Məqsəd Nur
Sənət 13:08 31.07.2023

Milli ədəbiyyatın satınalınması

Mədəniyyət nazirliyi tabeliyindəki kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək məqsədilə "Nəşrlərin satınalınması müsabiqəsi” elan etdi. Təqdim olunan siyahıda əksər istiqamətləri əhatə edən kitablar olacaq. Bədii ədəbiyyatdan savayı.

Düzünü deyim, bir qədər kədərli səslənsə də sevindirici haldır. Axırı, milli ədəbiyyat mədəniyyət nazirliyinin yaxasından əl çəkməyin vaxtı yetişdiyini öyrənmiş olacaq. Bu nazirliyin balansından o qədər mənasız yaradıcı biriliklər büdcə qamarlayır ki, onların funksionallığını araşdırmadan, milli ədəbiyyatın durumunu təhlil etmək mümkün deyil. Yəqin bu məsələlər sentyabrın 2-4-də Şamaxıda start götürəcək "Azərbaycan Dili və Ədəbiyyatı Forumu"nda ciddi müzakirələrə səbəb olacaq. 

Bəziləri düşünür ki, əgər kitabxanalarda bədii ədəbiyyat üstünlük təşkil etməyəcəksə, işimiz qolay olmayacaq. "Parlaq imzalar" nəşriyyatının rəhbəri Nurman Tariq bəydən sitat: "Alış siyahısında ilk sırada elmi və elmi-kütləvi ədəbiyyat yer alır. Çox gözəl, amma indi bunun məqamı deyil axı! Ümumiyyətlə, nazirlikdə statistika varmı ki, ölkədə il ərzində nə qədər elmi-kütləvi ədəbiyyat nəşr edilir? Mən deyim, ümumi kitabların 10%-ni belə təşkil etmir. Əgər bu alışın məqsədi həm də nəşriyyatlara dəstəkdirsə, onda niyə nəşriyyatların əsas məhsulları alınmır? Özü də kitabxanalarında olan kitabların 65%-i kiril əlifbası ilə olan bir ölkədə. O kitabların əksər hissəsi də bədii ədəbiyyatdır. Onları nə ilə əvəz edəcəyik? Məncə, bu aydındır ki, bədii ədəbiyyatın inkişaf etmədiyi ölkələrdə elmi və elmi-kütləvi və digər ədəbiyyatlar geniş oxunula bilməz, ümumiyyətlə mədəniyyət inkişaf edə bilməz. Kitabın, dilin, eləcə də mədəniyyətin əsasında bədii yaradıcılıq, bədii ədəbiyyat durmurmu? Axı bədii ədəbiyyat birbaşa Mədəniyyət Nazirliyi ilə bağlı hadisədir. Elmi-kütləvi və başqa ədəbiyyatlara təşviq isə daha çox digər qurumların işi deyilmi? Mədəniyyət Nazirliyi niyə Təhsil Nazirliyinin vəzifəsini özünə prioritet götürür ki?!" (Mənbə: Nurman Tariqin "facebook" səhifəsi).
Əslində mən də elə bu barədə yazmaq istəyirdim. Amma uzun-uzadı düşündükdən sonra qərara gəldim ki, Nurman bəylə razılaşmayım. 

Əvvəlcə onu deyim, müsabiqənin elan edilməsindən bir həftə vaxt keçməsinə baxmayaraq, Nurman Tarikdən başqa heç bir üzdə olan naşir məsələyə ciddi münasibət bildirməyib. Ən azı, tutarlı bir reaksiya gözümə dəyməyib. Bəlkə yaydır, hamı istirahət edir, bəlkə də susmaq lazımdır, nazirlik inciyər, orada oturan məmurlar və ekspert qrupu cınqırını çıxaran nəşriyyatdan digər kitabları da almaz? 

Öz-özümə düşünürəm, biz heç, bizi oxumasınlar, kitabxanalara da göndərməsinlər, bəs oxunmalı çoxlu əcnəbi yazarın işi necə olacaq? Axı alıcılıq qabiliyyəti sıfırın altında olan tələbə-gənclər kitabxanalarda həm də bədii kitab axtaracaq. Yəqin bu məsələlər də Şamaxıda başlayıb Bakıda davam edəcək forumda çox hörmətli ekstertlər, dilçilər, yazıçı və şairlər, o cümlədən naşirlərin gündəliyində olacaq. Hərçənd yazıçılarımız onu da başa düşməlidirlər ki, nazirlik dövlət siyasətini, nəşriyyatlar isə biznes siyasətini həyata keçirməyə borcludurlar. 

Mənim üçün isə sevindirici hal bircə odur ki, nəhayət, ədəbiyyatımızın Şirvanı da yada düşüb. Şuşa bir az nəfəs almış olacaq. Kitab satınalınmasının bu forması isə, nə qədər kədərli xəbər olsa da, ədəbiyyata gəlmək istəyənlərə (o cümlədən, Nurman Tariq kimi bədii ədəbiyyata dəyər verən naşirlərə) dərs olacaq ki, milli ədəbiyyat heç vaxt, heç bir halda hansısa nazirliyin əlinə baxmamalıdır. Özü öz cığırını açmalı, öz yolunu getməlidir. Və onun uğrunda savaşmaq lazımdır.  Çünki o buna layiqdir.

Məqsəd Nur