Dünya 17:22 18.05.2022

Müttəfiqləri Rusiyaya hərbi yardım edəcək? – Ekspert

"NATO-nun Ukraynaya yardım etməsini əsas gətirməklə Moskva KTMT-dən hərbi yardım ala bilər. Lakin düşünürəm ki, indiki mərhələdə hələlik Rusiyanın buna ehtiyacı yoxdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ukrayna müharibəsinin gedişində Rusiyanın KTMT-dən açıq şəkildə hərbi dəstək alıb-almayacağına münasibət bildirərkən deyib:
 
"Ukraynada ilişib qalması fonunda Rusiyanın KTMT-dən hərbi dəstək almasına qurumun nizamnaməsi imkan vermir. Bu da o deməkdir ki, KTMT üzvləri Ukrayna məsələsində açıq hərbi müstəvidə Moskvaya yardım etməyəcəklər. Həmçinin, düşünürəm ki, müharibə Ukrayna ərazisində getdiyi müddətdə KTMT tərəfindən Moskvaya rəsmi şəkildə belə bir dəstək olmayacaq”. 

Bununla belə, ekspertin fikrincə, hərbi əməliyyatlar Rusiya ərazisinə keçsə, Moskva bunu da təşkil edərək KTMT ölkələrini hərbi fonda yardım etməyə məcbur edəcək:
 
"Buna səbəb də tapacaqlar. İndiki halda, KTMT çərçivəsində olmasa da, sadəcə Rusiyaya münasibət çərçivəsində, Moskva bu ölkələrədn yardım istəyir. Rusiya bu ölkələrdən tələb edir ki, Qərbin sanksiyalarına qoşulmasınlar”.

Ayrı-ayrılıqda KTMT-yə üzv ölkələrə gəldikdə isə, politoloq düşünür ki, Qazaxıstan heç bir halda Rusiyanın bu istiqamətdə təzyiqinə müsbət cavab verməyəcək:
 
"Hazırda qeyri-hərbi müstəvidə KTMT ölkələrindən Rusiyaya dəstək verməkdən çəkinənlər, lazım gələndə ona hərbi müstəvidə dəstək verməkdən də boyun qaçıracaqlar. Buna misal olaraq Qazaxıstanı göstərə bilərik. Ermənistana gəldikdə, fürsət gözləyən bu ölkə vəziyyət Rusiyanın əleyhinə tam dəyişən kimi gəmidən qaçan ilk  ölkə olacaq. Yalnız Belarus sona qədər Rusiyanın yanında qalacaq”. 

Rüfət Sultan