Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmaq ərizəsini ratifikasiya etməyə hazır deyil. Gözləntilərə və əvvəlki təminatlara baxmayaraq, bu məsələ parlamentin qarşıdan gələn iclasının gündəliyində yoxdur.
Bu barədə Qaynarinfo Euractiv-ə istinadən xəbər
verir.
Nəşrin qeyd etdiyi kimi, İsveçin NATO-ya üzv olmaq üçün müraciət etmək qərarına gəlməsindən bir il yarım keçib. Budapeştin İsveçin təklifini ratifikasiya edən sonuncu ölkə olmayacağına dair vədinə baxmayaraq, Türkiyə təsdiqlənməyə yaxınlaşdıqca bu, qaçılmaz görünür. Ankarada bu məsələ ilə bağlı irəliləyiş var. Parlamentin Xarici əlaqələr komitəsi noyabrın 16-da məsələ ilə bağlı səsvermə keçirməlidir. Türkiyə parlamenti tərəfindən ratifikasiya o zaman sürətlənə bilər.
Euractiv-in məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 17-də Almaniya kansleri Olaf Şoltsla görüşəcəyi Berlinə müsbət xəbərlər gətirməyi planlaşdırır. Bu arada, Macarıstan parlamenti gələn həftə Budapeştdə toplanacaq zaman bu məsələ gündəmdə olmayacaq. "Macarıstan parlamenti İsveçin NATO-ya müraciətini ratifikasiya etməyə hazır deyil”, deputat Aqnes Vadai təsdiqləyib.
Bundan əvvəl Baş nazir Viktor Orban bildirib ki, Macarıstanın parlamentin ratifikasiyası ilə təsdiqlənməsi sadəcə formallıqdır, çünki məsələ artıq komitələrdə müzakirə edilib və qərar verilib.
Son vaxtlar səsvermə bir neçə dəfə təxirə salınıb. Macarıstan siyasətçiləri ölkənin demokratik inkişafı ilə bağlı tənqidlərə görə bir çox digər Avropa siyasətçilərinin ifadə etdiyi narahatlıqlara bənzər izahat tələb edirlər. Bununla belə, İsveç hökuməti Macarıstan tərəfindən heç bir maneənin olmayacağına əmindir. "Biz bu gün bunu müzakirə etmədik, lakin mesaj həmişə eyni olub- Macarıstan İsveçin ərizəsini ratifikasiya edən sonuncu ölkə olmamalıdır", - Müdafiə naziri Pol Yonson noyabrın 14-də Brüsseldə deyib.
Lakin Budapeşt alyansın genişlənməsi və Ukraynaya dəstək baxımından NATO üçün problemə çevrilib. Macarıstan Ukraynada müharibə hələ də davam edərkən Moskva ilə enerji əlaqələrini genişləndirdiyinə, dəfələrlə sülhə çağırış etdiyinə, NATO-Ukrayna Şurasının yaradılması müqabilində Kiyevdən milli azlıqların müdafiəsi üçün yüksək standartlar tələb etdiyinə və Aİ-nin Ukraynaya maliyyə yardımının dayandırmasına görə tənqid atəşinə tutulub.
Nizami Bağırov
Şərhlər