XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Fərqli uşaqları düzəltməyə çalışmayın, sevin!" -Psixoloq Nuranə Məmmədova (VİDEO ANONS)
Ölkə10:00 08.10.2026

"Fərqli uşaqları düzəltməyə çalışmayın, sevin!" -Psixoloq Nuranə Məmmədova (VİDEO ANONS)

Qaynarinfo-nun "Bir Plus" layihəsində Çinarə Ömrayın təqdimatında fərqli uşaqlar, inklüziv cəmiyyət və ailədaxili münasibətlər mövzusu müzakirə olunub. Verilişin qonağı psixoloq Nuranə Məmmədova olub.

Psixoloq bildirib ki, cəmiyyətdə standartlara uyğun gəlməyən insanları dərhal dəyişdirməyə çalışmaq heç vaxt müsbət effekt vermir: "Dəyişmək istəyənin niyyəti yaxşı deyil, çünki dəyişmək yox, sevmək lazımdır. Sevilən hər bir şey gül açır. Uşağın fərqliliyinin qabağını kəsmək yox, onu arx kimi açmaq lazımdır. Kəsməklə və tökməklə nəticə əldə olunmur".

İnklüziv və fərqli uşaqların ailələrində yaşanan gərginliklərə toxunan Nuranə Məmmədova anaların keçirdiyi daimi təşvişin uşaqlara mənfi təsir göstərdiyini vurğulayıb: "Valideyn sakitləşmədən uşaq nəticə ala bilməz. Anaların panikası dayananda bəşərdə bir sakitlik olacaq. Stresli və panikalı şəkildə uşağa xidmət etmək ona ikiqat zərər vurmaqdır. Biz elə bilirik ki, o uşaqlar bizim kimi hiss edir. Əslində, onlar hal olaraq bizdən azaddırlar".

Ailələrdə uşağın problemi olduqda ilk olaraq qadının qınanması məsələsinə münasibət bildirən mütəxəssis, cəmiyyətdə anaya qarşı fərqli gözləntilərin olduğunu qeyd edib: "Zahirən bu, problemdən qaçmaq kimi görünür. Amma alt qatda ananın hər şeyə qadir olması düşüncəsi dayanır. İnsanlar elə bilir ki, ana istəsə hər şeyi düzəldə bilər. Lakin bu yanaşma ananı daha da yorğun salır və əziyyətini artırır".

Nuranə Məmmədova fərqli övlad böyüdən valideynlərə müraciət edərək ruhdan düşməməyi və uşaqları ilə aralarındakı təbii bağı qorumağı tövsiyə edib: "Sizin uşaqlarınız dünyadakı çirkinliklərdən xəbərsiz, ən təmiz uşaqlardır. Min mütəxəssis də olsa, ananın bir toxunuşu bir illik məşğələdən daha faydalıdır. Çünki əsas enerji bağı ana ilə bala arasındadır".

Verilişin tam versiyası cümə günü, saat 20:00-da Qaynarinfo-nun youtub kanalı - Qaynar TV-də yayımlanacaq.