Xəbər lenti

İtaliyada daha bir şəhər 1 avroya ev satır
Ekonomiks 22:17 30.11.2019

İtaliyada daha bir şəhər 1 avroya ev satır

İtaliyada əhali sayının azalmasına qarşı mübarizə üçün daha bir ev 1 avroya satılır. Siciliya adasındakı Bivona şəhərində sahibsiz bir ev təmir ediləcəyi ilə bağlı öhdəlik qarşılığında 1 avroya satılır.

Son aylarda İtaliyada əhalisinin sayının azaldığına görə yox olma təhlükəsi ilə üzləşmiş şəhərlərdə bir çox evlər 1 avrodan başlayaraq satışa çıxarılır.

Bütün dünyada bu təşəbbüsə marağın böyük olduğuna görə, "1 avroluq ev" layihəsində iştirak edənlərin sayı artır.

1 avroluq ev layihəsinin sonuncu iştirakçısı isə Siciliya adasında əhalisinin sayı təxminən 3800 nəfər olan Bivona şəhəridir.

Bivonada gənclər iş çatışmazlığı ucbatından böyük şəhərlərə üz tuturlar. Beləliklə, son 40 ildə şəhər əhalisinin sayı yarıbayarı azalıb.

Şəhər bələdiyyəsi satışa çıxarılacaq evlər haqqında məlumatı öz saytında dərc edəcək.

1 avroluq evi almaq üçün 2500 avro depozit yatırmaq və evdə geniş təmir işləri aparmaq lazımdır.

Evləri alan şəxlər təmirlə bağlı layihəni 3 ay içində təqdim etməli və təmir işlərini 3 il ərzində başa vurmalıdırlar. Əks halda onlar depoziti itirəcəklər.

Bivonadakı evlərdən yaşayış və ya biznes məqsədilə istifadə edilə bilər.

1 avroya satılmış bəzi evlərin ciddi və bahalı təmirə ehtiyacı var. Bivona bələdiyyəsi həmçinin daha yaxşı vəziyyətdə olan evləri 1000-1500 avro arasında satmağı planlaşdırır.

Siciliya adasındakı Kammarata şəhər bələdiyyəsi isə "pulsuz evlər" kampaniyasına görə tanınır. Bu şəhərdə təxminən 6100 insan yaşayır.

Burada "pulsuz evləri" almaq üçün 5000 avro depozit ödəmək və evin təmiri ilə bağlı layihə təqdim etmək lazımdır.

Şəhər rəhbərliyi əhalinin sayını artırmaq üçün üstünlüyü uşaqlı ailələrə verir. Azyaşlı uşaqları olan ailələrə isə 1000 avro bonus təklif edilir.

Mənbə: BBC

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->