XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Məktəblərdə vahid geyim qaydası: Ekspert valideynlərin məsuliyyətindən danışdı
Ölkə12:48 22.09.2026

Məktəblərdə vahid geyim qaydası: Ekspert valideynlərin məsuliyyətindən danışdı

“Düşünürəm ki, dünyəvilik prinsipinin qorunması və şagird, müəllim, məktəb münasibətlərində bu bərabərliyin təmin olunması təhsilə və elmə müəyyən fayda verəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli ümumtəhsil məktəblərində şagirdlərin vahid geyim formasında təhsil almasının üstünlüklərindən danışarkən deyib.

Onun sözlərinə görə, ümumtəhsil məktəblərində şagirdlərin vahid geyim formasında olması ilə bağlı qaydalar artıq bir neçə ildir tətbiq edilir:

“2022-ci ildə edilən son dəyişiklikdən sonra bəzi valideynlərlə məktəb rəhbərliyi və sinif rəhbərləri arasında müəyyən narazılıqlar yaranmışdı. Çünki vahid geyim forması ilə bağlı müxtəlif təkliflər var idi. Hər bir məktəbin pedaqoji şurası təklif olunan dörd geyim formasından birini seçə bilərdi. Bu istiqamətdə məktəblər pedaqoji şuraların qərarı ilə öz geyim formalarını müəyyənləşdirdilər”.

Məzahir Məmmədli xatırladıb ki, 2022-ci ildəki son dəyişiklikdən sonra valideynlərlə bağlı başqa bir məsələ də gündəmə gəlib:

“Məsələn, bəzi valideynlər övladlarının yanında oturan hicablı şagirdlə bağlı xüsusi narazılıq ifadə edirdilər. Şagird hansısa valideynin təsiri altında bu qiyafədə məktəbə gəlməyə məcbur olduğunu bildirirdi. Bu kimi məsələlər müzakirələrə səbəb olmuşdu. Problem geniş ictimaiyyətə çıxdı və media vasitəsilə müzakirə olunmağa başladı. Sonda məsələ Milli Məclisin Elm və Təhsil Komitəsinə qədər gedib çıxdı. Məsələ ilə bağlı təkliflər müzakirə olunduqdan sonra Nazirlər Kabineti yekun qərar verdi”.

Ekspert vurğulayıb ki, əvvəlki illərdən fərqli olaraq, geyim formasını tənzimləyən qaydalarda valideynlərin məsuliyyətini müəyyən edən əlavə müddəa da yer alıb:

“Həmin bəndə görə, artıq valideynlər də məsuliyyət daşıyırlar. Qanunda ayrıca bir bənd valideynlərə həsr olunub. Valideyn şagirdin məktəbdə müəyyən edilmiş vahid geyim formasına riayət etməsini təmin etməlidir. Bu isə valideynlər üçün əlavə məsuliyyət yaradır”.

Bahar Rüstəmli