XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kişi kollektivində işləmək qadınlarda səhv etmək qorxusunu artırır
Dünya09:35 10.10.2026

Kişi kollektivində işləmək qadınlarda səhv etmək qorxusunu artırır

London İqtisadiyyat Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, əsasən kişilərdən ibarət kollektivdə işləmək qadınların öz səhvlərinə daha kəskin reaksiya verməsinə və onları etiraf etməkdən çəkinməsinə səbəb olur.

Qaynarinfo xəbər verir ki, Britaniyanın maliyyə şirkətlərinin əməkdaşları arasında aparılan araşdırmanın nəticələri "Frontiers in Organizational Psychology" elmi jurnalında dərc olunub.

Sorğuda Böyük Britaniyanın maliyyə sektorunda çalışan 1400-dən çox mütəxəssis iştirak edib. Alimlər əməkdaşlardan səhvlərini etiraf etməyin onlar üçün nə dərəcədə rahat olduğunu, buna görə cəza gözləyib-gözləmədiklərini və səhvləri öyrənmək üçün imkan hesab edib-etmədiklərini soruşublar.

Məlum olub ki, əməkdaşların 75 faizindən çoxunun kişi olduğu komandalarda qadınlar özlərini daha inamsız hiss edirlər. Onların səhvləri etiraf edərkən rahatlıq səviyyəsi yeddi ballıq şkala üzrə 5,46 bal təşkil edib. Kişilərdə isə bu göstərici 5,94 bal olub. Bundan əlavə, qadınlar uğursuzluqları faydalı təcrübə kimi daha az qiymətləndiriblər – müvafiq olaraq 4,20 və 4,54 bal.

Komandada qadın əməkdaşlar üstünlük təşkil etdikdə isə bu fərq tamamilə aradan qalxıb.

Bununla yanaşı, alimlər səhvə görə rəsmi cəza gözləntisində gender fərqi aşkar etməyiblər. İşçilərin hamısı mümkün rəsmi nəticələri eyni şəkildə qəbul edib. Lakin qadınlar kişi kollektivində qeyri-rəsmi qınaqdan və peşəkarlıqlarına qarşı qərəzli münasibətdən daha çox ehtiyat ediblər.

Kişilərin səhvlərə münasibəti isə həmkarlarının gender tərkibindən demək olar ki, asılı olmayıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, belə iş mühiti qadın əməkdaşların karyera inkişafına mənfi təsir göstərə bilər. Qadınlar işlərini həddindən artıq təkrar yoxlamağa və riskli layihələrdən uzaq durmağa başlayırlar ki, bu da onların peşəkar inkişafını ləngidir.

Tədqiqatın müəllifləri rəhbərlərə, xüsusilə kişi əməkdaşların üstünlük təşkil etdiyi kollektivlərdə, öyrənmək üçün təhlükəsiz mühit yaratmaq məqsədilə öz səhvləri barədə açıq danışmağı tövsiyə edirlər.

Aydın