Dünya 11:20 04.06.2022

İrəvanda yenə ara qarışdı: Paşinyan Hökumət binasından çıxa bilmədi (VİDEO)

İrəvanda müxalifətin itaətsizlik aksiyaları yenidən başlayıb.

Qaynarinfo bu barədə Azadlıq radiosunun Ermənistan bürosuna istinadla xəbər verir.

Dünən "Müqavimət” hərəkatının Ermənistan parlamentinə doğru yürüş etmək cəhdlərinin qarşısını almaq və Paşinyanı qorumaq üçün polis qüvvələri qalxan və dəbilqə ilə sipər düzəldib.

Nikol Paşinyanın isə hökumət binasından çıxmaq cəhdləri baş tutmayıb. Aksiyanın qarşısını almaq məqsədi ilə dəbilqəli və qalxanlı xüsusi təyinatlı Polis qüvvələri səhər saatlarından İrəvanda əsas yolları və körpüləri betonqarışdıran maşınlar və yük maşınları ilə bağlayıblar.

Buna baxmayaraq, aksiya iştirakçıları yürüşlərini davam etdikləri zaman polislə nümayişçilər arasında toqquşma olub. Polis etirazçıları saxlamağa başlayıb.
Xatırladaq ki, "Müqavimət” hərəkatının üzvləri baş nazirin Hökumət Yay Evinə gəlmədiyindən xəbər tutandan sonra hökumət binasının bütün girişlərini bağlayıb. 
Daha sonra aksiya iştirakçıları Hökumətin bağ evinin qarşısına yürüş edib və Dəmirçyan-Paronyan küçəsində vəziyyət daha da gərginləşib. Həmin ərazidə çoxlu sayda polis qüvvələri, o cümlədən dəbilqəli və qalxanlı xüsusi dəstələr cəmləşib. Polis xüsusi tədbirlərdən, xüsusən də səsli qumbaraatanlardan istifadə edib. İstifadə olunan səsli və bibərli qumbaralardan etirazçıların vəziyyəti pisləşib. Tələblərə tabe olmayan xeyli aksiya iştirakçısı Polis qüvvələri tərəfindən saxlanılıb.

Telman