Meteoroloqların havanı nə qədər müddət ərzində dəqiq proqnozlaşdıra biləcəyi sualına cavab tapılıb. Alimlər süni intellekt nə qədər inkişaf etsə də, kvant fizikası ilə əlaqəli qaçılmaz məhdudiyyətin harada yarandığını və Günəş şüalarının atmosferdə yaratdığı qeyri-müəyyənliyin proqnozlara necə təsir etdiyini hesablayıblar.
Qaynarinfo xəbər verir ki, havanın günlər öncədən nə dərəcədə dəqiq proqnozlaşdırıla biləcəyi uzun müddətdir elm dünyasında müzakirə olunan əsas məsələlərdən biridir. Mövcud texnologiyalarla meteoroloqlar təxminən 14 günlük müddət ərzində kifayət qədər etibarlı nəticələr əldə edə bilirlər. Bu müddətdən sonra isə proqnozlar getdikcə qeyri-müəyyənləşir.
Lakin son araşdırma göstərib ki, hava proseslərini proqnozlaşdırmaq nəzəri baxımdan düşünüldüyündən daha uzun müddət mümkün ola bilər. Tədqiqatçılar bu həddi təxminən 129 gün olaraq müəyyənləşdiriblər. Məhz bundan sonra kvant səviyyəsindəki qeyri-müəyyənliklər modellərə ciddi təsir göstərərək uzunmüddətli proqnozları praktik olaraq yararsız hala gətirir.
Kəpənək effektindən kvant qeyri-müəyyənliyinə qədər
Bu gün hava proqnozu hazırlamaq üçün planetin hər yerindən böyük həcmdə məlumat toplanır. Havanın temperaturundan okean axınlarına, rütubət səviyyəsindən küləyin sürətinə qədər çoxsaylı dəyişənlər mürəkkəb kompüter modellərinə daxil edilir.
Sistemdəki mürəkkəb əlaqələr və zaman keçdikcə böyüyən kiçik hesablama xətaları proqnozların dəqiqliyini azaldır. Kəpənəyin qanad çalmasının həftələr sonra fırtınaya səbəb ola bilməsi fikri məhz atmosferdəki bu xaotik prosesləri izah edir.
Texnologiya inkişaf edib atmosferlə bağlı bütün məlumatları mükəmməl şəkildə toplamağa imkan versə belə, proqnozların sonsuza qədər dəqiq qalması mümkün deyil. Mayami Universiteti və NOAA-da çalışan doktor Vey Çjanın rəhbərlik etdiyi tədqiqat qrupu atmosferin enerji dövranını araşdıraraq bu qaçılmaz məhdudiyyəti müəyyənləşdirib.
Meteoroloji modellərin uzunmüddətli proqnozlarda müəyyən həddə çatmasının əsas səbəbi Günəşdən gələn fotonların yaratdığı kvant səviyyəli qeyri-müəyyənlikdir.
Günəş şüalarının yaratdığı qaçılmaz "səs-küy"
Günəşdən gələn fotonlar atmosferdəki molekullarla qarşılıqlı təsirə girənə qədər tam müəyyən edilmiş göstəriciyə malik olmur. Qısamüddətli hava proqnozlarında bu kvant qeyri-müəyyənliyi nəzərəçarpacaq təsir göstərmir.
Lakin Günəş enerjisi atmosferin hər nöqtəsinə yayıldıqca bu qeyri-müəyyənlik zaman keçdikcə toplanır və proqnoz modellərinin dəqiqliyini azaldır.
Alimlər kvant "səs-küyünün" sistemi tamamilə üstələdiyi "enerji dövriyyəsi nöqtəsinin" təxminən 129 gün olduğunu hesablayıblar. Beləliklə, texnologiyanın və süni intellektin inkişafına baxmayaraq, atmosferin gələcək davranışını proqnozlaşdırmaq üçün fundamental fiziki məhdudiyyət mövcuddur.
Aydın
Şərhlər