"Macarıstan gələcəkdə Azərbaycan, Qətər və Türkiyədən böyük həcmdə qaz almağı planlaşdırır, lakin regionda boru kəmərinin gücü bunun üçün yetərli deyil”.
Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Buxarestdə keçirilən 6-cı Rumıniya Beynəlxalq Qaz Konfransında (RIGC 2023) çıxış edərkən deyib.
Ölkəsinin qazın əsas hissəsinin hələ də Rusiyadan aldığını və mənbə ilə tədarük marşrutlarının şaxələndirilməsinin illüziya olaraq qaldığını vurğulayan diplomat buna səbəb olaraq Cənub-Şərqi Avropanın bu baxımdan yetərli gücə malik olmadığını qeyd edib. Onun fikrincə, sözügedən bölgədə boru kəmərinin gücü bunun üçün yetərli deyil və belə şəraitdə diversifikasiya sadəcə illüziya olaraq qalır.
XİN başçısı bildirib ki, qaz kəmərlərinin ötürmə qabiliyyətini artırmaq üçün əlavə vəsait lazımdır, lakin Cənub-Şərqi Avropa ölkələri üçün onları tapmaq çətindir və Avropa Komissiyası bu təşəbbüsün maliyyələşdirilməsi sorğusunu təsdiqləməkdən imtina edir.
Bu səbəbdən, onun fikrincə, "şaxələndirməyə ən böyük əngəl Brüsselin özü və bəzi Aİ üzvləridir”.
Siyarto əlavə edib ki, Macarıstan boru kəməri və interkonnektor imkanlarını genişləndirmək üçün qonşuları və tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək.
Şərhlər