İspaniya milli futbol komandası rəsmi oyunlarda məğlubiyyətsiz seriyanın uzunluğuna görə yeni dünya rekordu müəyyənləşdirib.
Qaynarinfo xəbər verir ki, komanda ardıcıl 34 rəsmi qarşılaşmada məğlub olmayaraq bu göstərici üzrə Braziliyaya məxsus əvvəlki rekordu geridə qoyub. Braziliya millisi 1993–1998-ci illər arasında keçirdiyi 33 rəsmi oyunda uduzmamışdı.
İspaniya sonuncu dəfə 2023-cü il martın 28-də AVRO-2024-ün seçmə mərhələsində Şotlandiyaya 0:2 hesabı ilə məğlub olub. Həmin qarşılaşmadan sonra komanda 27 qələbə qazanıb və 7 oyunda heç-heçə edib.
Üç ildən artıq davam edən bu uğurlu seriya ərzində İspaniya yığması AVRO-2024-ün qalibi olub, həmçinin hazırda keçirilən dünya çempionatının qrup mərhələsini də inamla başa vurub.
İspaniya dünya çempionatının H qrupunun üçüncü turunda Uruqvayı 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu ilk hissənin sonlarında Aleks Baena vurub.
Futbol üzrə dünya çempionatı iyunun 11-də ABŞ, Meksika və Kanadada start götürüb və iyulun 19-dək davam edəcək. Turnirin son qalibi 2022-ci il finalında Fransanı məğlub edən Argentina millisidir.
Aydın
Şərhlər