Xəbər lenti

Siyasət 16:03 08.10.2024

"Jerusalem Post": "İlham Əliyevin sayəsində Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır"

İsraildə nəşr olunan dünyaca nüfuzlu "Jerusalem Post" nəşri Azərbaycan yəhudilərinin 7 oktyabr 2023-cü tarixli hadisə ilə bağlı keçirdikləri  tədbirdən yazıb.

Qaynarinfo yazını təqdim edir:

"Bu gün səhər Azərbaycanın paytaxtı Bakı şəhərindəki yəhudi məktəbində oktyabrın 7-də yəhudi xalqının başına gətirilən faciəli fəlakətin 1 illiyinə həsr olunmuş anım mərasimi keçirilib. İsrailə sarsılmaz və qeyd-şərtsiz dəstəyi ilə tanınan müsəlman ölkəsi Azərbaycanda keçirilən müstəsna tədbirdə məktəbin şagirdləri, icma ravvinləri və digər yerli rəhbərlər iştirak ediblər. Düz bir il əvvəl baş vermiş faciə qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə ürəkdən dualar oxunub, duyğulu ruhlandırıcı sözlər söylənib. 

Bakıdakı Sefarad-Gürcü icmasının ravvini Zamir İsayev təsirli çıxış edərək dünya yəhudiləri arasında güclü birlik hissini və Azərbaycan ilə İsrail arasında sıx əlaqəni vurğulayıb. O, həmçinin gənc nəslin yəhudi xalqının yaşadığı ağrılı hadisələri xatırlamaq və belə faciələrin bir daha təkrarlanmamasını təmin etmək üçün maarifləndirilməsinin vacibliyini vurğulayıb.
 


"Dünyanın harasında olmasından asılı olmayaraq, hər bir yəhudi böyük bir ailənin üzvüdür" dryən ravvin İsayev əlavə edib: 

"Azərbaycan yəhudiləri həmişə müqəddəs torpaqlarımıza, İsrail Dövlətinə sıx bağlı olublar. Bir il əvvəl minlərlə HƏMAS terrorçusunun yəhudiləri vəhşicəsinə qətlə yetirdiyi zaman baş verənləri vurğulamaq və uşaqlarımıza, gələcək nəsillərə öyrətmək bizim üçün vacibdir. Sırf onlar yəhudi olduqları üçün biz əlimizdən gələni etməliyik ki, belə fəlakətlər heç vaxt təkrarlanmasın"

"Bundan əlavə, etiraf etməliyik ki, biz Azərbaycan yəhudiləri bütün xalqlara, o cümlədən yəhudi xalqına qarşı tolerantlıq mühiti yaradan Prezident İlham Əliyevin sayəsində burada sülh və əmin-amanlıq şəraitində yaşayırıq. Azərbaycan sakinləri burada böyük bir ailə kimi yaşayırlar", deyə o qeyd edib.
 


Qeyd edək ki, bu tədbir təkcə yəhudi məktəbi çərçivəsində deyil, həm də Azərbaycandakı yəhudi icmasının 7 oktyabr faciəsi qurbanlarının xatirəsini yad etmək üçün həyata keçirdiyi geniş səylərin bir hissəsi idi. Ravvin İsayev Azərbaycanda faciədən sonra yaranan ab-havanı təsvir edərək deyib: 

"Siz bunu düz bir il əvvəl müharibə başlayanda gördünüz. Oktyabrın 7-dən sonra iki mindən çox insan İsrailin Bakıdakı səfirliyinin divarlarına gül və uşaq oyuncaqları gətirib. Bu yer qırğın qurbanlarının xatirəsinə çevrilmişdi".

Ravvin İsayev yerli müsəlman əhali ilə yəhudi icması arasındakı bənzərsiz münasibətdən də danışıb: 

 
"Yerli müsəlmanların yəhudilərə münasibəti onların bizə olan hörmətini nümayiş etdirir. Yeni il xeyir-dualarından əlavə, bu gün də yerli müsəlmanlardan mənə mesajlar, başsağlığı və telefon zəngləri gəlir".
 

Yəhudi məktəbindəki mərasimlə yanaşı, bu gün İsrailin Bakıdakı səfirliyində icma liderləri, ravvinlər, Azərbaycan xarici işlər nazirinin müavini və BƏƏ-dən olan səfir də daxil olmaqla 20 səfirin iştirak etdiyi əlamətdar toplantı keçirilib. Səfirlik tədbirində həlak olanların xatirəsinə "Kaddiş” duası oxunub, ehtiram və anım əlaməti olaraq əklillər qoyulub.
 


Bu anım günü təkcə itkin düşənlərin xatirəsini ehtiramla yad etməyə xidmət etmir, həm də Azərbaycandakı yəhudi icmasının yerli əhalidən və liderlərdən aldığı birlik, güc və dəstəyi vurğulayır".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->