Xəbər lenti

Bundesbank Aİ-də borc böhranı riski barədə xəbərdarlıq etdi
Dünya16:55 10.10.2026

Bundesbank Aİ-də borc böhranı riski barədə xəbərdarlıq etdi

Qaynarinfo-nu Google-da seçilmiş mənbə edinGoogle-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə ilk görünsünƏlavə et

Avropada istiqrazların kütləvi satışa çıxarılması fonunda borc böhranı riskləri kəskin artıb. Bu proses investorların dövlət borcunun artması ilə bağlı narahatlığını və hökumətlərin borc yükünü nəzarətdə saxlamaq qabiliyyətinə dair şübhələrini əks etdirir. Almaniya Bundesbankının rəhbər şəxslərindən biri belə bir açıqlama verib.

Qayanrinfo xəbər verir ki, onun sözlərini “Bloomberg” agentliyi yayıb.

Avropa istiqrazlarının son satış dalğası investorların hökumətlərin borc yükünü məhdudlaşdırmaq imkanlarına getdikcə daha çox şübhə ilə yanaşdığını göstərən “aydın xəbərdarlıq siqnalı” olub. Bundesbank nümayəndəsinin qiymətləndirməsinə görə, Avropada borc böhranı riskləri əhəmiyyətli dərəcədə artıb.

Maliyyə bazarlarında xüsusilə Fransadakı vəziyyət narahatlıq doğurur. Ölkədə yüksək dövlət borcu siyasi gələcəklə bağlı qeyri-müəyyənliklə müşayiət olunur. 2026-cı ilin yekunlarına görə, Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi “G10” ölkələri arasında ən pis dinamika nümayiş etdirib. Almaniya və Fransa dövlət istiqrazlarının gəlirliliyi arasındakı fərq isə avrozonada borc böhranının yaşandığı 2012-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Fransanın dövlət borcu ilə bağlı təzyiqlər artıq avronun məzənnəsinə də təsir göstərir. Avropa valyutası 2025-ci ildən bəri ən aşağı səviyyəyə enib. Rəy sorğularında liderlik edən Fransanın prezidentliyə namizədi Marin Le Pen milli borcun məhdudlaşdırılmasına dair yeni planlarla maliyyə bazarlarını sakitləşdirməyə çalışır. Lakin indiyədək bu addımlar investorları inandıra bilməyib.

Bu fonda mərkəzi banklar qızıl ehtiyatlarını artırmaqda davam edirlər. Avqust ayında onlar ümumilikdə 39 ton qızıl alıblar. Ən böyük alıcı Çin olub. Ölkənin mərkəzi bank sistemi bununla da ardıcıl 23-cü ay qızıl alışını davam etdirib.

Bundesbankın prezidenti Yoahim Nagel İtaliyanın Sorrento şəhərində London Qiymətli Metallar Bazarı Assosiasiyasının konfransında çıxış edərək bildirib ki, dövlət borcunun artması dövlət istiqrazlarının kredit etibarlılığına dair şübhələri gücləndirir.

“Bütün amillər birlikdə qiymətləndirildikdə, mərkəzi bankların ehtiyatlarını qızıl hesabına daha da diversifikasiya etməsinin lehinə olan arqumentlər əhəmiyyətli olaraq qalır”, deyə Nagel bildirib.

Onun sözlərinə görə, geosiyasi risklər ehtiyatların idarə olunmasında mühüm rol oynamağa davam edəcək. İstiqrazların yüksək gəlirliliyi isə onları yalnız müəyyən dərəcədə cəlbedici edir.

Konfrans iştirakçıları qızılın qiymətinin bir ildən sonra bir troya unsiyası üçün təxminən 5 013 dollara, gümüşün qiymətinin isə 94,7 dollara çatacağını gözləyirlər.

Aydın