Ekonomiks 13:56 09.02.2021

İnternat məktəbi kanalizasiya xidmətini yeni yaranan şirkətə verdi (FOTO)

Bakının Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2№-li ümumi orta internat məktəbi çirkab suların daşınması ilə bağlı Qarant-Com MMC ilə müqavilə bağlayıb.

Qaynarinfo xəbər verir ki, kotirovka sorğusu əsasında imzalanan müqavilənin məbləği 7290 manat olub.
 
İnternat məktəbindən kanalizasiya sisteminin olub-olmaması və 3 ay əvvəl yaranan şirkətlə hansı səbəbdən müqavilə imzalandığını öyrənmək istəsək də, direktorun məşğul olduğunu deyib, suallarımıza cavab vermədilər.

Ötən ilin aprelin 14-də adıçəkilən internat məktəbi çirkab suların daşınması ilə bağlı satınalma müqaviləsi imzalayıb. Santorq MMC imzalanan müqavilənin qiyməti də 7290 manat olub.  Şirkətin daha əvvəlki illərdə çirkab suların daşınması ilə bağlı hansı şirkətlərlə müqavilə bağlaması barədə açıq informasiya mənbələrində hər hansı bir məlumat yoxdur.
 
 

Qeyd edək ki, bu il müqavilə imzalanan Qarant-Com MMC ötən ilin noyabr ayının 26-da yaradılıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüququ ünvanı Bakı şəhəri, Xətai rayonu, Qafqaz, ev 1A-dır. 
 
 

Maraqlıdır ki, ötən il də internat məktəbinin kanalizasiya sularının daşınmasını həyata keçirən şirkət də müqavilə imzalanan müddətdən təxminən 1 il əvvəl yaradılmışdı. Yəni, 2019-cu ilin martın 5-də. Bu şirkətin nizamnamə kapitalı 5 manat təşkil edir. 
 
 

Göründüyü kimi, internat məktəbi 3 aylıq şirkətlə müqavilə bağlamaqla satınalmalar haqqında mövcud qanunvericiliyə əməl etməyib.

Orxan Əhmədli