XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Kristal Estetik" klinikası və direktoru cərimələndi
Ölkə13:09 22.09.2026

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

“Kristal Estetik” klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Qaynarinfo xəbər verir ki, araşdırma zamanı “Kristal Estetik” MMC tərəfindən vətəndaş Aytəkin Musayevanın əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən kosmetoloq vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.

Bundan əlavə, A. Musayevanın ali tibb təhsilinin olmadığı, habelə vətəndaşa tətbiq edilmiş prosedurla bağlı tibbi sənədləşmənin aparılmadığı müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda “Kristal Estetik” MMC və cəmiyyətin direktoru Roza Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 215.4-cü (ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanıb və işlər baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarları ilə “Kristal Estetik” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 20 min manat, 215.4-cü maddəsi ilə 6 min manat, cəmiyyətin direktoru R. Əliyeva isə həmin Məcəllənin 192.1-ci maddəsi ilə 3 min manat məbləğində inzibati qaydada cərimə edilib.