlidir ki, onlar risk amillərini bilsinlər".
G.Dadaşova əlavə edib ki, energetik içkilərin tərkibində
kofeindən başqa, insanın sinir sisteminə olduqca mənfi təsir edən toksiki maddələr,
konservantlar var:
"Həmin maddələr insanlarda təzyiqi yüksəldir. Bu da öz
növbəsində hipertoniyası olan insanların sayını artırır. Tələbələr arasında
stres faktoru daha çox olduğuna görə hipertonik gənclərin sayı getdikcə artır.
Biz xəstə olmaq istəmiriksə, təbiətə daha yaxın olmalı, təbii qidalar və içkilər
qəbul etməliyik. Bununla yanaşı, insanlar ildə heç olmasa, bir dəfə kardioloq
müayinəsindən keçməlidirlər".
Şərhlər