Ölkə 15:03 04.10.2022

Şöbə rəisi: Edillidə tapılan qalıqlar hərbçilərimizə aiddir

Edillidə kütləvi məzarlıqlarla bağlı üç sahə aşkarlanıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu Məhkəmə-Tibbi Ekpertiza Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova deyib.
O bildirib ki, meyit qalıqları Azərbaycan hərbçilərinə aiddir:

"Meyit qalıqlarının başları sağa-sola, önə doğru əyilmiş vəziyyətdədir. Onların üzərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Bundan başqa, sahələrdən kimlik sənədləri, iki ədəd bıçaq, siqaret kötükləri, güllə, patron və gilizlər aşkar olunub. Aşkar olunan skeletlərin belində kəmərlər var. Bu kəmərin üzərindəki paslanmış dəmir lövhədə çəkic, oraq və ulduz təsvirləri qeyd olunub”.

Şöbə rəisi qeyd edib ki, skelet sümükləri qablaşdırılaraq Hərbi Prokurorluğun qərarları ilə birlikdə müayinə üçün məhkəmə-tibbi kriminalistika şöbəsinə göndəriləcək: "Daha dəqiq müayinələrə orada davam etdiriləcək”.