Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin yaxın vaxtlarda Türkiyə ilə sərhədin açılmasını, Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqələrinin bərpasını gözlədiyini bəyan edib.
İrəvanda keçirilən Ermənistan-Böyük Britaniya biznes forumunda çıxış edən Paşinyan bildirib ki, TRIPP layihəsinin inkişafı ilə paralel olaraq Ermənistan-Türkiyə sərhədinin açılması, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə dəmir yolu xətlərinin işə salınması mümkündür.
Ən diqqətçəkən məqam isə Paşinyanın məsələyə yalnız Ermənistanın qonşuları ilə əlaqəsi kimi baxmaması olub. Onun təqdim etdiyi mənzərədə söhbət Fars körfəzi ilə Qara dənizi birləşdirə biləcək böyük tranzit sistemindən gedir. Bu, artıq dəmir yolu məsələsi deyil, bu, xəritə məsələsidir.
TRIPP-in ətrafında formalaşan marşrutlar reallaşarsa, Ermənistanın coğrafi mövqeyi dəyişməyəcək, amma onun bu coğrafiyadan istifadə imkanları dəyişəcək. Ölkə illərdir regional nəqliyyat layihələrinin kənarında qalmaqdan şikayətlənirdi. İndi isə İrəvan həmin vəziyyəti dəyişmək və öz ərazisini Şərqlə Qərb, Şimalla Cənub arasında keçid məkanına çevirmək istəyir.
Nikol Paşinyanın “Sülhün kəsişməsi” adlandırdığı konsepsiyanın iqtisadi mahiyyəti də buradadır.
Ermənistanın Türkiyə ilə sərhədinin açılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Gümrü üzərindən Türkiyəyə çıxışın bərpası Ermənistanı Qərbə bağlayan xətti yenidən hərəkətə gətirə bilər. Azərbaycanla dəmir yolu əlaqəsinin qurulması isə Ermənistanı şərq istiqamətində yeni nəqliyyat sisteminə daxil edər.
Beləliklə, bir-birindən ayrı görünən yollar yavaş-yavaş vahid şəbəkənin elementlərinə çevrilir.
Nikol Paşinyan təcriddən qurtulmaq üçün bu marşurutlara ümid bəsləyir - Azərbaycan-Naxçıvan-Ermənistan xətti, Ermənistan-Türkiyə bağlantısı, İran-Ermənistan-Gürcüstan istiqaməti, Qara dəniz və Fars körfəzi arasında mümkün bağlantı. Bunların üzərinə avtomobil yolları, enerji xətləri, qaz və neft kəmərləri, elektrik şəbəkələri və kommunikasiya kabelləri əlavə olunur. Bu mənzərədə əsas sual artıq “Ermənistan hansı yolu açır?” deyil.
Əsas sual budur ki, bu yolların hamısı bir-birinə necə bağlanacaq? Çünki müasir geosiyasətdə yol sadəcə yol deyil. Dəmir yolunun yanında elektrik xətti varsa, qaz kəməri varsa, fiber-optik kabel varsa, avtomobil magistralı və logistika mərkəzi varsa, artıq söhbət infrastrukturdan yox, geosiyasi arxitekturadan gedir. Məhz buna görə Paşinyanın açıqlamasına yalnız İrəvan-Ankara münasibətləri prizmasından baxmaq kifayət deyil.
Burada Azərbaycanın da strateji hesabı var. Azərbaycan son illərdə özünü Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşən əsas tranzit ölkələrindən biri kimi təqdim edir. Bakı-Tiflis-Qars dəmir yolu, Ələt limanı və Orta Dəhliz bu siyasətin əsas elementləridir. Naxçıvan istiqamətinin açılması isə bu sistemə başqa bir ölçü əlavə edir. Azərbaycan üçün Naxçıvanla quru və dəmir yolu bağlantısının yaradılması yalnız iki coğrafi məntəqənin birləşdirilməsi demək deyil. Bu, Türkiyə ilə birbaşa bağlantının güclənməsi və Orta Dəhlizin cənub istiqamətində yeni imkan qazanması deməkdir.
Amma burada incə məqam da mövcuddur. Ermənistanın tranzit sisteminə qoşulması avtomatik olaraq Azərbaycanın rolunun azalması anlamına gəlmir. Əksinə, əgər marşrutlar bir-birinə bağlanarsa, Azərbaycanın yerləşdiyi coğrafiya daha geniş şəbəkənin mərkəzi elementlərindən birinə çevrilə bilər. Əlbəttə, bunun əksi də mümkündür. Əgər Cənubi Qafqazda hər bir dövlət öz marşrutunu digərlərinə alternativ kimi qurmağa başlayarsa, region nəqliyyat əməkdaşlığından daha çox dəhliz rəqabəti məkanına çevriləcək. Yəni, Ermənistan Türkiyəyə çıxış axtaracaq.
Azərbaycan Naxçıvan bağlantısını genişləndirəcək. Gürcüstan Qara dəniz istiqamətini gücləndirəcək. İran şimal bazarlarına çıxış imkanlarını artırmağa çalışacaq. Türkiyə isə bütün bu xətlərin öz ərazisində birləşdiyi əsas logistika mərkəzlərindən birinə çevrilmək istəyəcək.
Bu halda Cənubi Qafqazda yeni rəqabətin predmeti torpaqdan daha çox yol olacaq. Kim yükü öz ərazisindən keçirəcək? Kim tranzit haqqı qazanacaq? Kim enerji və kommunikasiya xətlərinə nəzarət edəcək? Kim regional logistikanın vazkeçilməz həlqəsinə çevriləcək? Əsl mübarizə burada başlayır.
Üstəlik, Ermənistanın bu layihələri həyata keçirmək niyyətinin arxasında yalnız iqtisadi motivlər axtarmaq da kifayət deyil. Tranzit ölkəyə çevrilmək siyasi çəkini də artırır. Çünki beynəlxalq ticarət marşrutuna qoşulan ölkənin təhlükəsizliyi və sabitliyi artıq təkcə özünün daxili məsələsi olaraq qalmır. Burada böyük dövlətlərin maraqları da işə qarışır. Avropa üçün alternativ enerji və ticarət yolları, Türkiyə üçün Şərq-Qərb bağlantısı, İran üçün şimal istiqamətində çıxış, Azərbaycan üçün Naxçıvan və Orta Dəhliz, Ermənistan üçün isə regional blokadadan çıxaraq tranzit xəritəsinə daxil olmaq imkanları meydana çıxır. Deməli, eyni yol müxtəlif paytaxtlarda tamamilə fərqli hesablarla qiymətləndirilir.
Nikol Paşinyanın açıqlamasının ən mühüm tərəfi də məhz budur. Ermənistan artıq yalnız sərhədlərin açılmasından danışmır. İrəvan özünü yeni regional nəqliyyat sisteminin iştirakçısı kimi təqdim edir.
Bu isə Cənubi Qafqaz üçün yeni mərhələnin başlanğıcı ola bilər. Çünki XXI əsrdə geosiyasi güc yalnız əraziyə və orduya sahib olmaqla ölçülmür. Limanlar, dəmir yolları, enerji dəhlizləri, kommunikasiya kabelləri və logistika mərkəzləri də dövlətlərin çəkisini müəyyənləşdirir. Bir ölkənin xəritədə yerləşməsi dəyişmir. Amma onun üzərindən keçən yollar dəyişəndə həmin ölkənin geosiyasi əhəmiyyəti də dəyişə bilər.
İndi Cənubi Qafqaz qarşısında duran əsas məsələ “yeni yollar bir-birinə rəqib olacaq, yoxsa vahid regional sistem yaradacaq” sualına cavab tapmaqdır.
Nikol Paşinyanın açdığı qapının arxasında əslində bu sual dayanır. Görünür, qarşıdakı illərdə Qafqazda ən böyük mübarizə sərhədlər uğrunda deyil, yollar uğrunda gedəcək.
Siyasət şöbəsi
Şərhlər