
Gürcüstanın mədəniyyət naziri Maya Bitadze nazirlik sisteminə daxil olan dövlət teatrlarının rəhbərləri və nümayəndələri ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, görüşdə Heydər Əliyev adına Tbilisi Azərbaycan Peşəkar Dövlət Dram Teatrının nümayəndəsi də iştirak edib.
Tədbirdə dövlət teatrlarının nümayəndələri sahənin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla maddi-texniki bazanın yenilənməsi, həmçinin inzibati və infrastruktur istiqamətində mövcud olan çətinlikləri müzakirə ediblər. Xüsusilə teatrlarda texniki peşələr üzrə kadr çatışmazlığının vacib problemlərdən biri olduğu qeyd edilib və bu istiqamətdə təxirəsalınmaz həll yollarının tapılmasının zəruriliyi vurğulanıb.
Nazir Maya Bitadze sektorun gələcək inkişafı üçün ümumi vizyonun formalaşdırılmasının vacibliyini qeyd edərək, Nazirliyin teatr sektorunu hərtərəfli dəstəkləmək üçün daha çevik mexanizmlər üzərində işlədiyini diqqətə çatdırıb.
Nazirlikdən verilən məlumata görə, Gürcüstanın 2027-ci il üçün dövlət büdcəsinin ilkin layihəsində Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılıb.
Teatra ayrılan ümumi vəsait 422 200 lari (təqribən 276 000 manat) təşkil edir. Bu rəqəm əvvəlki ilin (2026-cı il) göstəricisi ilə müqayisədə 45 200 lari çoxdur.
Maliyyələşdirmənin bölgüsünə əsasən, vəsaitin 39 400 larisi birbaşa əməkhaqlarının ödənilməsinə, qalan 1 000 larisi isə digər xərclərin qarşılanmasına yönəldiləcək.
Eyni zamanda, qanunvericilik çərçivəsində göstəriləcək xidmətlərdən teatra əlavə olaraq 30 800 lari gəlir əldə etmək hüququ tanınır.(AzərTac)