"Sabah”ın Avropa Liqasında mübarizəyə başlamasıyla Azərbaycan futboluna könül verən azarkeşlərin həsrəti bitdi.
Düzdür, bu start elə də uğurlu alınmadı. Təmsilçimiz ilk mərhələdəcə məğlub olub, yolunu UEFA Konfrans Liqasına doğru istiqamətləndirdi. Bir növ belə gedişata hazır olduğumuzdan çox da təəccüblənib, təəssüflənmədik. Bilirdik ki, hər il iki dəfə məşqçi dəyişən klubun belə bir ciddi sınaqda uğur qazanmaq şansı çox azdır. Ona görə də baş verənləri təbii qarşıladıq. İllər boyu vərdiş etmişik ki, "Qarabağ”dan savayı digər təmsilçilərimiz avrokuboklarda üzümüzü qara edir, ilk ciddi rəqiblə qarşılaşan kimi "ağ bayraq” qaldırırlar.
Hər dəfə təkrarladığımız bir həqiqət var. Həmin həqiqət də ondan ibarətdir ki, Azərbaycan futbolunun inkişafını, klublarımızın avrokuboklarda davamlı uğur qazanmasını istəyiriksə, Azərbaycan Premyer Liqasının səviyyəsi yüksəlməlidir. Təəssüflər olsun ki, uzun illər boyu AFFA-nın əvvəlki rəhbərliyi ölkə futboluna ağır zərbələr vurub, sağalmaz yaralara yol açıb. Çempionatın adını Premyer Liqa qoyublar, amma iştirakçılarının sayını ildən-ilə azaltmaqla faktiki Bakının açıq birinciliyini keçiriblər. Elita təmsilçiləri futbol ənənələri olan bölgələrimizi yox, Bakının qəsəbələrini təmsil edib. Şüvəlan komandası Zirəyə qonaq gedib, Masazırınkı Bayıla. Uzun müddət özümüzü bu cür aldatmışıq. "Böyük futbol”a həsrət qalan əyalətlərdəki olan-qalan struktur da dağılıb, azyaşlılar futbol həyacanının dadını televiziya ekranlarında "Real”ı, "Barselona”nı, "Qalatasaray”ı izləməklə yaşayıblar. Belədə hansı inkişafdan, hansı kütləvilikdən danışmaq olar?!
AFFA-da rəhbərlik dəyişəndən sonra ümidlərimiz cücərməyə başladı. Düşündük ki, onlar əvvəlki rəhbərliyin səhvlərini təkrarlamayacaq, əksinə, buraxılan səhvləri aradan qaldıracaqlar. Təəssüflər olsun ki, indiki halda köklü dəyişikliklərdən danışmağımız mümkün deyil. Atılan addımlar, verilən qərarlar daha çox yalançı təbliğata hesablanıb, pafosdan o tərəfə keçmir. Belə ki, AFFA İcraiyyə Komitəsi toplandı və Premyer Liqa iştirakçılarının sayının on ikiyə çatdırılması barədə qərar verdi.
Deməli, elitada bölgə təmsilçilərinin sayı artacaq, ənənələri ilə öyünən bölgələrimizdə yenidən "böyük futbol”un nəfəsi hiss ediləcəkdi. "Səbail”in turnir cədvəlində sonuncu olmasıyla "Qəbələ” yenidən elitaya yüksəldi ki, bunun özü sevindirici xəbər idi. Say artırımı isə "Karvan”la "İmişli”nin sayəsində baş tutdu. Bu isə o demək idi ki, yeni mövsümdən birdən-birə üç əyalət komandası elitadakı mübarizəyə rəng qatmalıdı. Hər halda biz belə düşünürdük.
Deyir sən saydığını say, gör AFFA ilə klublarımız nə sayır. Legioner limitini ləğv edən AFFA bununla yerli futbolçuların önünü kəsdi, yararsız legionerlərin ölkəmizə ayaq açmasına şərait yaratdı. Bundan başqa "Karvan”la "İmişli”yə verilən dövlət dəstəyi digərlərinin payından kəsildi ki, bu da "Şamaxı”, "Kəpəz”, "Qəbələ” kimi gözünü həmin pula dikən klublar üçün ciddi itki demək idi. İndi də məlum olur ki, Yevlax və İmişli təmsilçisi Premyer Liqa oyunlarını öz doğma rayonlarında keçirməyəcəklər. "Karvan” rəqiblərini Şamaxıda qəbul edəcək, "İmişli” isə Quba Olimpiya Kompleksində özünə "yuva” quracaq. Onlarla yanaşı "Kəpəz”lə "Turan Tovuz” didərgin həyatı yaşayacaqlar. Qərb təmsilçilərindən "Turan Tovuz” "Azərsun Arena”dan yararlanacaq, "Kəpəz” isə Qəbələyə köç edəcək.
Acınacaqlı mənzərədir. Bu mənzərinin fonunda adamın "futbol bölgələrə qayıtdı” deməyə dili də gəlmir. Görünən odur ki, Premyer Liqada kəmiyyət artıb, keyfiyyət isə bu kəmiyyətə qurban verilib. Çox təəssüf!
Amal Abuşov
Şərhlər