Aşağı Yer orbitində istismar müddəti başa çatan peyklər atmosferə daxil olarkən yanaraq buxarlanır. Lakin yox olduğu düşünülən tonlarla alüminium mikroskopik toz hissəciklərinə çevrilərək atmosferdə asılı qalır. Alimlər bunun iqlim tarazlığını poza biləcəyindən narahatdırlar.
Qaynarinfo xəbər verir ki, göyə baxarkən kosmik texnologiyanın möhtəşəm inkişafının şahidi oluruq. Lakin medalın digər üzündə planetimizi gözləyən səssiz təhlükə də getdikcə böyüyür. İstismar müddətini başa vuran süni peyklərin atmosferə daxil olaraq yanması düşünüldüyünün əksinə, zərərsiz şəkildə yox olması ilə nəticələnmir.
Yanan metallar atmosferin yuxarı qatlarında toplanaraq iqlimə və ozon təbəqəsinə hələ tam müəyyənləşdirilməmiş təsirlər göstərə bilər. İllərdir tətbiq olunan qeyri-rəsmi qaydalara əsasən, Aşağı Yer orbitindəki peyklər ən gec 25 il ərzində orbitdən çıxarılmalı idi. Lakin buraxılan peyklərin sayının kəskin artması bu prosesi nəzarətdən çıxarıb.
Son məlumatlara görə, orbitdə əsas hissəsini “Starlink” peyklərinin təşkil etdiyi təxminən 14 min aktiv peyk var. Üstəlik, 1 milyondan çox yeni kosmik aparatın buraxılması ilə bağlı planlar artıq hazırlanıb. ABŞ Hökumətinin Hesabatlılıq Ofisi 2040-cı ilədək bu sayın 60 mini keçəcəyini proqnozlaşdırır.
Adətən təxminən 5 illik istismar müddətinə malik olan bu peyklər kütləvi şəkildə atmosferdə yanacaq və hər gün atmosferə tonlarla kimyəvi toz buraxacaq.
Adi peyklərin istehsalında əsas komponent kimi alüminiumdan istifadə olunur. Aparatlar atmosferlə sürtünərək alovlandıqda alüminium tamamilə yox olmur, “alümina” adlanan mikroskopik aerozol hissəciklərinə çevrilir.
İllərlə stratosferdə asılı qala bilən bu hissəciklərin planetə təsirini anlamaq üçün alimlər intensiv araşdırmalar aparırlar.
“Journal of Geophysical Research: Atmospheres” jurnalında 2025-ci ildə dərc olunan araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. Toplanan böyük miqdarda alüminanın qütb küləklərinin sürətini dəyişə və ya mezosferin müəyyən ərazilərində temperaturun artmasına səbəb ola biləcəyi müəyyən edilib.
Əsasən okeanlara və ya yaşayış olmayan ərazilərə düşəcəyi düşünülən peyklərin yaratdığı bu toz buludu ozon təbəqəsi və iqlim tarazlığı baxımından ciddi qeyri-müəyyənlik yaradır.
Baş verənlər ağacdan hazırlanan peyk layihələri kimi ekoloji cəhətdən daha təhlükəsiz texnologiyalara nə qədər təcili ehtiyac olduğunu bir daha göstərir.
Aydın
Şərhlər