Xəbər lenti

Natiq Miri:
Siyasət 23:08 18.09.2023

Natiq Miri: "Ərdoğanın təklifi Ermənistanın xilası üçün ən doğru yanaşmadır"

"Ərdoğanın dördtərəfli görüş təklifi mövcud problemlərin həllində və Ermənistanın xilası üçün ən doğru yanaşmadır"
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında görüşlə bağlı Türkiyə prezidentinin təklifini şərh edərkən deyib. 

"Ərdoğanla Putin arasında son Soçi görüşü öncəsi bildirmişdim ki, Türkiyə prezidentinin Azərbaycan-Ermənistan məsələsilə bağlı Rusiya prezidentinə konkret təklifləri olacaq. Artıq bu məsələ özünü göstərir. Ərdoğanın dördlü görüş təklifi indiki məqamda Rusiyanın da maraqlarına xidmət edir. Bu baxımdan, Kremlin Ərdoğanın təklifinə müsbət yanaşacağını düşünürəm. Bakı da həmçinin, məsələyə müsbət yanaşacaq. Hazırda Qərbin, xüsusən də ABŞ-ın regionumuza hər cəhətdən ekspansiyasını görürük. Xüsisilə də anti-Azərbaycan sərt ritorikasının artması və ABŞ-ın ölkəmizə münasibətdə 180 dərəcədə dəyişməsi göstərir ki, Ağ Ev artıq Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün Bakının maraqları əleyhinə də konkret siyasət yürütməyə başlayıb”, deyə Elşad Miri bildirib.
 


Həmsöhbətimiz Türkiyə prezidentinin təklifinə cavab olaraq, Ermənistanın dördtərəfli görüşdən çəkinəcəyini düşünür: 

"Hətta Paşinyan ikitərəfli görüşlər çərçivəsində hər zaman Azərbaycan Prezidentilə təkbətək görüşdən yayınıb. Ancaq hər bir halda, düşünürəm ki, regionda və prosesdə bilavasitə iştirak edən əsas dövlətlər Paşinyanı belə bir görüşə razılıq verməyə vadar edə bilərlər. Ərdoğanın təklifilə bağlı 3 dövlətin razılığı olandan sonra, Ermənistan rəhbərliyini də bu platformaya məcbur etmək olar”. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının müzakirələrində iştirak etmək üçün ABŞ-yə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında dördtərərli görüş keçirmək təklifilə çıxış edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->