Bu yaxınlarda Bakıda ana dilimizin ən gənc yazıçıları – Orxan Saffari və Vüqar Van ilə tanış olmaq imkanım oldu. Aldığı müsahibədən sonra Vüqar məni yuxusunda görməsi ilə diqqətimi onsuz da cəlb etmişdi, o görüşdə isə "bəlağətli susqunluğ”uyla məndə özünə qarşı iki qat maraq yaratdı.
Orxan isə "novarçı” yeniyetməliyə və eybəcərliyə qarşı vətənpərvər və dəliqanlı dəlilləriylə məndə böyük hörmət oyandırdı. Onun "Kasıblıq insanda mənəvi qüsurlar yaradır, şəxsən mənə qarşı indiyəcən varlı insanlar yox, kasıb insanlar pis rəftar etmişdir” fikrini hələ də unutmamışam. Söhbət əsnasında mən onlardan həm ümumiyyətlə, həm də ölkəmizdə ədəbiyyatın funksiyasının nə olduğunu soruşdum.
Orxan mənə orada özünün "Hüznsov depressiya” adlı hekayələr kitabını "Ağalar müəllimə ən hüznlü sevgilərlə” avtoqrafıyla bağışladı.
Kitabı böyük maraqla oxudum. Əlbəttə, o yaşda yazılan kiçik və ilkin ədəbi nümünələrin məqsədi "Görəsən, məndən yazıçı çıxarmı?” sualıyla özünü sınamadır, iddiası hələ ki, ədəbiyyatın zirvələrini fəth etmək deyildir. Belə ilkin çıxışlar Leonardo da Vinçi sayaq uzaq gələcəyə göndərilən sirrli əsərlər kimi yox, yaxın ətrafa yazılan utancaq dəvətnamələr kimidir. Mən də bu hekayələri bu cür bir özünüsınama cəsarəti göstərən gəncin hekayələri kimi oxudum. Kitabda, məsələn, Çexov zirvəsi vardırmı, hekayələrdə sirrli rəmzlər, fəlsəfi lağımlar tapa bilərəmmi kimi suallarla və yaxud da, bunlar yoxdursa niyə yoxdur şikayətləriylə yox.
Nəticədə (indilik) iddiasız və təvazökar bir müəllifin (indilik) tələbsiz və şikayətsiz oxucusunun aşağıdakı cümlələri meydana gəldi. "İnqilab” hekayəsində hekayəni nəql edən qəhrəman Yelayda adlı xanımla ölkədə inqilab baş verən günlərdə tanış olur, onlar gecəni səhərəcən söhbət etməklə keçirirlər. Hekayədə qəhrəmanın dilindən Yelayda barəsində belə bir cümlə diqqətimi cəlb etdi: "Səhərə qədər ona vuruldum.” Adətən, ilk baxışda vurulurlar, uzun müddətə, dostluqla və s. sevirlər. Burada isə vurulma, sanasan, damcı-damcı, yığılma, toplanma (dialektik kumulyasiya – kəmiyyət dəyişikliyindən keyfiyyət dəyişikliyinə keçid) üsuluyla, gecədən səhərəcən çəkən tərəddüd, götür-qoy nəticəsində əmələ gəlir. Cümlənin quruluşunda eşqi tale, ilahi qismət, başa gələn qəfil bəla və s. kimi görən klassik eşq şairlərinə bir ironiya da sezilir.
Oxşar ifadəyə onun "Pünhan” hekayəsində də tuş gəldim. Hekayəni nəql edən qəhrəman Pünhanla dostluq edir, Pünhan sevdiyi qızla öpüşəndə onlara gözətçilik edir, başqa oğlanlar yaraşıqlı və çəlimsiz, səsi də titrək və həzin çıxan Pünhanı döymək istəyəndə bunun qarşısını alır və s. Ən axırda, yəni, Pünhan naməlum səbəbdən gənc yaşda qəfil öldükdə məlum olur ki, Pünhan deməyəsən qız imiş! "Hamıya pünhan qaldı o gözəl qız (Pünhan – A.Q.). İndi məzarını tapsaydım, laylay oxuyardım. Bir də sevmək istəyərdim onu...” Yenə sevmək qeyri-ixtiyari baş vermir, əksinə, qabaqcadan istənilir, arzulanılır, xəyal edilir.
Müəllifin ən çox bəyəndiyim hekayəsi, deyəsən, "Pox Əhməd” oldu. Əhməd qəsəbənin kanalizasiyaları təmizləyən santexnikidir. Ədəbi dilimizdə yeri olmayan bir sözlə düzələn çoxlu arqo ifadələr hekayəyə gözəl yerləşdirilib. Sonuncu cümlə bütün təhkiyəni hekayəyə çevirir və çox uğurludur: "Məhəllənin ortasındakı kanalizasiya qapağına baxdım. Əhməd üzümə gülürdü...” Ümumiyyətlə, Orxan əksər hallarda finalı yaxşı bir cümlə ilə yekunlaşdırmağı yaxşı bacarır.
Orxanın ədəbi mətndə həqiqi gerçəkliklə ədəbi gerçəkliyi iç-içə keçirməkdən xoşu gəldiyini hiss etdim. "Əsirlikdəki Qızılgül”, "Yazıçı” belə hekayələrdəndir. Məsələn, "Yazıçı” hekayəsi belə qurtarır: "Bu hadisədən yaxşı bir hekayə yazmaq olar!” Sanki bayaqdan oxuduğumuz hekayə yox, həqiqi gerçəklik imiş.
Beləliklə, mən gənc dostuma demək istərdim ki, ondan doğrudan da yazıçı olar. Lakin bir məsələni, özü də təkcə Orxan Saffari deyil, gənc yazıçılarımızın hamısı nəzərə alsalar yaxşı olardı. Belə ki, ədəbiyyatın funksiyası – istər ölkəmizdə, istərsə də bütün dünyada – funksiyasızlıq həddinədək inkişaf etmişdir. Bu isə o deməkdir ki, müasir dünyada xalis ədəbi məşğuliyyətlə öz dolanışığını təmin etmək tək-tək fərdlərə təsadüfən nəsib olur. (Füzulinin doqquz axça aylıq təqaüdə möhtac qalmasını da unutmuruq). Oxucular (oxu: alıcılar) ədəbi əsərləri zərurət kimi yox, hobbi kimi mütaliə (oxu: istehlak) etdiklərindən ədiblər üçün də ədəbiyyat hobbi olmağa məhkumdur. Çünki ədəbiyyat çörək deyil, tortdur. Deməli, gənc yazıçı gələcəkdə öz ədəbi hobbisiylə ciddi məşğul ola bilmək üçün əvvəlcə (əvvəlcə!) öz dolanışığını qazana biləcəyi bir peşəyə yiyələnməlidir. Əks halda, ölkəmizdə şəxsən elə mənim tanıdığım bir çox qələm adamı ədəbiyyata böyük eşqi və ədəbi istedadı olmasına baxmayaraq, dolanışıq dərdindən yarı yolda qalaraq ən yaxşı halda korrektor, tərcüməçi, redaktor və s. oldular və əsl ədəbi yaradıcılıqdan yerli-dibli uzaq düşdülər. Ədəbiyyatla gələcəkdə (gələcəkdə!) peşəkar məşğul ola bilmək üçün ədəbiyyatın hobbi olduğunu unutmamalısınız.
Ağalar Qut
Şərhlər