Xəbər lenti

Yaxşı yatmaq üçün nə yemək lazımdır?
Sağlamlıq 23:45 13.12.2025

Yaxşı yatmaq üçün nə yemək lazımdır?

Sakit və keyfiyyətli yuxu sağlamlığın əsas şərtlərindən biridir. O, təkcə gün ərzində enerji səviyyəsinə deyil, həm də əhval-ruhiyyəyə, idrak qabiliyyətlərinə, immun sisteminə və hətta ürək sağlamlığına təsir göstərir

Qaynarinfo xəbər verir ki, bu barədə "Martha Stewart” yazır.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, amerikalıların təxminən üçdə biri orqanizmin optimal fəaliyyəti üçün tövsiyə olunan minimum yeddi saatlıq gündəlik yuxunu almır.

"European Heart Journal”da qeyd olunur ki, xroniki yuxusuzluq diabet, piylənmə və ürək-damar xəstəlikləri kimi problemlərin riskini artıra bilər.

Bu onunla əlaqədardır ki, yuxu beynimizə gün ərzində əldə olunan məlumatları emal etmək, bədənimizə isə bərpa və sağalma imkanı verir.

Materialda bildirilir ki, yatmazdan əvvəl rahatladıcı rutin və sərin, qaranlıq otaq vacib şərtlər olsa da, gün ərzində, xüsusilə də yuxudan əvvəl nə yediyiniz də böyük əhəmiyyət daşıyır.

"Bəzi məhsullarda olan triptofan, melatonin, maqnezium və antioksidantlar rahatlamaya kömək edir və orqanizmin yuxu–oyanıqlıq dövrünü tənzimləyir”, deyə diyetoloq Loren Manaker bildirib.

Yatmağa yaxın vaxtlarda asan həzm olunan qidalara üstünlük vermək vacibdir ki, istirahət etməli olan orqanizm ağır işə məcbur qalmasın.

"Rahat həzm olunan və enerjinin sabit şəkildə ifrazını təmin edən məhsullar qan şəkərinin gecə saatlarında düşməsinin qarşısını ala bilər. Bu da sizi yuxudan oyada bilər. Buna görə də yatmazdan 1–2 saat əvvəl yüngül qəlyanaltı faydalı ola bilər, lakin ağır yeməklər yuxuya yaxın vaxtda qəbul edildikdə yuxunu poza bilər”, deyə diyetoloq əlavə edib.

Yatmazdan əvvəl qəbul edilə bilən məhsullar siyahısına aşağıdakılar daxildir:

Süd

"Yatmazdan əvvəl ilıq süd içmək təkcə xalq inanışı deyil, həm də sakit gecə yuxusuna hazırlaşmağın qidalı yoludur”, deyə diyetoloq bildirib.

"Springer Nature” nəşri yazır ki, süd tərkibində rahatlamaya kömək edən triptofan və maqnezium ehtiva edir. Zülal və karbohidratların birləşməsi gecə boyunca qan şəkərinin stabilləşməsinə kömək edir, elektrolitlər isə xüsusilə gecə tərləməsinə meyilli olanlar üçün su balansını qoruyur.

Qoz

Qozlar yuxu üçün faydalı bir çox qida maddəsi ehtiva etdiyinə görə ideal axşam qəlyanaltısı sayılır. Triptofan orqanizmdə serotonin və melatonin istehsalında istifadə olunan amin turşusudur və rahatlamaya, daha yaxşı yuxuya şərait yaradır.

Bundan əlavə, qozun tərkibində iltihabı azaldan və beyin sağlamlığını dəstəkləyən omeqa-3 yağ turşuları var ki, bu da sakit yuxu üçün əlverişli şərait yaradır.

Qoz həmçinin sinir sistemini sakitləşdirən və əzələləri rahatladan maqneziumla zəngindir. Araşdırmalar göstərib ki, qozdakı sağlam yağlar və zülallar gecə boyunca qan şəkərinin səviyyəsini sabit saxlayaraq gecə oyanmalarının ehtimalını azaldır.

Kivi

Kiçik və turş meyvə olan kivi tərkibindəki təbii serotonin sayəsində yuxunun dəstəklənməsində "ulduz” hesab olunur.

"Araşdırmalar göstərib ki, yatmazdan bir saat əvvəl iki kivi yemək yuxuya getmə prosesini, yuxunun müddətini və səmərəliliyini yaxşılaşdıra bilər. Bu meyvələrdə olan C və E vitaminləri kimi antioksidantlar isə sakit yuxuya mane olan oksidləşdirici stress və iltihabı azalda bilər”, deyə Manaker bildirib.

Albalı

Xüsusilə "Montmorensi” sortu albalılar yuxunu yaxşılaşdırmaq üçün tez-tez qiymətləndirilməyən, lakin olduqca faydalı məhsuldur.

"Albalı təbii şəkildə melatonin ehtiva edən nadir məhsullardandır. Melatonin yuxu və oyanıqlıq dövrünü tənzimləyən hormondur”, deyə diyetoloq qeyd edib.

Bundan əlavə, tərkibindəki antosianinlər də daxil olmaqla antioksidantlar iltihabı və oksidləşdirici stressi azaldaraq rahat yuxuya kömək edir.

Çobanyastığı çayı

Bu çay yatmazdan əvvəl rahatlamağın sadə yolu kimi tez-tez tövsiyə olunur və bunun əsaslı səbəbləri var. Çobanyastığı tərkibində apigenin adlı antioksidant ehtiva edir. Sübut olunub ki, bu maddə yuxululuğu artırır və yuxu keyfiyyətini yaxşılaşdırır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->