Eduard Səid
Sənət 17:41 28.04.2021

Kissincer Şərq haqqında: Allahları var, Nyutonları yoxdur

Ədalətli olmaq üçün düşünürəm ki, Kromer və Balfurun yazılarında və yürütdükləri siyasətlərində tez-tez qarşılaşdığımız "qəbul edilmiş" məlumat xəzinəsini, orientalist düşüncənin əsas qaydalarını, haqqını verməməklə qiymətləndirsək, səhv edərik. Orientalizmin müstəmləkəçiliyə haqq qazandıran bir elm olduğunu söyləməklə kifayətlənmək, onun müstəmləkəçiliyi sonradan deyil, lap başından nə qədər haqlı hesab etdiyini görməzdən gəlmək olar. İstər həqiqi, istər xəyali olmaqla insanlar həmişə dünyanı fərqli bölgələrə bölüblər. Balfur və Kromerin fərəhlə qəbul etdiyi Şərq və Qərb arasında qəti səddin meydana gəlməsi üçün illər, hətta əsrlər lazım gəldi. Bunun üçün çoxsaylı səyahətlər və kəşflər edildi, saysız-hesabsız ticarət əlaqələri və müharibələr baş verdi...
 
Digər tərəfdən, XVIII əsrin ortalarından etibarən Şərq-Qərb münasibətlərinin iki əsas faktora sahib olduğu üzə çıxdı. Bunlardan birincisi Avropanın Şərqlə bağlı sistematik və inkişaf edən bir məlumat bazasına sahib olmasıdır. Bir tərəfdən müstəmləkəçilik davranışlarının, digər tərəfdən ümumi maraqların dəstəklədiyi bu məlumat bazası, vərdiş olunmamış bir şəkildə yeni elm sahələri ilə fasiləsiz olaraq inkişaf etdirilməkdədir: etnoqrafiya, müqayisəli anatomiya, filologiya və tarix adlanan bu yeni biliklərlə yanaşı, roman yazarları, şairlər, tərcüməçilər və bacarıqlı səyyahlar tərəfindən orientalizmə əlavə olunan böyük ədəbiyyat həlqəsi də unudulmamalıdır. Şərq-Qərb münasibətlərinin yeni formada üzə çıxan ikinci xüsusiyyəti, Avropanın öz üstünlüyünü iddia etməsə də, güc tarazlığını həmişə öz tərəfinə əyməsidir. Bu həqiqəti gözlərdən yayındıracaq bir vasitə kəşf olunmadı. Düzdür, Balfurun Şərq mədəniyyətlərinin "əzəmətini" qəbul etməsində olduğu kimi, güclünün zəiflə münasibətlərini gizləmək və ya kiçiltmək mümkündür. Ancaq siyasi, mədəni və hətta dini sahədə də, Şərq-Qərb münasibətləri, əsas etibarilə, güclü və zəif tərəfdaşlar arasındakı münasibətlər kimidir. Kitabımızın mövzusu da bu məsələnin Qərb düşüncəsindəki yeri olacaq. 

Bu münasibətləri ifadə etmək üçün bir xeyli termin icad edildi. Balfur və Kromerin də səciyyəvi bir halda istifadə etdiyi sözlər maraqlıdır: Şərqli məntiqsizdir, xaindir, azğındır, uşaq kimidir. Buna qarşılıq Avropalı isə fəzilətlidir, yetkindir və "normaldır". Amma bu münasibəti canlı saxlamağın yolu həmişə bir şeyi vurğulamaqdır. Bu da şərqlinin fərqli, özünəməxsus mütəşəkkil bir dünyada yaşadığı və bu dünyanın daxili birliyini təmin edən özünün milli mədəni və epistemoloji sərhədlərə və prinsiplərlərə sahib olmasıdır... Bununla yanaşı, Şərq dünyasına zəriflik və kimlik qazandıran yenə də onun öz bacarıqları deyil, Qərbin Şərqi yaratmaqda göstərdiyi ustalığı və uğurudur. Burada izah etməyə çalışdığım iki element bu nöqtədə birləşir. Güc sayəsində yaranan Şərq elmi Şərqin özünü yaratdı və beləliklə, şərqli deyilən bir varlıq meydana gəldi. Onun dünyası bu şəkildə gerçəkləşdi. Kromerin və Balfurun dilindəki şərqli (məhkəmədə olduğu kimi) mühakimə olunan, (tədris proqramında olduğu kimi), tədqiq və təsvir edilən, (məktəbdə və ya həbsxanada olduğu kimi) nəzarət altında saxlanılan, (zoologiya kitabçasında olduğu kimi) şəkli çəkilən bir varlıqdır... Hər vəziyyətdə şərqli onu yuxarıdan izləyən bir gözlə araşdırılır və təqdim edilir. Bütün bunlar haradan qaynaqlanır? 

Mədəni üstünlük və güc asanlıqla mühakimə olunan bir şey deyildir. Bu kitabın mövzularından biri də bunu üzə çıxarmaq, mədəni güc nümayişi kimi qəbul edilən orientalizmi təhlil etmək və bu barədə suallara yer verməkdir. Başqa sözlə desək, belə bir dumanlı və bir o qədər də vacib bir mövzuda mümkün olduğu qədər çox sənədi araşdırmadan ümumi fikirlər yaymaq düzgün deyil. Bəlkə də, lap əvvəldən XIX və XX əsrlərdə hər şeyi ilə Qərbdən geri qalan Şərqin bir qədər zəlil olmasa da yenə də Qərbin islahatçı tədqiqatına ehtiyacı olduğu "fərziyəsini" qəbul edə bilərik. Sanki, Şərq sinif otağında, məhkəmə salonunda, həbsxanada, şəkilli kitabçada həbs edilmişdi. Deməli, orientalizm Şərq nəsnələrini araşdırmaq, analiz və tədqiq etmək, hökm vermək, nəzarətdə saxlamaq üçün sinif otağına, məhkməmə salonuna, həbsxanaya, yaxud kitabçaya məhkum edən bir "Şərq elmi"dir.
 
 

İyirminci əsrin ilk illərində Balfur və Kromer kimi adamlar fikirlərini istədikləri kimi söyləyə bilirdilər. Çünki XIX əsrin hüdudlarından daha keçmişə gedən bir şərqşünaslıq ənənəsi onlara ehtiyac duyduqları bütün sözləri, xəyalları, ifadələri və formaları verə bilirdi. Bundan əlavə, orientalizm Avropanın və Qərbin "dünyanın çox böyük bir hissəsinə hakim olduğu” reallığından bəhrələnirdi. Orientalizmin struktur və institutlarının inkişaf dövrü Avropanın misilsiz genişlənmə dövrünə təsadüf edir. 1815-1914-cü illər arasında Avropanın real müstəmləkə əraziləri yer səthinin 35% -dən 85% -ə yüksəlmişdi. Dünyadakı bütün ölkələr bu hadisədən nəsibini almışdı. Xüsusilə Asiya və Afrika ölkələri müstəmləkəçilikdə liderlik edirdilər. İngiltərə və Fransa iki böyük imperiya olaraq bəzən birləşir və barışır; bəzən də yarışır və bir-birlərinə düşmən kəsilirdilər. Şərqdə, Aralıq dənizinin şərq sahillərindən Hind-Çin və Malaziyaya qədər bütün müstəmləkə torpaqları və təsir dairələri ya bir-biri ilə kəsişir və ya üst-üstə düşür, ya da tez-tez qarşıdurmalara səhnə olurdu. Ancaq ingilislər və fransızlar, bir-birləri ilə (və "Şərqlə") "ən şiddətli, ən yaxın və ən mürəkkəb şəkildə", Yaxın Şərqdə və Ərəb dünyasında, mədəni və irqi xüsusiyyətləri islamın müəyyən etdiyi düşünülən ərazidə üz-üzə gəldilər... Bununla yanaşı, hər iki ölkənin Şərqdəki ortaq maraqları, Lord Solsberinin 1881-ci ildə dediyi kimi, XIX əsrin vacib bir hissəsi üçün həll edilməsi çətin olan ciddi problemlər yaratdı. Solsberi bu məsələni belə izah edirdi: "Böyük maraqlarınız olduğu bir ölkədə sadiq bir dostla qarşılaşmaq məcburiyyətində qalsanız, üç yolunuz var: bu ölkədən imtina edə, ölkəni təkbaşına idarə edə və ölkəni ortağınızla birlikdə idarə edə bilərsiniz. İmtina etmək Hindistanın yolunu Fransa üçün açmaq deməkdir. Təkbaşına idarəçilik mövqeyi tutmaq mütləq müharibə riskidir. Bu səbəbdən biz paylaşmağı seçdik...” Və paylaşdılar... Necə? Bunu indi izah edəcəyik. Paylaşdıqları yalnız torpaq, maraqlar və ya suverenlik deyildi... Mənim Orientalizm dediyim intellektual hakimiyyəti paylaşdılar. Bir mənada, Orientalizm bəzi cəbhələrdə razılaşdırılmış geniş bir məlumat kitabxanası və ya arxivi idi. Bütün bu arxivləri birləşdirən ortaq fikirlər var idi. Bu fikirlər müxtəlif yollarla təsir edən dəyərlərdən güc alırdı. Ümumi olaraq şərqlilərin davranış şəkillərini araşdırmaq iddiası daşıyan bu fikilər onları bir mətiq sisteminə salır, irqi və irsi xüsusiyyətlərini araşdırır və onları aydın bir atmosfer içində görürdü. Ardı da var... Bu fikirlər avropalılara şərqliləri istədikləri şəkildə görmək imkanı verir, onları standart çərçivələrdən izləməyə imkan yaradırdı. Ancaq hər bir sabit fikir kimi, orientalist fikirlər də Şərqli deyilən insanlarla yanaşı qərbli və ya avropalı deyilən insanlara da təsir etdi. Bir sözlə, orientalzimin müsbət bir doktrina deyil, düşüncəyə tətbiq edilən bəzi məhdudiyyətlər kimi daha yaxşı düşünülə və başa düşülə bilər. Əgər orientalizmin mahiyyəti Qərb üstünlüyü ilə Şərq istibdadı arasındakı silinməz fərqdirsə, onda orientalizmin həm inkişaf prosesində, həm də sonrakı tarixində bu fərqliliyi necə dərinləşdirdiyini, hətta qatılaşdırdığını qeyd etməyə hazır olun. Böyük Britaniya dövlətində, XIX əsr boyunca Hindistanda və başqa yerlərdə yerli qubernatorların əlli beş yaşında çox erkən istefa ənənəsi ortaya çıxdıqda, orientalizmin gedişatı çox incə bir məqama gəlib çatdı. Artıq heç bir şərqli hansısa qərbli məmurun qocaldığını və yıxıldığını görməyəcəkdi. Və heç bir qərbli də özünü şərqli xidmətçilərinə "güclü, ağıllı və hazırlıqlı gənc bir Racadan” fərqli şəkildə göstərmək haqqına sahib olmayacaqdı. 

XIX-XX əsrlərdə orientalist fikirlər müxtəlif formalara büründülər. Əvvəla, Avropa öz keçmişinin mirası olaraq Şərq mövzularına həsr olunmuş geniş bir ədəbiyyat xəzinəsinə sahib oldu. Mənim "Modern Orientalizmin başlanğıcı” dediyim XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Edqar Kinenin ifadəsi ilə desək, "Şərq Renessansı" başladı. Birdən-birə ortaya çıxan fikir, siyasət və sənət adamlarından ibarət yeni bir nəsil əldə edilmiş yeni kəşflərlə "silahlanaraq" Aralıq dənizi sahillərindən Çinə qədər yeni bir orientalizm anlayışını inkişaf etdirməyə girişdilər. Sanskrit, fars və ərəb dillərindən çoxsaylı mətnlər tərcümə edildi, Şərq-Qərb münasibətlərində yeni fikirlər ortaya atıldı. Məncə, Avropa və Orta Şərq münasibətlərindəki yeni dövr Napoleon Bonapartın 1798-ci il Misir səfəri ilə başladı. Bu səfər bir mədəniyyətin özündən daha güclü bir mədəniyyəti həqiqətən elmi bir şəkildə qəsb etməsinin tipik bir nümunəsidir. Çünki Napoleonun Misiri işğalı ilə Şərq və Qərb arasında elə prosesləri hərəkətə gətirdi ki, onların bu gün də bizim mədəni və siyasi perspektivlərimiz üzərində təsiri vardır. Bonapartın səfəri,  "Misirin Təsviri" (Description de L'Egypte) adlı böyük bir memorial elmi əsərlə orientalizmə yeni bir səhnə və yeni bir mühit gətirdi. Çünki Misir və ardınca da digər İslam ölkələri "Şərq haqqında vacib Qərb məlumatlarının" canlı vilayəti, laboratoriyası və teatrı kimi qəbul edilirdi. Napoleonun macərasına yenidən qayıdacağıq. 

Napoleonun bənzər təcrübələri ilə Qərbdə bir məlumat mənbəyi olan Şərq modernləşdi və bu, XIX-XX əsr Şərqşünaslığının yer aldığı ikinci tablo oldu. Aşağıda araşdıracağımız dövrün başlanğıcından etibarən yeni yetişmiş şərqşünaslar tapıntılarını, təcrübələrini və müşahidələrini modern metodlarla formalaşdırmağa başladılar və Şərq haqqında düşüncələrini müasir həyatla əlaqələndirməyə çalışdılar. Məsələn, Renan 1848-ci ildə Sami dilləri ilə bağlı tədqiqatlarını özünün elmi avtoritetinə uyğun bir şəkildə irəli sürdü. Bu ərəfədə müqayisəli qrammatika, müqayisəli anatomiya və yaşadığı çağa görə çox avanqard sayılan irqi nəzəriyyələri Renanın orientalist fikirlərinin təməlini yaratdı.

Bunlar bir tərəfdən onun şərqşünaslığına nüfuz qazandırsa da, digər tərəfdən orientalizm düşüncəsini ötəri və ya həqiqətən təsirli fikir cərəyanlarına məruz qoyurdu. Orientalizmə imperializm, pozitivizm, utopizm, tarixçilik, darvinizm, irqçilik, freydizm, marksizm və spenqlerizm qarışmışdı. Bununla birlikdə, Şərqşünaslığın digər təbii və sosial elmlər kimi tədqiq metodları, cəmiyyətləri və öz institutu yaranmışdı. On doqquzuncu əsrin əvvəllərində bu sahə böyük əhəmiyyət qazanmaqdaydı. "Societe Asiatique: Asiya Cəmiyyəti", "Royal Asiatic Society: Kraliyyət Asiya Cəmiyyəti", "Deutsche Morgenland'ısche Gesellschaft: Alman Şərq Ölkələri Birliyi", ""American Oriental Society: Amerika Şərq Cəmiyyəti" kimi təşkilatlar geniş miqyasda fəaliyyət göstərirdi. Bu dövrdə universitetlərdə kafedralar quruldu və orientalizm böyük miqyasda bütün Avropaya yayıldı. "Fundgraben des Orients” ("Şərq vəsiqələri" 1809) ilə başlayan orientalist nəşrlər məlumat xəzinələrini zənginləşdirdilər və peşəkar mütəxəsisslərinin sayını artırdılar.

Ancaq bu fəaliyyətin çox kiçik bir hissəsi və bu təşkilatların az bir qismi yaşaya və inkişaf edə bildi. Çünki orientalizmin üçüncü mərhələsi Şərqlə bağlı fikirlərə böyük bir məhdudiyyət gətirdi. Bu dövrdə, Flober, Nerval və ya Skott kimi ən istedadlı yazarlar belə Şərq haqqında təcrübə və təhkiyələri baxımından təhdid altında idilər. Çünki orientalizm nəticədə reallığa siyasi bir baxış idi və onun strukturu aşina olunan ilə (Avropa, Qərb, yəni "biz” ilə) olunmayan ("Şərq”, "onlar”) arasındakı fərqi təsdiqləyirdi. Bu baxış iki dünya yaratdı və sonra da o iki dünyaya xidmət etdi. Şərqlilər öz dünyalarında yaşayırdılar, biz öz dünyamızda. Nəzəri və fiziki həqiqətlər bir-birilərinə çiyin verdilər, bir-birilərinə dəstək oldular. Qərbli bu münasibətdə daha azad idi, çünki Qərbin digərindən daha üstün bir mədəniyyətə sahib olduğu dəfələrlə təkrarlandı. Dizrayelinin "böyük Asiya sirri” dediyi şey baş vermişdi, Qərb üstün mədəniyyəti sayəsində Şərqi qaranlıqdan çıxarıb, böyük bir dünyanın gerçəkliyini tanımışdı və onunla birləşərək ona yeni bir forma vermişdi. Ancaq Qərbə verilən bu imtiyazın məhdud dili bu günə qədər nə kiminsə diqqətini çəkdi, nə də bu münasibətin hansı nöqtələrə qədər uzandığı ilə maraqlanan oldu. Burada göstərmək istədiyim orientalist reallığın həm qeyri-insani, həm də inadkar olmasıdır. Bu varlığın hüdudları ilə yanaşı, qurumları və universal təsirləri də günümüzə qədər davam etməkdədir. 

Bəs orientalizm necə reallaşdı? Bu gün necə reallaşır? Onu tarixi bir hadisə, bir düşüncə tərzi, cari problem və ya maddi gerçəklik kimi tanıtmaq imkanı mümkündürmü? İmperatorluğunun yetkin bir texnokratı və orientalizmdən bəhrələnmiş bir şəxs kimi Kromeri bir daha xatırlayaq: O, bizə bəzi cavabları verə bilər: "Vəsayət Altındakı Xalqların İdarə Olunması" əsərində Kromer məsələləri belə izah edir: "Şəxsiyyətlərin cəmindən yaranmış Böyük Britaniya dövləti hökumətlə bağlı bəzi prinsiplərə sadiq qalaraq bu qədər böyük bir imperiyanı necə idarə edə bilər? Təbiət etibarilə yerlilərin dünyasını çox yaxşı bilən və eyni zamanda bir Anqlo-Sakson kimi davranmağı bacaran "yerli məmurlara" etibar etməli olacaqdır. Bu insanlar yalnız Londondan əmr alacaqlar. Onların əsas məqsədi yerli əhalinin maraqlarını qorumaqdır. Daha sonra bu maraqlar imperatorluğun mənafelərinə uyğunlaşdırılmalı və hətta zərurət yarandıqda yerli xalqın maraqları naminə imperiyanın maraqları bir kənara qoyulmalıdır. İmperatorluğun başına gələ biləcək təhlükəni yalnız mərkəz bilməli və lazım olanı etməlidir. Niyə? Çünki "maşın"ın müxtəlif hissələri arasındakı ahəngdar iş qaydasından" yalnız mərkəz cavabdehdir. Buna görə də ona tabe olan hökumətlər arasındakı münasibətləri mümkün qədər müsbət sferada tutmağa məsul tək güc mərkəzi gücdür... " Kromerin dili mücərrəd və bəsitdir. Ancaq sözlərin altında yatan əsas fikri görmək çətin deyil. Kromer Qərbdə dayanan, ancaq Şərqə uzanan böyük bir texnikanın sükanı arxasındadır. Bu texnika mərkəzdən idarə olunur. Texnikanın qolları ona Şərqdən qida, insan qanı, maddi sərvət və daha nələr daşıyır, bu gələn qida isə həmin texnikaya daha çox güc və daha çox enerji verir. Mütəxəssis dərhal Şərq materialını faydalı hala salır: Məsələn, Şərqli dərhal dominant güc altındakı millətə çevrilir, Şərq zehniyyətinin nümunəsi olur və bunların hamısı ana ölkədəki gücün yüksəlməsi üçündür. "Yerli mənafelər" orientalistlərin xüsusi maraqlarına aiddir. "Mərkəzi hakimiyyət" isə bütövlükdə imperiya xalqlarının ümumi mənafeyidir. Kromerin açıq şəkildə iddia etdiyi budur. Kromerin əsasını qoyduğu bir məsələ də məlumatın cəmiyyət tərəfindən istifadə edilməsidir (nə qədər özəl olsa da, məlumatın "əvvəlcə bir mütəxəssisin əlindən" keçməsi, sonra hakimiyyətə tabe olan sosial sistemə çatdırlımsıdır). Yerli və mərkəzi maraqlar arasındakı əlaqə mürəkkəbdir, lakin sistemsiz deyildir.
 
 

Kromerin spesfik fikirlərini bir imperiya məmurunun fikirləri kimi nəzərdən keçirək: "Tədqiqatımın əsas mövzusu insanlardır" - deyir Kromer. Papa insanlıq mövzusunda araşdırmaların mərkəzində insanın olması vacibliyini iddia edərkən, "kasıb hindlilər” də daxil olmaqla bütün insanları nəzərdə tutur. Kromer isə "şərqlilər" kimi bəzi insan növlərinin "ayrıca" öyrənilə biləcəyini bildirir. Bu mənada şərqliləri araşdırmağın həqiqi yolu orientalizmdir. Digər elm formalarından fərqlidir. Ancaq nəticə etibarilə əldə edilən məlumatlar maddi və sosial faktlara əsaslanan, hər an istifadəyə hazır faydalı məlumatlardır. Bununla da Şərq ilə Qərb arasında bir hökmüranlıq sistemi yaranır. Kiplinq bunu bir dəfə çox açıq şəkildə izah edib: "Qatır, at, fil və ya araba öküzü arabaçıya itaət edir; arabaçı çavuşa, çavuş kapitana, kapitan mayora, mayor polkovnikə, polkovnik üç alaya komandanlıq edən generala, general öz generalına, o da kral köməkçisinə tabedir. Kral köməkçisi də İmperatriçanın xidmətindədir”. 

Bu böyük əmr zənciri "ahəngdar bir iş qaydası" yaratdı, beləliklə, Kromer güclü bir idarəçi oldu. Oreantalizm Qərbin gücünü dünyaya elan edib Şərqin zəifliyini vurğuladı. Qərblilərin bütün fikirləri buna görə doğru çıxdı. Bu güc və bu zəiflik orientalizmin vacib bir hissəsi olaraq dünyanı böyük bölgələrə böldü, bölgələr arasında gərginlik yaratdı və hər kəsi bu gərginliyin irqi fərqliliklərdən qaynaqlandığına inandırdı. Orientalizmin ortaya atdığı ən vacib "intellektual problem” budur. İnsanlıq həqiqəti bölgələr üzrə ayrıla bilərmi? Əslində, insanlıq həqiqəti mədəniyyət, tarix, ənənələr, cəmiyyətlər, hətta irqlər kimi müxtəlif fərqliliklərə malikdir; amma insanlar bu fərqliliklərin nəticələrini insani olaraq qəbul edərək yaşamağa davam etmirlərmi? Bu məqamda bir sual verirəm: əcəba, insanları ikiyə ayıran "Biz" (avropalılar) və "Onlar" (şərqlilər) kimi ifadələrin yaradacağı düşmənçilik hisslərindən yayınmaq çətindirmi? Çünki bu cür fərqlər tarixi və gündəlik həyatımızda, nəticə olaraq, çoxu heç də xoş məqsədlər üçün olmamaq şərtilə bəzi insanlarla digər bəzi insanlar arasındakı fərqlərə diqqət çəkməyə hesablanmış əhəmiyyətsiz ifadələrdir. Aparılan analizlərdə "şərqli" və "qərbli" kimi anlayışlar həm başlanğıc nöqtəsi, həm də gəlinəcək nəticə olaraq qəbul edilirsə, xüsusilə siyasi sahədəki (Balfur və Kromerin istifadə etdiyi kimi...) fərqlər daha da kəskinləşir. Şərqli daha da şərqli, qərbli daha da qərbli olur. Nəticə etibarilə, fərqli mədəniyyətlər, fərqli ənənələr və fərqli cəmiyyətlər arasındakı insani münasibətlər məlum sərhədlərin içində qalır. Bir sözlə, orientalizm modern tarixin başlanğıcından günümüzə qədər keçən müddət ərzində xarici bir dünyanı araşdıran düşüncə sistemi olaraq, təəssüf ki, fərqliliklər üzərində qurulmuş  bütün digər elm sahələri kimi insanlıq düşüncəsini "Şərq" və "Qərb" adlı iki hissəyə böldü. Bu yanaşma orientalizmin mahiyyəti, nəzəriyyəsi və təcrübəsidir. Şərqşünaslar tərəfindən Qərbdə irəli sürülən dəyərlər sistemi içində Şərq üzərindəki hakimiyyət gücü elmi bir həqiqət olaraq mübahisəsiz qəbul edilir. Günümüzdə yazılmış bir neçə rəngli əsər bu fikirləri təsdiqləyir. İqtidar sahibləri üçün idarə etdikləri dünyadan danışmaq gec-tez onların talelərinə çevrilir. Balfur bu qaydanı poza bilmədi. Bu gün Henri Kissincer də bu qaydadan çıxa bilmir. Amerika Birləşmiş Ştatlarının dövlət katibi özünün "Daxili Strukturumuz və Xarici Siyasət" adlı əsərində çox açıq bir dildən istifadə edir. Kissincerin yazdığı əsl dram səhnəsidir. Bu səhnənin içində Amerika Birləşmiş Ştatları bir tərəfdən daxili qüvvələrin təzyiqi, digər tərəfdən, xarici dünyanın reallıqları arasında hərəkət istiqamətini təyin etmək məcburiyyətindədir. Ona görə də yalnız bu səbəbdən Kissincerin didaktik mətni dünya və ABŞ arasında bir qütbləşmə yaradır. Bundan əlavə, Kissincer şüurlu və səlahiyyətli biri kimi yaxın tarixi və mövcud reallığı səbəbiylə gücü və hökmranlığı dünya tərəfindən heç də könüllü olaraq tanınmayan "aparıcı Qərb gücünün" hesabına danışır. Kissincer Birləşmiş Ştatların sənayeləşmiş və inkişaf etmiş Qərb cəmiyyətləri ilə münasibətlərində inkişaf etməkdə olan ölkələrə nisbətən daha az çətinliklə qarşılaşdığını başa düşür. Əslində, ABŞ ilə Çin, Hindi-Çin, Orta Şərq, Afrika və Latın Amerikasını təşkil edən Üçüncü Dünya Dövlətləri arasındakı münasibətlər, göründüyü kimi, bir yığın problemlər yumağıdır. Kissincer bunu gizlədə bilmədi. 

ABŞ-ın keçmiş dövlət katibi öz əsərində dilçilərin "binar ziddiyyətlər" adlandırdığı üsuldan istifadə edir. Kissincer bu məqsədlə biri peyğəmbərcəsinə, digəri siyasi olmaqla xarici siyasətdə iki üslubun, iki strategiyanın yürüdüldüyünü göstərir. Müəllif kimi tarixlə bağlı düşüncələrinin son fəsilində real dünyanın həqiqətləri ilə üz-üzə gəlir və bu dünyanı iki yerə ayırır: İnkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələr... Bunlardan birinci olan Qərb dünyasıdır. Kissincerə görə, Qərb "real həyatın müşahidəçinin baxışlarından tamamilə kənarda olduğu fikrinə sadiqdir..." Buna görə də qərbli mövcud elmi məlumatları mümkün qədər incə təfərrüatları ilə ortaya çıxarmağın və onları müəyyən bir sistem içində təsnif etməyin lazım olduğuna inanır. Kissincer bu məqamda dəlil olaraq inkişaf etməkdə olan ölkələrdə baş verməyən Nyuton inqilabını nümunə göstərir. Onun fikrincə, bu inqlilabın inkişaf etməkdə olan dünyanın dəyərləri arasında yeri yoxdur. "Hələ ilk günlərdən Nyuton düşüncəsindən kənarda qalan mədəniyyətlər, Nyutondan əvvəlki dünyagörüşündə ilişib qaldılar və müşahidəçinin real həyat həqiqətlərini öz içində eşidə biləcəyi fikrindən uzaqlaşmadılar...", - deyir Kissincer və fikirlərinə əlavə edir: "Müşahidəyə əsaslanan gerçəkliyin bir çox yeni ölkələr üçün əhəmiyyəti Qərb ölkələrindən çox fərqlidir, bu baxımdan, onlar ilə Qərb dünyası arasında heç bir əlaqə yoxdur; çünki onlar Qərbin ixtiralarla qazandığı təcrübənin yanından belə keçməyiblər..."
 
Türkcədən uyğunlaşdıran Aqşin Yenisey