
GeForce RTX 5090 videokartının istehsal dövrü, görünür, başa çatmaq üzrədir. MEGAsizeGPU insayderinin bildirdiyinə görə, bu videokart üçün GB202 qrafik prosessorlarının yeni tədarükü artıq planlaşdırılmır. Gələcəkdə istehsal ediləcək bütün çiplər yalnız RTX Pro seriyası üçün nəzərdə tutulacaq.
Qaynarinfo xəbər verir ki, məlumat təsdiqlənərsə, bu, “Nvidia” şirkətinin Çin bazarı üçün nəzərdə tutulan D versiyaları da daxil olmaqla, RTX 5090 modelinin istehsalından faktiki olaraq imtina etməsi demək olacaq. Videokart onsuz da qıtlıq yaşayır və qiyməti 5 000 dollar həddinə yaxınlaşıb. Yeni qrafik prosessorlarının tədarükünün dayandırılması flaqman modelin qiymətini daha da artıra bilər.
Mənbələrin məlumatına görə, “Nvidia” GeForce RTX 5090 əvəzinə 24 GB yaddaşa malik RTX 5080 modelini təqdim etməyi planlaşdırır. Bu videokart şirkətin seriyasında istehlakçılar üçün nəzərdə tutulan ən güclü model olacaq. 16 GB yaddaşlı RTX 5080 versiyasının istehsalından isə imtina ediləcək.
Bundan əvvəl GeForce RTX 5070 Ti modelinin istehsal həcminin də azaldıla biləcəyi barədə məlumat yayılmışdı. Bununla belə, “Nvidia”nın həmin videokartın istehsalını tamamilə dayandırmaq, yoxsa yalnız istehsal həcmini azaltmaq və istehsal gücünü digər modellərə yönəltmək niyyətində olduğu hələ məlum deyil.
Ehtimal olunur ki, “Nvidia” ilin sonunadək təqdim edilməsi gözlənilən RTX 5080 Super, RTX 5070 Ti Super və RTX 5070 Super modellərinin istehsalı üçün resursları yenidən bölüşdürməyi planlaşdırır.
Qeyd edək ki, daha əvvəl Avropada GeForce RTX 5090 videokartının ən ucuz versiyasının qiymətinin 5 000 avronu keçdiyi bildirilmişdi. Bəzi modellərin qiyməti isə artıq 5 500 avroya yaxınlaşıb.
“Steam” platforması istifadəçiləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, 2026-cı ilin payızında ən populyar oyun kompüteri konfiqurasiyasını da açıqlayıb. Ən populyar videokart adına isə gözlənilmədən GeForce RTX 5070 layiq görülüb.
Aydın
Şərhlər