
Sosial Xidmətlər Agentliyi fiziki şəxs Natiq Hüseyn oğlu Əlisoyla yeni satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, qurum Astara rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün 74 mənzil almaq istəyir.
Buna görə sahibkara 3 428 932 manat ödəniləcək.
Natiq Əlisoyun adı dövlət satınalmalarında ilk dəfə deyil ki, milyonluq məbləğlərlə gündəmə gəlir. Ötən il dərc olunan məlumatlara nəzər saldıqda onun həm fiziki şəxs kimi, həm də rəhbəri olduğu “Gulay-Food” MMC vasitəsilə müxtəlif dövlət sifarişləri qazandığı görünür. Həmin məlumatlarda Natiq Əlisoyun fiziki şəxs kimi qazandığı tenderlərin ümumi dəyərinin 15 milyon 193 min 80 manat olduğu bildirilir. Onun qanuni təmsilçisi olduğu “Gulay-Food” MMC-nin tenderlərinin ümumi məbləği isə 6 milyon 164 min 881 manat təşkil edib.
Göstərilən rəqəmlər əsasında hesabladıqda, fiziki şəxs Natiq Əlisoyun və onun təmsil etdiyi şirkətin tenderlərinin ümumi dəyəri 21 357 961 manata çatır.
İndi Astara rayonunda mənzil alınması üçün nəzərdə tutulan 3 428 932 manatlıq yeni sifariş də bu məbləğə əlavə edilərsə, ümumi rəqəm 24 786 893 manata yüksəlir.
Beləliklə, 2022-ci ildən bəri qeydə alınan satınalmalar və yeni sifariş birlikdə hesablandıqda, məbləğ 25 milyon manata yaxınlaşır.
Ən iri sifarişlər mənzil satınalmaları ilə bağlıdır
Natiq Əlisoyun fiziki şəxs kimi qazandığı ən iri tenderlərdən birinin əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzillərin satın alınması ilə bağlı olduğu qeyd edilirdi.
23 avqust 2023-cü ildə bağlanmış 8 milyon 149 min 930 manatlıq müqavilə Bakı, Gəncə, Mingəçevir və Şəki şəhərlərində, eləcə də bir sıra rayonlarda mənzillərin alınmasını əhatə edib.
Bundan başqa, 30 dekabr 2023-cü ildə eyni məqsədlə 1 milyon 554 min 240 manatlıq müqavilə də bağlanıb. Əlisoyun əvvəlki tenderləri arasında 2022-ci ildə imzalanmış 3 milyon 291 min 150 manatlıq mənzil satınalması da yer alır.
1 manatlıq şirkət və milyonluq tenderlər
Natiq Əlisoyun dövlət satınalmalarındakı fəaliyyəti təkcə fiziki şəxs kimi qazandığı sifarişlərlə məhdudlaşmır. O, 2016-cı ildə yaradılmış “Gulay-Food” MMC-nin qanuni təmsilçisi kimi də tanınır. Ötən il dərc olunan araşdırmada şirkətin nizamnamə kapitalının cəmi 1 manat olduğu bildirilirdi.
Buna baxmayaraq, şirkət milyonlarla manatlıq dövlət sifarişləri qazanıb. “Gulay-Food” MMC 2024-cü ildə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının naharla təmin edilməsi üzrə 6 milyon 120 min 881 manatlıq tenderin qalibi olub. Satınalma çərçivəsində 583 min yemək porsiyasının nəzərdə tutulduğu qeyd edilib.
Şirkət 2023-cü ilin noyabrında eyni istiqamətdə 12 min 250 porsiya naharın təmin edilməsi üçün 43 min 365 manatlıq sifariş də qazanıb. Beləliklə, şirkətin göstərilən tenderlərinin ümumi dəyəri 6 milyon 164 min 881 manat təşkil edib.
Təkrar sifarişlər şəffaflıq məsələsini gündəmə gətirir
Əlisoyun və onun təmsil etdiyi şirkətin 2022-ci ildən bəri qazandığı tenderlərin ümumi dəyərinin 25 milyon manata yaxınlaşması dövlət satınalmalarının şəffaflığı və rəqabət mühiti baxımından diqqət çəkir. Xüsusilə mənzil satınalmalarının eyni şəxsə təkrar həvalə olunması müqavilələrin şərtləri, mənzillərin qiymətləndirilməsi və satınalmaların nəticələri ilə bağlı sənədlərin araşdırılmasını aktuallaşdırır.
Seyid
Şərhlər