Xəbər lenti

Körpə Tanrının yaratdıqları (hekayə)
Murad KÖHNƏQALA
Sənət 10:39 02.07.2024

Körpə Tanrının yaratdıqları (hekayə)

Tofiq Tümen şəhərindən vətənə qayıdanda ata yurdunda yaşayan qardaşı kənddə onu sevinclə qarşılayıb dost-tanışla şadlıq eləmişdi. Bir neçə gün davam edən görüşlərdən və yeyib-içməklərdən sonra Tofiq Rusiyada yaşadığı qadınla çoxdan ayrıldığını, sonrakı tüfeyli həyatını və deportasiya olunduğunu qardaşına danışmalı olmuşdu. Bir neçə gün sonra ikilikdə oturanda qardaşının suallı baxışını öz cavabları ilə tam təmin etmək üçün Tofiq hər şeyi ətraflı nəql eləməyi özünə borc bildi:

- Belə, qardaş, uşaqlar böyümüşdü, tatar qızı Tanya da məndən bezmişdi. İçirəm dəə, çox içirəm. Bir dəfə də içkili evə gəlmişəm, oğlum da yekə kişidi, əsgərlikdən gəldiyi üç il olar. Nəysə, vurdum onu. Arvad-uşaq biri-birinə qarışdı. Qızım da bizim qəsəbədə yaşayır öz ailəsi ilə. Axşam o da gəldi bizə. Söhbət-mübahisə yenidən qızışdı, uşaqların yanında Tanyaya fahişə-zad dedim. Oğlum ilk dəfə mənə əl qaldırdı onda. Qızım da dedi, sənin uje, başın xarab olub, ya müalicə olunmalısan, ya da bizi tərk eləməlisən. Beləcə, evdən qovdular məni. 

Qardaşı onun Rusiya həyatını özü üçün biraz da aydınlaşdırmaq üçün:
- Ümumiyətlə, orda necə yaşayırdın, işin-gücün nə idi, niyə çoxdandı bizimlə əlaqə saxlamırdın? –  soruşdu.

- Bilirsən, qardaş, burdan gedəndə əvvəlki illərdə hamı kimi bazarda meyvə-tərəvəz alveri eləyirdim. Dost-tanışla kirayələrdə yaşayıb başımı dolandıra bilirdim. Sonradan bu tatar qızı Tanya ilə tanış oldum. Boşanmış gənc qadın idi, qızının üç yaşı vardı. Ancaq evləri Tümendən aralı bir qəsəbədə idi.  Özü uşaq baxçasında işləyir, anası ilə yaşayırdı. Nəysə, evləndim onunla, qəsəbədə onlarla yaşayası oldum. Maaşı zəif idi, sonralar baxçadan çıxartdım onu. Səhər tezdən bir yerdə çıxır, elektrik qatarı ilə 20 dəqiqəyə Tümen şəhərinə gəlir, bazarda birgə alverimizi eləyib axşam qayıdırdıq. Bu arada oğlum Teymur dünyaya gəldi. Sonralar bazarda ha deyəndə OMON-çular basqın edir, sənəd-zad istəyirdilər. Vəziyət çətinləşdi, bizi sıxışdırıb ordan çıxartdılar. Mən məcbur qalıb yerlilərimizlə tikintidə işləyəsi oldum. Əvvəlcə fəhlə işləyirdim, işlərimiz ağır idi. Səhərdən axşama əllə palçıq qarışdırır, kərpic daşıyırdıq. Sonralar mən də suvaq işlərini öyrəndim, belə pis deyildi. Ancaq, nə gizlədim, içirdim, çox içirdim, ona görə işləyə bilmir, zülüm çəkirdim. Həmişə deyirəm, bizi sovet hökmətinin təmiz araqları alkaş elədi, indi də bu kimyəvi araqlara dözə bilmirik. Boynuma alıram, içəndə də başım, artıq xarab olur. İçməsəm də olmurdu. İçəndə heç olmasa biraz depressiyadan çıxıram. Beləcə, davamlı gedə bilmədiyimə görə o işdən də çıxdım. Sonralar harda xırda-para fəhləlik işi oldu ora qaçırdım. Bax, böyük qardaşınam, səmimi deyəcəm, bu yaşa gəlmişəm, həyatda heç nəyə nail ola bilməmişəm. Niyə? Çünki yanlış yaşamışam. Mənim evimi yıxan, gəncliyimdə humanitar fənlərə hazırlaşıb ali məktəbə girmək həvəsim olub. İnan, orda hələ kirayədə yaşadığımız vaxtlar uşaqlara baxırdım, onların arasında bir nəfər belə, kitab oxuyanı yox idi. Mənim evimi oxuduğum o kitablar yıxdı. Düzdü, o vaxtlar ali məktəbə qəbul olsaydım həyatım başqa cür olardı. Elə, oxuduğum o kitablar məni rəhimli elədiyinə görə yanında balaca qızı olan Tanya ilə evləndim. O uşağı görəndən sonra fikirləşdim ki, mütləq biz birləşib onu xoşbəxt böyütməliyik. Sonda həmin qız böyüyüb məni evdən qovdu. Ancaq, qətiyyən qızımda günah görmürəm. Günah mənim içməyimdə, özümü düzgün apara bilməməyimdədi. Nədənsə, içəndə həmişə elə bilirdim Tanya mənə xəyanət eləyir, ancaq ayılıb ağlım başıma gələndə görürdüm yox ee, məndə içkidən maniyalar əmələ gəlib. Bir ara elə bilirdim qəsəbədə məni izləyirlər, guya kimsə qəfil boğub öldürəcək məni. Bir dəfə oğlum mənə dedi, sən niyə arxana boylana-boylana gedirsən? 

Subay olanda kirayədə yaşadığım uşaqlarla oxuduğum kitablardan danışmaq, onlarla: "Məncə, o qarıları öldürdüyünə görə heç vaxt Raskolnikova bəraət qazandırmaq olmaz”,  yaxud, "Tolstoyun Hacı Muradını çeçenlər öldürməməli, onu başa düşməli, anlamalı idilər”, nə bilim, "Martin İdenin intihar etməsini heç vaxt arzulamazdım, yazıçı niyə belə sonluğa razılaşıb, görəsən?” - kimi söhbətlər eləmək istəyirdim. Hələ Akutaqavanın "Cəhənnəm əzabları”nda hörümçək lifindən tutub cəhənnəmdən qaçmaq istəyən Kandatanın halı... Ta, xəbərim yox idi ki, onların arasında kitab ağzı açan yoxdu. Sözü ona gətirirəm, yəni, mən həyatı dibindən yanlış qurmuşammış. Həmişə də fikirləşirəm ki, elə bu yanlışlarımı davam edə-edə ömrümü başa vuracam. 

Tofiqin bu uzun söhbətindən sonra iki qardaşın  arasına ağır sükut çökdü. Qardaşının bu hekayətinə acıyan Natiq hannan-hana:
- Bəs, indi fikrin nədi? Bu dediyin yanlışları təzədən davam etmək fikrindəsən? – soruşdu.

- Bilirsən, Natiq, belə kədərli danışmağıma baxma, düşünürəm ki, bu dünyada pis-yaxşı, mənim də ailəm olub, oğul-uşaq böyütmüşəm. Əsas odur ki, uşaqlarımdan nigaran deyiləm, artıq, onlar öz həyatını idarə etmək yaşındadırlar. Mənim də yaşım 55-ə dirənib, indən belə ailə qurmaq fikrim yoxdu. "Fikrin nədir?” deyirsən. Dünən tanış uşaqlarnan danışmışam, gedəcəm Bakıya. Burda sizə, sənin ailənə, ümumiyətlə, kəndə yük olmaq istəmirəm. 

- Yoo, nə yük, qardaş, sənin yerin həmişə gözümüz üstündədi. Qətiyən belə fikirləşmə, - Natiq ona ürək-dirək verdi.
- Çox sağol, varol, onu bilirəm. Ancaq özüm başqa cür istəyirəm. Danışmışam, gedəcəm Bakıya, əlim var-ayağım var, "Meyvəli” bazarında fəhləliyə, araba sürməyə çağırırlar məni. Gedəcəm, mənə belə xoşdu. Sən qətiyən məndən narahat olma, - deyib xeyli susduqdan sonra qəfil sükutu pozaraq: - O araqdan qaldımı? -  soruşdu.
Natiq tez butulkanı qaldıraraq: 
- Var, hələ var, - dedi, - süzümmü?
- Süz, qardaş, süz! Bunu da içək qurtarsın, gedək yataq, sabah məni Bakıya yola salarsan.
- Yaxşı, indi ki, qərara gəlmisən, qoy belə olsun, ancaq bura hər zaman sənin də evindi. Unutma ki, mən sənin kiçik qardaşınam.  

***

Tofiq "Meyvəli” bazarına çatanda artıq axşam olmuşdu. O, avtobusda yol gedərkən də bazarda araba ilə fəhləlik eləyən kəndçisi Rəsulla telefonda  danışmışdı. Rəsul da hər dəfə tələsik "əsas odur ki, sən gəl, çatanda ətraflı danışarıq” demişdi... Zəngləşib bazarın qarşısında görüşdülər. Görüşən kimi Tofiq ona:
- Buralarda bir ucuzxana varmı gedək oturaq, poxmeləm, başım partlayır, - deyib onun qolunu dartışdırdı.

Tofiqin bu halı Rəsulu sevindirdi. Çünki, araq içməyən adamla onunku tutmazdı. 
- Var, əlbəttə var. Kafe çoxdu, ancaq burda biri var, - əlini sağ tərəfə uzatdı, - əla qutab verirlər. Arağı  özümüzlə apararıq. Qutabla aran necədi?
- Qutab? Əla! Ən sevdiyim yeməkdi. Gedək-gedək!
Onlar gəlib tavanında daim qutab ətri dumanlanan kafedə oturdular. Ortaya salat gələn kimi Tofiq stəkanlara araq süzdü və:
- Götür, qardaş, görüşümüzün sağlığına! – deyib arağı başına çəkdi. – Dünənnən o qədər içmişəm, bütün yol boyu ürəyim bulanırdı, Kürdəmirdə dayananda yüz əlli qram vurdum, biraz düzəldim.
- Sağol, qardaş, xoş gəlmisən! – deyib Rəsul da arağı başına çəkdi. – Nə yaxşı qayıtmısan ee, vətənə, canımçün! Ölməyə vətən yaxşıdı.  O gün də telefonda ucunnan-qulağınnan danışdın, sənin istoriyanı yaxşı bilirəm. Rus qızınnan adama arvad olmaz, canımçün. – Rəsul söhbətinin bu yerində istədi deyə ki, "heyıf deyil özümüzünkülər?” Ancaq demədi, çünki özünün də bir başqa ailə problemi olmuşdu. Ona görə özlərinə uyğun bir məntiqə  gəlib davam elədi: 
- Əslində, bizim kimi adamların arvad-uşaqla nə işi?! Götür, bir dənə də vuraq, götür görüm, nə yaxşı gəldin ee, çox sevinirəm! 
- Ayə, qardaş, burda necədi işlər, heç olmasa gündəlik yemək-içmək çıxırmı? - Tofiq sanki, özünün gələcək həyatını soruşdu.  
- Yaxşı idi! Niyə "idi” deyirəm, bilirsən? Arabadı daa, səhərdən axşama ora mal daşı-bura mal daşı, axşam da "briqadir” gəlib pulları yığır hamıdan, üstündən arabanın arenda pulunu, gecələdiyimiz yerin pulunu çıxır, bizə də elə bir qarın yemək, bir də araq içmək  qalır, vəssalam. Bəs, niyə "yaxşı yerində gəlmisən” deyirəm, bilirsənmi? Mən burda iki arabaçı ilə dalaşmışam. Dalaşdım deyəndə ki, onlar özləri mənə sataşırlar, planları məni burdan çıxarmaqdı. Ona görə elə ikimiz də sabahdan çıxıb başqa yerə gedəcəyik. 
- Hara, xeyir ola? – Tofiq maraqlandı. 
- Mən bir vaxtlar Nərimanov tərəfdə işləyirdim, öz əlim-öz başım idi, heç kimə də haqq vermirdim, bura gəlməyimə çox peşmanam.  
- Orda nə iş idi? - Tofiq yenidən soruşdu.
- Orda belədi, uzun qollu arabalar var, götürürsən onu düşürsən zibil qablarının canına. Dəmir "Bizon” bankaları, plastik əşyalar, nə bilim, istənilən dəmir-dümür... yığıb aparırsan, çəki ilə təhvil verib nağd pulunu alırsan. Biz o vaxtlar iki nəfər idik, axşamlar da sökülmüş binaların içində gecələyirdik. Düzdü, qışda biraz çətin olurdu, ancaq qışda da qapalı yerlər tapırdıq. Normal pulumuz olurdu, ürəyimiz istədiyini alıb yeyib-içir, kef eləyirdik. İndi fikrim var, gedək səninlə, mən yolunu bilirəm, adama bir araba götürək, düşək zibil qablarının canına, ən yaxşısı budur. 
- Ay daa, zibil qablarında eşələnmək? Bəs, adam iyrənmir?
- Ayə, nə iyrənməy ee? Səhər tezdən araqdan mıxlayırsan, dünya vecinə də olmur. Uzağı, öyrəşənə qədər əlcək geyərsən, nə bilim maska taxarsan.
- Hə dəə! Zibil adamı yeməyəcək ki. Bəs, bu gecə harda qalacağıq? 
- Mən bu gecənin pulunu vermişəm, sənin də yerinə ödəyərik. Sabah tezdən də çıxarıq burdan.  
- Yaxşı, qardaş, necə deyirsən elə də eləyək. Bəs, sabah arabaları hardan tapacağıq? 
- Onu da fikirləşmişəm, - Rəsul yüngülcə gülümsədi, - mənim ordakı uşaqlarda arabam var, sənə də birini alarıq. Heç pulun varmı? 
Tofiq utana-utana:
- Canımçün, qardaş, mən Rusiyadan tamam lüt gəlmişəm, kənddə qardaşıma da deməyə utandım, üstümdəki pul yəqin ki, arabaya çatmaz, - dedi.  
- Eybi yox, baxıram telefonun yaxşıdı, onu satarıq, onsuz da bizə telefon lazım olmayacaq. Məndəki düyməli telefon ikimizə də bəs eləyəcək. 
- Ay sağol! - Tofiq dostunun planına sevindi. – Telefon indən belə nəyimə gərəkdi ki? 

***

Dostlar artıq, şəhərdə işə başlamışdılar. Onlar səhər tezdən adamların seyrək vaxtında, bir də gecələr zibilliklərdə eşələnir, çəkiyə gedən əşyalardan arabalarını doldurub qəbul məntəqəsinə yollanırdılar. Yığdıqları əşyaları tərəzidə təhvil verərək nağd pullarını alır, sonra da sevincək  gecələdikləri xarabalığa araq içməyə gedirdilər. Günlər hər gün beləcə təkrarlanır, deyə-gülə   problemsiz ömür sürürdülər. 

Bir dəfə gecə araq-kolbasa-çörək alıb xarabalığa gedərkən Tofiq əlindəki torbaya işarə eləyərək dostuna:
- Qardaş, zen buddizmdə deyilir ki, insan hər halına gülümsəməli, özünü xoşbəxt hiss eləməlidi. Gəl biraz gülək, deyirəm, bizim bu halımız mamont ovundan qayıdan ibtidai kişilərə bənzəyir, - deyib xeyli güldü.
Onun bənzətməsi Rəsulun da xoşuna gəlmişdi.
- Həə, sənin əlindəki də, yəqin dinozavrın arxa bududur, - deyib bərkdən güldü. – O Zendi-nədi gərək onnan soruşaydın ki, ağa, sən heç zibillikdə eşələnmisən? – Rəsul gülməyinə davam elədi.

Dostunun kefinin açıldığını görüb Tofiq xeyli sevindi. Çoxdan idi heç belə ürəkdən gülməmişdilər. Tofiq dostundan soruşdu:
- Qardaş, demək ayıb olmasın, bəs, harda çimə bilərik? Yəqin ki, o mamont ovundan gələnlər də, heç olmasa, çaya-zada girib çimiblər.  
- Ha-ha-ha-ha-ha! Ayə, hamam-zad nədi, sən lap kefdən danışırsan, yox bir, sauna! Deyəsən, bomj olmağımız hələ sənə çatmayıb, - Rəsul dostunu məsxərəyə qoydu. 
Beləcə, saatlar yığılıb gün olur, günlər həftəyə dönür, həftələr aya çevrilərək bir-bir ömürdən sivişib çıxırdı. Yatmağa qapalı, isti yerləri olmadığından dostların işi qışda lap çətinləşirdi. Gecələmək üçün kəşf elədikləri yerlərdə çox da qala bilmir, sakinlər görən kimi şübhələnərək onları  qovurdular. Hər dəfə qovulanda yeni məkan tapmağın əzabını yaşayırdılar. Gecələdikləri xarabalıqda ocaq qalaya bilmədiklərindən gecələr  araq içməklə isinir, səhər tezdən isə arabaları tərəziçidən götürüb zibil qablarının canına düşürdülər.
Tofiq həmişə xırda şüşədə özü ilə araq götürür, xəlvətə düşəndə qurtumlayırdı. Spirtli içki qəbul eləməsə kədər və depressiya onu üstələyirdi. 
Onlar əldə etdikləri cüzi gəlirlə heç vaxt özlərinə təzə paltar, yaxud ayaqqabı ala bilmirdilər.

Qışda qalın paltarda olsalar da soyuq yerlərdə yatdıqlarına görə Tofiq həmişə böyrək ağrısından şikayət edirdi. Dostu isə ona: 
- Ayə, böyrək-zad boş şeydi, əsas qara ciyərdi! Qara ciyərin çezdisə içə bilməyəcəksən. Əsl dəhşət onda başlayacaq! – deyirdi.
Tofiq son zamanlar hiss eləyirdi ki, artıq bu həyat rejimi onu yorur. Onda yavaş-yavaş daxili ikiləşmə yaranır, tək-tənha yol gedərkən öz-özünə danışırdı. 

Rusiyadakı ailəsini tez-tez yada salır, kövrəlib ağlayırdı. Bir dəfə əlini qulağına tutub xəyalən Tanya və uşaqları ilə "telefonda” danışmışdı. "Alo, Tanya, məni bağışlamısan? Məni bağışla, Tanya! Bütün günahlar içkidədi. Əlbəttə, sən heç vaxt mənə xəyanət eləməzsən. Məni bağışlasan çox rahat olardım. Səni çox sevirəm, Tanya! Ver görüm, qızıma. Qızım, necəsən, balaca Vadik necədi? Neçənci sinifə gedir? Ay nə yaxşı! Bilirdim ki, mənim nəvəm əlaçı olacaq. Qızım, məni bağışlamısan? Mən ananla tanış olanda, ilahi, sən nə qədər gözəl idin, mələk idin! Qızım, bunu mütləq bilməlisən, mənim həyatımı elə, sənin varlığın dəyişmişdi. Yox-yox, ağlamıram, səsini eşitdim, sevindim. Səni çox sevirəm, qızım. Ver qardaşına, onunla da danışım. Saşa, papadı ee, danışan! Həə, vətəndəyəm, ancaq bilsən sizin üçün necə darıxmışam! Yadındadı, uşaq vaxtı səninlə qol güləşdirdiyim? İstəyirəm gəlim yenə bir qol güləşdirək. Oğlum, bağışla, mən sizinlə son vaxtlar kobud oldum, içdim, pul qazana bilmədim. Mənim igid oğlum! Bəs, üzünü niyə qırxmamısan, oğlum? Səliqəli ol, həmişə! Yoo-yoo, ağlamıram. Düzdü, həə, gözümdən yaş axır, ancaq ağlamıram. Yaxşı oğlum, mən getməliyəm, yolu keçirəm, salamat qalın, sizi çox sevirəm!”

Bu cür xəyallardan ayılanda özünə yazığı gəlirdi Tofiqin. Son zamanlar tez-tez daxilindəki adamla  mübahisə eləyir, dalaşır, barışırdı:
"Yox, sən pis adam olmamısan, sadəcə, bəxtinə yazılan budur. Yox ee, bəxt-tale nədi? Özün axmaq olmusan! Hamı kimi başını aşağı salıb yaşamamısan. Mütləq gedib qürbətdə tatar qızı ilə evlənməli idin? Hamı kimi qayıdıb öz el-obandan bir qız bəyənə bilməzdin? Ya da heç evlənməyəydin, evlənmək belə vacib idi? Yox ee, insan tənha yaşamamalıdı, ailə qurmalıdı, əlbəttə. Ta, sənin kimi yox daa! Yox ee, məni araq yıxdı, araq! Əşi, arağı hamı içir dəə, sənin, sadəcə, həyatda bir normal planın, hədəfin olmayıb. Elə dəli adamlar kimi hara gəldi başını soxmusan. Lap elə günü bu gün, guya düz eləyirsən? Gəlmisən zibillikdə eşələnirsən. Neynim ee, özgə neyləyə bilərəm? Heç normal sənədim də yoxdu üstümdə. Kimdi günahkar? Heç kim günahkar deyil, sadəcə, belə alınıb. Bu həyatı da kimsə yaşamalıdı, ya yox? O da mənəm dəə! Onda niyə narazısan ki? Mən heç kimdən narazı deyiləm. Ancaq yox, narazıyam! Bu nə taledi mənə yazılıb? Fikir vermişəm, məndən də ağılsızlar var, ancaq normal  yaşayırlar. Yəqin, bu işlərdə insanın qəlbi, bilgisi, bacarığı xüsusi rol oynamır. Yenə hər şeyi talenin üstünə yıxırsan? Hər şeyi bəxtin-qismətin üstünə yıxıb öz axmaqlığına bəraət qazandırmaq istəyirsən, haa, əmoğlu! Elədi, ancaq mən heç vaxt pis adam olmamışam, karma deyilən bir şey də var, axı! Niyə mənə qayıdan bumeranq bu qədər tərs olsun? Əşşii, o karma-bumeranq-zad var ee, onlar hamısı boş, uydurma söhbətlərdi! Əsas insanın öz ağlı, düşüncəsidi. Şəxsən mən belə düşünürəm, həyatda müxtəlif insan növü var, onların bəziləri gec dəyir, yəni, ağıla-kamala gec dolurlar. Belələri gəncliyində doğru həyat strategiyası qura bilmirlər. Bir yolgöstərəni də olmayanda xırda bir gənclik yanlışlığından bütün həyatlarını səhv qururlar, xoşbəxtlikdən uzaq düşürlər...”

Son zamanlar Tofiqin bu cür daxili dialoqları həddini aşır, o, kənardakılara öz-özünə danışan dəli təsiri bağışlayırdı... 

Bir payız günü ürəyində "İlahi, bu nə taledi vermisən mənə, ilahi, bu nə taledi vermisən mənə?!” sözlərini təkrarlaya-təkrarlaya arabasını dartaraq növbəti zibilliyə tərəf gedirdi. O, səkinin kənarındakı çinar ağacının yanında dayanıb biraz nəfəs dərmək qərarına gəldi. Aşağı çökərək kürəyini çinara söykədi və bir siqaret yandırdı. Siqaretə dərin qüllab vuraraq yenidən tüstüqarışıq bir ah şəkdi: "İlahi, bu nə taledi  vermisən mənə?!” 

Bu sözlər ağzından çixan kimi havada bardaş qurmuş vəziyətdə lüt bir körpə uşaq peyda oldu. Tofiq gördüyü mənzərədən ürpənərək ayağa qalxdı. Lüt körpə də onunla yuxarı qalxdı və bir neçə metr aralıda havadan asılı halda dayandı. 

- Bu nədi, ilahi? – O, qorxu içində zarıdı. - Olmaya, indi də Buddanın körpəliyini görürəm? – Arxasınca da: - Deyəsən, başım xarab olur, - deyə öz-özünə pıçıldadı.  
Bu zaman havada bardaş qurmuş körpə sakit səslə dilləndi:
- Sənin adın Tofiqdi, gördüklərin də xəyal deyil.  Taleyindən şikayətçisən, sənə kömək eləməyə gəlmişəm.
Tofiqin daxilində körpənin bu sözlərinə işıqlı bir inam yarandı. O, qorxa-qorxa:
- Sən kimsən? – soruşdu.
- Mən bu dünyanı yaradan, idarə edən, insanlara tale paylayan Tanrıyam. 
- Necə yəni dünyanı yaradan, sən axı, körpəsən?
- Bəli, körpəyəm, yaratdığım kainat ona görə kamil deyil! – söyləyən körpənin üzündə təbəssüm açdı. – Mən hələ böyüyəcəm, kamilləşəcəm, kainat da bax, onda kamil olacaq. Kainatın kamilləşməsi üçün sonsuz milyard illər lazım gələcək. Nə isə... hər şeyi bilməməlisən.  
- Demək, biz sənin haqda yanlış düşünmüşük. İnsanlar elə bilir sən ağsaçlı qoca bir kişisən. 
- Bilirəm, - deyib körpə yenidən gülümsədi. 
- Bəs, mənə necə kömək eləyəcəksən? 
- Sənin narazı qaldığın bu kasıb taleyini başqa bir zənginin taleyi ilə dəyişmək istəyirəm. Sən razı olsan dəyişəcəm – körpə dilləndi. 
Tofiq təəccüblə:
- Nə danışırsan, doğrudanmı sən bunu bacarırsan? – soruşdu. 
- Bəli, bu mənim işimdi. Düzdür, mən hər canlının çağırışına, istəyinə peyda olmuram, ancaq sənin istəyini yerinə yetirməyi, taleyini dəyişməyi  uyğun bildim. 
- Bəs, niyə elə bəribaşdan insanların taleyini yaxşı eləmirsən?
- Məntiqli sualdı. Biz şüur verdiyimiz canlıları həm də onların genetik yaddaşının ümidinə buraxırıq. Bizim insanlara verdiyimiz üst şüurdur, genetikadan, təbiətdən gələn yaddaş isə alt şüur hesab olunur. Şüurlu insanın taleyini məhz, o alt şüur, yəni genetik yaddaş idarə edir. Hər şeyi deyə bilmərəm, bu qədər bilmək bəsindir!  
- Bəs, mənim taleyimi necə dəyişəcəksən?
- O, bizim işimizdir! De görüm, zəngin birisi ilə öz taleyini dəyişməyə razısanmı?
- Əlbəttə, razıyam! Ancaq mən necə biləcəm ki, zənginəm? Mənə pul verəcəksən?
- Yoox! Sən öz yaşıdın olan bir zənginin həyatını yaşayacaqsan, o da eyni zamanda sənin həyatını yaşayacaq.  
- Bəs, o adam razıdır?
- Bəli, o da sənin kimi məni səslədi. Var-dövlətindən imtina edir. Odur ki, uyğun bilib sizin taleyinizi dəyişməyə qərar verdim. Danışmışıq, o, sənin indiki həyatını davam etdirməyə, sənin taleyini yaşamağa hazırdı. Qalır sənin razılığın. 
- Əlbəttə razıyam! Mən indi nə etməliyəm?- Tofiq sevincqarışıq həyəcanla soruşdu. 
- Sən heç nə! Biz sənin indiki həyatını arxa yaddaşa  salacaq, yeni həyatının yaddaşını isə beyninin əsas hissəsinə yükləyəcəyik. Müasir dillə desək, sənin beyninin işlək hissəsinə həmin varlı adamın yaddaşının çipini yerləşdirəcəyik. Ailədə, iş yerində, cəmiyətdə başqası kimi görünməyəsiniz deyə hər ikinizin görkəminizi dəyişəcəyik. Yəni, sizin görünüşünüz də taleyinizlə bərabər dəyişəcək. Sənin dostun heç vaxt yanındakının başqa adam olduğunu bilməyəcək. Sən o olacaqsan, o da sən. Əsas proses beyninizdə, yaddaşınızda gedəcək. Yəni, sən öz arxa şüurunda həm də başqası olduğunu biləcəksən. 

Bura bax, özü də sən o zəngin şəxsi görmüsən. Bir dəfə şadlıq sarayının qarşısından maşını çıxaran sürücü  "parkovşik” bilib səhvən sənə pul vermişdi. Yadındadı? Sən də pulu geri uzadıb "mən parkovşik deyiləm” demişdin. Sürücünün yanında oturan o adam da demişdi, "verirlər götür dəə, ay kasıb!” – yadına gəldi?  Ay sağol, bax, həmin zənginlə sənin taleyini dəyişəcəm.  
- Həə, başa düşdüm. Demək, mən o zənginin həyatını yaşayacam, eynilə onun görkəmində olacam, lakin həm də biləcəm ki, mən başqasıyam. 

- Tamamilə doğrudu! Başqasının görkəmində olacaqsan, ancaq həmin həyatdan gələn bütün həzzləri sən yaşayacaqsan. Hələlik isə hər ikinizə bir ay vaxt verəcəm. Bu müddət ərzində hansınızsa dəyişikliyə peşman olsanız yalnız bir aydan sonra geri qaytara biləcəm. Bunun üçün yenidən bura gələrək  bu çinara söykənib məni çağıracaqsan.   
- Əla! Bu ki, gözəldi! Mən razı! Bəs, bu işlər haçan olacaq? 
- Dəyişiklik sabah sübh tezdən həyata keçəcək. Bu gecə hər ikiniz dərin yuxuya gedəcək, sabah yuxudan dəyişik formada oyanacaqsınız. Sənin adın Hikmət müəllim olacaq, özün də böyük şirkət rəhbəri olacaqsan. Qalan təfsilatlar, yeni həyatının bütün məlumatları yaddaşının ön hissəsində peyda olacaq. Ancaq bu sirri kiməsəyə açsan şərtimiz dərhal pozulacaq və bütün tanışlar səni sərsəri kimi tanıyacaq. 
- Oldu, körpə Tanrım, heç kimə heç nə demərəm, əlbəttə! 

***

Səhər tezdən Tofiq Hikmət müəllim qiyafəsində, iri çilçiraqlı,  geniş bir otaqda oyandı. O, bilirdi ki, birazdan qulluqçu gəlib səhər yeməyinin hazır olduğunu deyəcək. Biraz gərnəşdikdən sonra qalxıb yuyunacaq və yavaş-yavaş aşağıya, villanın həyətindəki besedkaya tərəf gedəcək. Besedkada açılmış ağ süfrəli stolun arxasına keçəcək. Həyətdə müntəzir dayanıb onu gözləyən sürücüsünə: 
- Gəl otur sən də, yoldaşlıq elə, bəlkə bir şey yeyə bildik, - deyəcək. 
Beləcə, Hikmət müəllim səhər süfrəsi arxasında ətirli kofe ilə birtəhər iştahını açıb yeməklərin hərəsindən biraz dimdiklədi və kefi kök halda aşbaz qadına:
- Qəşəng, dadlı hazırlamısan, həmişə olduğu kimi. Yeməsəm də sənin yeməklərinə baxıb doyuram, - deyib divana yayxandı. Sonra yenidən üzünü aşbaz qadına tutub: - telefonum yuxarıda qalıb, bi zəhmət, gətir dəə, onu, - dedi. 
Sürücü onun bu xahişinə cəld ayağa qalxıb: 
- Mən gətirərəm, - dedi və tezcə də əlində telefon Hikmətin yanına qayıtdı. Hikmət telefonu səssiz rejimdən çıxararaq: 
- Deyirəm, görüm, arvad-uşaqdan bir xəbər varmı, zəng eləyən olubmu? – deyib ekrana baxdı. Ancaq deyəsən, heç kim zəng eləməmişdi. 
Sürücü qılıqlı bir əda ilə ona: 
- Məllim, gecə narahat eləmirlər dəə, birazdan zəng edib axtaracaqlar, yəqin. 
- İnan ki, bunlar analı-balalı işləri düşməsə qəti zəng eləməzlər. Ayə, bəlkə gecə ürəyim yatıb ölmüşəm, bir maraqlanın daa! 
Kənarda dayanan aşbaz qadın tez söhbətə qarışdı: 
- Booy, allah eləməsin, ay Hikmət məllim. Onlar yaxşı bilir ki, siz sağlam adamsınız, hələ yüz il yaşayacaqsınız. 
- Yüz il? Ha-ha-ha-ha! Üçcə il yaşasam böyük şeydi. Onçun deyirəm ee, bunlar mənimlə heç maraqlanmır. Mən onlar üçün sadəcə, pulkəsən maşınam, yalnız pul lazım olanda zəng eləyirlər. 
- Allah canınızı sağ eləsin, - qadın yenidən onun qılığına girdi, - təki sizin pulunuz çox olsun!
Hikmət üzünü sürücüyə tutdu: 
- Nəysə, dur xodda görək maşını! – Amiranə səsləndi. 
Arxa oturacaqda oturan Hikmət öz-özünə düşünürdü: "Görəsən, mənim bir dincliyim olacaqmı? İndi gedəcəm şirkətə, təzə-təzə qara xəbərlər eşidəcəm. "Vergidən yenə sorğu gəlib, müstəntiq işi filan vaxta saxladı. İçəridən kimsə satır bizi...”
O, bu şirkəti bir vaxtlar yaxın dostu Adillə təsis etmişdi. Sonralar şirkətin hesabına külli miqdarda vəsait daxil oldu. Elə həmin gəlhagəl vaxtı onun yaxın dostu, şəriki Adil avtomobil qəzasında həlak olmuşdu. Sürücünün həmin qəzadan salamat çıxması adamlarda şübhə doğurmuşdu. Qəzadan bir neçə ay sonra isə sürücü otel hamamında çimərkən qaz sızmasından boğulub ölmüşdü. Artıq indiki Hikmətə də bu hadisələrin səbəbi məlum idi. Çünki, hər iki qətlin sifarişçisi o özü idi. Hikmətin alt şüurundakı Tofiq bu işlərə görə dayanmadan narahatlıq hissi keçirirdi. Yeni yaddaşdan o da məlum olurdu ki, Hikmətin qətlə yetirdiyi şəriki Adil şirkətin tikinti sektorunun vergidən yayınmasına qarşı çıxırmış. Sonradan Adilin oğlu sürücünün ölüm hadisəsindən şübhələnərək məhkəmə vasitəsilə atasının meyitini eskumasiya etdirmiş, nəticədə  onun qəzada öldüyü yox, qətlə yetirildiyi  aşkarlanmışdı. 

Hikmət şirkətə çatan kimi köməkçisini otağına çağırdı. Neçə ay idi ki, şirkətin adı korrupsiya qalmaqallarında, vergidənyayınma kimi cinayət əməllərində hallanırdı. Dostu Adilin qətlində şübhəli bilinsə də yüngül dindirməni çıxmaq şərtilə, Hikməti hələlik bu mövzuda narahat etmirdilər. 

Köməkçi içəri daxil olan kimi Hikmət birnəfəsə: 
- Vergi yoxlamaları nə vaxt başlayacaq, istintaqdan nə xəbər? – soruşdu. 
- Hələ ki, narahatçılığa bir əsas yoxdu, Hikmət məllim. Dedilər ki, mütəxəssislər başqa şirkətlərdə yoxlama apardığından bizə biraz gec gələcəklər. Yaxşı xəbərdi, çox sevindim. Fikirləşirik, görək, ona qədər tanış tapa bilirikmi. 
- Həə, yaxşı xəbər oldu bu, bala. Axtarın, maraqlanın görək içəridən bu işləri yoluna qoyası uyğun adam tapa bilirikmi. Yoxsa hamımız əlli-ayaqlı gedəcəyik. Bunu şirkətin işçiləri bilməsin haa, bilsələr hərə bir yana dağılacaq.
- Narahat olmayın, Hikmət məllim, heç kim biləsi deyil. Ancaq mənə elə gəlir, bizi içəridən satan var. Bəlkə də bu işləri rəhmətlik Adil müəllimin oğlu qarışdırır. 
- Yox əşi, - Hikmət özünü bilməməzliyə vurdu, - onun nə işinə? Əmisinin şirkətinə pislik eləməz, axı. Atasına qoydurduğum o boyda baş daşından utanmazmı, yəni? Nəysə, get mənə bir kilo yaxşı göycə alçası al gətir, burda biraz viskim qalıb, içim, özümə gəlim, dünən çox içmişəm. 
Köməkçi alçanı alıb xəlvətcə gətirdikdən sonra Hikmət şkafdan götürdüyü yarımçıq şotland visksindən bir qədəh süzüb başına çəkdi və üstündən alça yedi. Qədəhi dərhal yenidən doldurub qarşısına qoydu və öz-özünə:
- Görəsən, şotlandlar bunu alça ilə işməyin ləzzətini bilirmi? – söyləyib güldü, kefi açıldı. Onun bu halı alt yaddaşdakı Tofiqin də xoşuna gəlmişdi. 
Hikmət biraz özünə gələn kimi  xaricdə yaşayan oğlu, onları rüsvay eləyən qızı və uşaqların arxasınca  gedən həyat yoldaşını xatırladı. Ailə üzvləri hər dəfə yadına düşəndə dəli olur: "Məni bədbəxt elədilər bunlar!” 

Hikmətin Türkiyədə təhsil almış qızı Sara ana  qohumu ilə ailə qurmuşdu, yaşamaq üçün bütün gözəlliklər onların xidmətində idi. Həyat yoldaşı sahibkarlıqla məşğul olur, Sara isə atasının şirkətində çalışırdı. Yeni Hikmətin yaddaşında qızının boşanma tarixçəsi yavaş-yavaş aydınlanırdı. 

Demək, bir gün Sara öz işi ilə əlaqədar Türkiyəyə simpoziuma gedəsi olur. Qızına yoldaşlıq eləmək  üçün anası da onunla birgə Antaliyaya uçur. Tədbirin sonuncu günlərində Sara anasına deyir ki, sabah burada olan tələbə yoldaşlarımızla görüş keçirəcəyik. Sabah axşamdan başlanan həmin görüş gecə yarısına qədər davam edir. Gecə otelə qayıtmayan Saradan narahat olan anası dalbadal zəng etsə də qızı telefonu götürmür. Qızının bu hərəkətindən təşvişə düşən ana votsapda ona: "Təcili mənə zəng elə!” yazır. Gecə yarısı Sara zəng edib tələbə yoldaşları ilə əyləndiyini, səs-küydən onun zəngini eşitmədiyini, birazdan otelə dönəcəyini söyləyir. Sara səhərə yaxın içkili vəziyətdə otelə, anasının yanına qayıdır. Sonradan məlum olur ki, həmin gecə Sara Türkiyədə yaşayan suriyalı ərəb tələbə yoldaşı ilə eşq yaşayırmış. Bəs, bu əhvalatı Saranın atası haradan bilib? Demək, suriyalı tələbə yoldaşı Saranın atasının zəngin biri olduğunu bilir və onu şirin dilə tutaraq xatirələr qoynunda öz otel otağına aparır. Hər ikisi sərxoş olub açıq-saçıq eşq macərası yaşayırlar. Sən demə, ərəb gədəsi həmin gecəyə başqa cür hazırlaşıb, əvvəlcədən otağa videokamera quraşdırıbmış. Onlar Bakıya qayıtdıqdan sonra suriyalı sevgilisi həmin video görüntünü Saraya göndərərək bu biabırçılığı paylaşmaması üçün ondan yüz min dollar pul tələb edir. Sara əlacsız qalıb dərdini anasına danışır. Anası məcburən əhvalatı Hikmətə söyləyəsi olur. Ata hirsindən boğulsa da azyaşlı övladı olan qızının ailəsinin dağılmaması üçün tələb olunan məbləği verir. Beləcə, suriyalı onlardan dəfələrlə iri məbləğdə pullar qopara bilir. Bir gün suriyalıdan Saraya daha ağrılı təklif gəlir: "Ya Türkiyəyə gəlib mənimlə ailə quracaqsan, ya da bu videonu həyat yoldaşına göndərəcəm!” 

Ailədə hamı biri-birinə dəyir. Təkcə Saranın İngiltərədə yaşayan qardaşı Radik bu əhvalatdan xəbərsiz olur. Anası götürüb ərəbə zəng eləyir, nə qədər yalvarsa da onu yola gətirə bilmirlər. Suriyalı gədə "Sara gəlsin, mən onu sevirəm, vəssalam!” – deyə əl çəkmir. Axırda ana-bala bu qərara gəlirlər ki, ərəb rüsvayçı videonu yaymamış əhvalatı özləri açıb Saranın həyat yoldaşına desinlər. Arvadının bu təklifinə Hikmət də məcburən razılaşır. Bir gün Hikmətin arvadı Sara ilə onun uşağını, hər ehtimala qarşı, öz evlərinə gətirərək kürəkənləri ilə söhbətə gedir. Anası qızının xəyanətini yumşaltmağa cəhd edərək bu hadisəni təsadüfi bir səhv kimi qələmə verib kürəkənini dilə tutmağa çalışır. Saranın həyat yoldaşı söhbətin yarısındaca qollarıyla başını tutaraq: "Rədd olun hamınız! Bir də sizi bu evdə görməyim! Nə sizi, nə də qızınızı!” – deyə pıçıltı ilə bağırır. 

***

Bu əhvalatdan uzun müddət depressiya yaşayan  Saranı azacıq da olsa ovutmaq üçün anası onu Londona, qardaşının yanına aparır. Onlar bir müddət Radikin yaşadığı evdə qalırlar. Saranın da kədəri getdikcə soğulmağa başlayır. Radikin bəzi hərəkətləri ana-balaya qəribə gəlsə də bunu yerli mühitin gəncə təsiri kimi yozurlar. 
Bir gün Radik onlara: 
- Ana, gəlin, sizi başqa evə köçürüm, zəng eləyərik papa da kirayəpulunu göndərər. Çünki, mənim yanıma dost-tanış çox gəlir, sizi də, balacanı da narahat edəcəyik. Balacaya görə sizə geniş bir həyət evi lazımdı, - deyir. 
Təəccübdən gözləri bərələ qalmış anası: 
- Bala, bəs, sənin o həyət evin necə oldu?  Dayan görüm, sən qulağına sırğa da taxırsan, dünən yox idi axı, belə şey? – soruşur. 
- Ana, nə həyət evi? Həyət evi idi o? Mərkəzdən uzaqlarda guya villa idi, çoxdan satmışam ee, onu!
Sırğamı neynirsən, Avropadı, burda hamı taxır daa...
Anası dəli kimi qışqırır:
- Ay binamus, sən nə danışırsan, satmışam nədi? Atan onu bir milyona almışdı, hanı bəs pullar? 
- Mama, qışqırma, burda səndən qorxan-zad yoxdu! Dedim, satmışam, pul lazım idi, satdım. Yeddi yüz minə zorla satdım. Nə puldu ki o? Biraz kazino, biraz yeyib-içmək, vəssalam, uçub getdi hamısı! 
- Ay daa, ilahiiii!!! Yəqin bizimlə məzələnirsən! Atan bilir heç olmasa?
- Yox! Hardan bilməlidi? Muştuluqlamalıydım? Satdım daa, lazım idi. Hələ bu evi də girov qoyub kredit götürmüşəm. Elə bilirsiniz Londonda yaşamaq asandı? Azərbaycana baxmayın ee, burda pul qazanmaq olmur! 
- Atan xoşbəxtdi ki, hələlik bu işlərdən xəbəri yoxdu...

***

Beləcə, alt şüurdakı Tofiqin yeni Hikmət yaddaşı işə düşdükcə faciələri bir-bir üzə çıxırdı. Tale dəyişikliyindən 20 gün keçsə də Hikmətin yoldaşı və qızı hələ ki geri qayıtmamışdı. Ona görə yeni yaddaşda oğlunun Londondakı villanı satması barədə məlumatı yox idi.
Yeni Tofiq isə köhnə qayda ilə hər gün arabanı götürüb şəhərin canına düşür, zibilliklərdə eşələnirdi. Yeni Tofiqlə bərabər onun arxa  yaddaşındakı Hikmət də özünü xoşbəxt hiss edirdi. Arxa yaddaşdakı Hikmətin şən olması yeni Tofiqin davranışına da xoş təsir edirdi. Onun əvvəlki vaxtlarından daha şən olması dostu Rəsulun nəzərindən yayınmırdı. Xüsusən də oturub bir yerdə araq içərkən Tofiq çox sevinir, əlini əlinə sürtüb xoşbəxtcəsinə içməyə hazırlaşır: "Götür vuraq ee, qardaş! Nə vecimizə, üçdə alacağımız yox, beşdə verəcəyimiz! Vur getsin!” – kimi sağlıqlar söyləyirdi. 
Dostu Rəsul da onun bu halını görüb sevinərək:
- Böyrək-möyrək ağrısı da gedib, deyəsən, öz işinin dalınca, - söyləyib gülürdü. 

***

Radik yalvarıcı səslə bacısına:
- Valla, bacı, getsəniz yaxşıdı. Belədə uşağa da rahat olardı. Bura qonaq gəlmək istəyən dostlarımı, partiləri müvəqqəti dayandırmışam. Mən də onlara qonaq gedirəm, içir, şənlənirik. Birazdan tökülüşüb gələcəklər, illərin dostlarını qovası deyiləm ki? Səs-küy, musiqi... bezəcəksiniz, - söylədi.  
- Mən bu evdən heç yana getməyəcəm! – anası onun üstünə qışqırdı. 
- Getməyəcəksən, özün bilərsən! – Radik qisasçı səslə dilləndi, - Getmə-getmə! Bax gör indi oğlun neyləyəcək? Dedim, yəni, heç olmasa siz bu halımı görməyəsiniz, - deyib paltar dolabının üst şkafından yumru bir şüşə qab çıxartdı. – Baxın-baxın! Sizə maraqlıdırsa, baxın! – dedi və şüşənin düyməsini basdı, gümüşü qapaq öz-özünə açıldı. O, barmağını şüşədəki ağ toza batırıb damağına sürtdü. Sonra yenidən: - Baxın-baxın! – qışqırdı. 
Narkoman oğlunun bu halını görən ana öz başını yumruqlayıb divana çökdü...

***

Hikmət axşam işdən evə dönəndə xanımı Londondan zəng edərək oğlunun evi satdığını, pulunu göyə sovurduğunu, heroinə qurşandığını söylədi. Köçürülmüş yaddaşda olmayan bu təzə söhbət, sərvətdə dinclik axtaran Hikmət üçün də yeni idi. O, köhnə yaddaşını canlandıraraq: "Deyəsən, mən bu ağırlığın altından çıxa bilməyəcəm. Deyir, narkoman oğlun üstəlik sırğa da taxır. Bu nə deməkdi, olmaya uşaq pozuldu orda, geylərəmi qoşuldu? Qızımın həyatı belə, oğlumun xətrinə dəymədim, istədiyini alıb verdim, o da elə! Kim bilir gizlinə düşəndə arvad nə hoqqalardan çıxır?! Demək, mən canımı girov qoyaraq yalnız bunlar üçün oğrun-oğrun pul qazanmalıyammış! Mənə zəng eləyəndə bircə dəfə "necəsən?” deməyiblər, yalnız pul istəyiblər. Sabah gedəcəm iş yerinə, qoy hesablasınlar görüm mənə nə qədər iş kəsəcəklər? Sabah iyirmi yeddinci gündü, deyəsən, öz taleyimi geri qaytarası olacam!” - deyə düşündü. 

***

Hikmət sabah tezdən şirkətin maliyyə şöbəsinin rəhbərini və hüquqşünası otağına çağırıb onlara:
- Xahiş edirəm, gedin, hesablayın görüm, bizim vergidən yayınma rəqəmimiz nə qədərdi? Sonra, büdcədən mənimsədiyimiz vəsaitləri saxta sənədlərlə ört-basdır edə bilərikmi? Adilin ölümü ilə bağlı nə yeniliklər var?
- Hikmət məllim, - şirkətin hüquqşünası dilləndi, - indicə mənə bildirdilər ki, sən demə, təhlükəsizlik orqanının əməkdaşları bizim başımızın altına yastıq qoyaraq şirkətimizin bütün sənədlərini yoxlayırmış. Birazdan gəlib sizin ölkədən çıxmamanız barədə order təqdim edəcəklər. Tezliklə məhkəmə olacaq. Adil müəllimin qətli ilə bağlı da istintaq gedir. Hesablamaq lazım gəlmir, şirkətin üstündə olan ittihamlara görə sizi 19-25 il arası həbs gözləyir. Adil müəllimin ölümünü də sizdən görsələr, allah eləməmiş,  ömürlük gedə bilərsiniz. 
Hüquqşünasın sözlərindən Hikmətin bənizi ağardı. Əlinin arxası ilə "çıxın” işarəsi verdi. Onlar otaqdan çıxan kimi şkafdan təzə viski şüşəsini götürüb açdı və badəni ağzına qədər doldurub içdi. Elə stəkanı yenicə yerə qoymuşdu ki, iki nəfər tanımadığı şəxs  otağa daxil oldu və gətirdikləri orderi ona təqdim edərək qol çəkdirdilər: "Məhkəməyə qədər yaxın on gün müddətində işdən və evdən başqa heç yerə getmək ixtiyarın yoxdur!”

***

Həmin gecə Radik anasıgilə acıq eləyərək "bay-bay!” deyib dal-dalı evdən çıxdı. Arvad Hikmətə zəng edib ona ağzına gələni deyərək, sanki oğlunun heyfini atasından çıxmağa çalışırdı: "Mən sənə deyəndə ki, onu belə qudurtma, gördün, axırda başımıza nə oyun açdı? İndi də heroinini götürüb evdən çıxdı. Nə bilim hara getdi? Guya nə fərqi vardı, onsuz, biz olmayanda da belə yaşayıb daa! Baax, Hikmət, sənə deyirəm, bu uşağı Bakıya gətirməsək burda bədbəxt olacaq. Onsuz da artıq bədbəxtdi, biraz da bədbəxt olacaq!” 
Hikmət də öz dərdini açıb tökdü: "Ay arvad, indi mən burdan oraya neyləyə bilərəm? Xəbəriniz yoxdu ee, mənim halımdan! Bu gün mənə evdən çıxmamaq barədə order verdilər. Bəli-bəli, tutacaqlar daa, əvəl-axır! Hüquqşünasım dedi, üst-üstdən iyirmi beş ilə qədər türmə gözləyir məni! Bə, nə bilmişdiniz? Kef eləyirdiniz ee, mənim hesabıma! Ömrümü yeyib bitirdiniz, uje! Qızın elə, oğlun belə! Neyləyim indi mən?”

***

Bu telefon danışığından üç gün keçmiş Londondakı evin qapısının zəngi çalındı. Sara cumub gözlükdən baxdı ki, qardaşıdı. Tezcə qapını açdı. Qardaşının kefi kök idi. Anası onun üstünə hücum çəkdi:
- Bala, hardaydın, niyə bu üç gün müddətində heç olmasa zəng eləməmişdin? Ana-bacını damın altında qoyub hansı cəhənnəmə getmişdin, həə? Hansı narkomanın yanında idin?
- Ay ana, sən ki, qalıb mənim həyatımı öyrənmək istəyirsən, buyur! Birazdan dostlarım da gələcək, - Radik şırtıq çalıb ortada bir kruq fırlandı. 
Elə bu zaman qapının zəngi yenidən çalındı. 

Radik: - Gəldilər! – deyib qapıya cumdu. Evə üç nəfər oğlan, bir nəfər də alnına qədər tatu  döyülmüş gənc qız daxil oldu. Radik qonaqları ana-bacısı ilə tanış elədi. Onlar ananın qarşısında bir-bir ironiya ilə qucaqlaşıb yan otağa keçdilər. Gələnlərin arasında suyuşirin bir zənci oğlan da vardı. Radik zəncini öz yanına çağırıb anasına dedi: 
- Anacan, tanış ol, bu mənim sevgilimdi! Necədi? Mənim həyat tərzim səni qane elədi? – deyib zənci oğlanla dodaq-dodağa öpüşdü. Anası ikrahla onun sinəsindən geri itələyib halsız vəziyətdə divana çökdü. Sara yüyürüb ona su gətirdi, anası içmək istəmədiyini dedi. Sara onu sakitləşdirmək üçün:
- Ana, sən onun dediklərinə çox da inanma. Bunların hamısını o, bizim acığımıza eləyir. Boş şeydi! Mənim qardaşım heç vaxt gey olmaz! – söylədi. 
Anası halsızca: Yox qızım, yox, elə belədir ki var! – dedi. – Yadımdadı, burada yaşayan bir yerlimiz qardaşından şübhələndiyini zəng edib atana demişdi. Atan da "paxıllıqdan uşağa şər atırlar” deyib inanmamışdı. Ancaq ürəyində şübhə qaldığını da mənə bildirmişdi. Vallah, belə olsa mən zəhər içib özümü öldürəcəm! Dur gedək, qızım, dur gedək! Uşağı da oyat, hazırlaş, gedək oteldən-zaddan tapıb başımızı soxaq ora! Dur-dur, dur hazırlaş! – deyib hirslə qızı dümsüklədi. 

Onlar yaxınlıqdakı balaca bir oteldə yerləşən kimi arvad dərhal Hikmətə zəng elədi. Hikmət şirkətdə öz otağında fikrə getmişdi. Telefonu açıb "bəli!” deyən kimi arvadın səsi qulağından beyninə işlədi:
- Bəlin şirin! Bir vaxtlar şübhələndiyimiz şey də gerçək imiş! Oğlun həqiqətən gey çıxdı! Belə sənin o qiymətli kəllən haqqı, zənci sevgilisini də gördük. Nə yalan ee? Özü dedi bizə. Mənə inanmırsan, qızından soruş! Zəncini bizə təqdim elədi ki, tanış olun, bu da mənim sevgilimdi! İndi bilmirəm, gəlin hansıdı, bəy hansı? Bu söhbətdən sonra mən el içinə çıxa bilməyəcəm! İlahi, bu nəydi? Allah, niyə başımıza daş yağdırmır?..
Hikmətin alt yaddaşı hesabladı ki, bu gün taleyini dəyişməsinin düz otuzuncu günüdü: "Gecikmək olmaz! Yoxsa durduğum yerdə "milyonlar yemisən” deyib  içəri basacaqlar məni. Əvəzimdə zibillik eşələyən Tofiq də uzaqdan baxıb bu axmaqlığıma güləcək. Bugün mütləq çinarın dibinə gedib körpə Tanrını çağırmalı, öz taleyimi geri almalıyam! Mütləq! Tüpürərəm bunun zəngin həyatına! Geciksəm batdım!” 

Axşama dönən kimi Hikmət öz otağından zəng edib sürücünü çağırdı və evə getmək istədiyini bildirdi. Az keçməmiş  gəlib Hikmətin evinə çatdılar. Maşın  avtomatik yuxarı qalxan darvazanın arxasınca  həyətə daxil oldu. Hikmət həyətdə maşından düşərək sürücüsünə: 
- Heç yerə getmə, ürəyim darıxır, qaranlıq olana qədər otur mənimlə, - dedi. 
Sürücü "baş üstə!” deyib besedkaya tərəf addımladı. Hikmət evə qalxıb əynini dəyişdi və idman formasında aşağı, sürücünün oturduğu yerə qayıtdı. Onlar qaranlıq düşənə qədər nərd oynayaraq başlarını qatdılar. Gecə Hikmət sürücüyə dedi: 
- Sən öz telefonunla taksi çağır, mənə Azadlıq küçəsindəki bir çinarın yanına getmək lazımdı. 
Sürücü:
- Oturun, özüm aparım daa, - söylədi.
- Yox-yox, sən bilmirsən, mənə evdən kənarlaşmaq olmaz, gərək xəlvət gedəm, maşınımızı saxlaya bilərlər, ona görə taksi lazımdı. Sən evdə qalarsan, mən tək gedib qayıdacam. 
Beş dəqiqə keçməmiş taksi gəldi, Hikmət qapıdan çıxıb taksinin arxa oturacağında əyləşdi. 
O, doğma çinarının yanında taksidən düşdü. Taksi uzaqlaşan kimi bir siqaret yandırıb çinara söykəndi və ürəyində:
- Ey körpə Tanrım, haradasan? – deyə astadan səsləndi.  
Bu zaman körpə Tanrı ötən dəfəki kimi onun qarşısında peyda oldu və:
- Buyur, söylə görək! – deyib məsum bir təbəssüm göstərdi.

Hikmət yalvarıcı səslə ona:
- Ey gözəl Tanrım, gərək bağışlayasan, mən öz taleyimi dəyişməyimə peşman olmuşam. Xahiş edirəm məni əvvəlki halıma qaytarasan, -  söylədi.
- Yaxşı, çıx get, Tofiq! – Balaca Tanrı ərkyana Hikmətə əmr elədi və kənarda dayanmış zibil arabasını ona göstərərək: - Odur, doğma araban da səni gözləyir! Artıq, sən Tofiqsən! Ancaq yazıq Hikmət bayaqdan ağlayıb göz yaşı tökür, heç taleyini geri götürmək istəmir! – deyib Balaca Tanrı qeyb oldu.
Hikmət qiyafəsindən geri dönmüş kirli-pasaqlı Tofiq sevinə-sevinə öz arabasına doğru qaçdı...  
 
Murad Köhnəqala

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->