XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Korrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?
Ölkə15:23 06.10.2026

Korrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?

Korrupsiya barədə məlumatlara 20 iş günü ərzində baxılacaq.

Qaynarinfo-nun məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsində əksini tapıb.

Layihədə qeyd olunur ki, səlahiyyətli struktur bölmə (şəxs) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən dərhal sonra qeydə almalı və onun qeydə alınmasını informasiyanı verən şəxsə bildirməlidir.

Səlahiyyətli struktur bölmə (şəxs) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 iş günü müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini poçt vasitəsilə və ya elektron formada məlumat verən şəxsə bildirməlidir. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda təşkilat rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır. Müddətin uzadılması məlumat verən şəxsə bildirilir.

Araşdırmanın gedişində əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda səlahiyyətli struktur bölmə (şəxs) təşkilatın digər qurumlarına və ya digər təşkilatlara sorğu göndərə bilər. Bu halda həmin sorğu yeddi iş günündən gec olmayaraq cavab verilməlidir.

Təşkilatın rəhbəri araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:

- müraciətin əsaslı olduğu təsdiq edildikdə və əməldə mülki-hüquqi və ya inzibati məsuliyyət yaradacaq əlamətlər olduqda Mülki Məcəllə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olduqda isə müvafiq sənədlərin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına göndərilməsi barədə;

- müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə;

- müraciətin əsaslı olduğu təsdiq edilmədikdə müraciət üzrə icraata xitam verilməsi barədə.

Məlumat verən şəxsə qəbul olunmuş qərar haqqında əsaslandırılmış cavab verilməklə həmin qərardan şikayət etmək hüququ izah olunur.

Məlumat verən şəxsin təşkilat rəhbərinin qərarından yuxarı vəzifəli şəxsə şikayət vermək hüququ vardır. Bu müddəa məlumat verən şəxsin təşkilat rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.