XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Roma Papasının itmiş məktubu tarixi yenidən yaza bilər
Dünya16:14 12.08.2026

Roma Papasının itmiş məktubu tarixi yenidən yaza bilər

1066-cı ildə İngiltərənin normandlar tərəfindən işğalında Romadakı hakimiyyət uğrunda mübarizə mühüm rol oynaya bilər. Tarixçilər çoxdan itmiş Papa II Aleksandrın məktubundan Vatikan arxivlərində qorunub saxlanılan fraqmentləri yenidən təhlil etdikdən sonra bu qənaətə gəliblər.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” yazıb.

Ənənəvi olaraq İngiltərənin normandlar tərəfindən işğalı kral Etirafçı Eduardın ölümündən sonra taxt uğrunda mübarizə ilə əlaqələndirilir. Normandiya hersoqu Vilhelm İngiltərə tacına hüququ olduğunu elan edib və 1066-cı ilin payızında ölkəyə hücum edib. Oktyabrın 14-də onun ordusu Hastinqs döyüşündə İngiltərə kralı Harold Qodvinsonun qoşunlarını məğlub edib.

Lakin yeni araşdırma göstərir ki, Papa II Aleksandrın Vilhelmi dəstəkləmək qərarına tamamilə başqa amil - papalığın özünə nəzarət uğrunda mübarizə təsir etmiş ola bilər.

Tədqiqatçılar orta əsrlərə aid kanon hüququ toplusunda qorunub saxlanılan II Aleksandrın məktubundan fraqmentləri araşdırıblar. Papanın yazışmalarının tam reyestri itirilib, lakin ayrı-ayrı sənədlər nüsxələr və fraqmentlər şəklində günümüzə gəlib çatıb.

Şərqi İngiltərə Universitetinin orta əsrlər tarixi və ədəbiyyatı professoru Tom Lisensin sözlərinə görə, əvvəllər məktubdakı bəzi ifadələr anlaşılmaz hesab olunurdu. İndi isə həmin ifadələrin 1060-cı illərdə baş verən genişmiqyaslı kilsə münaqişəsi kontekstində nəzərdən keçirilməsi təklif olunur.

1061-ci ildə müxtəlif fraksiyalar papalıq taxtına iki namizəd seçib: II Aleksandr və Parma yepiskopu Kadal. Sonuncu II Honoriy adını qəbul edib. Onların arasında Romaya nəzarət uğrunda mübarizə başlayıb.

Honori müqəddəs Roma imperiyası tərəfindən dəstəklənirdi və onun tərəfdarları Şimali Avropanın digər bölgələrində də dəstək qazanmağa çalışırdılar.

Bu fonda İngiltərə II Aleksandrın rəqiblərinin tərəfində ola bilərdi. Əgər İngiltərə kralı Harold Qodvinson həqiqətən rəqib papalıq fraksiyasını dəstəkləyirdisə, bu, II Aleksandrı Vilhelmi dəstəkləməyə sövq edən amillərdən biri ola bilərdi.

II Aleksandr məktubunda İngiltərənin sakinləri “həqiqət yolundan” sapana qədər Müqəddəs Pyotrun himayəsi altında olduğunu bildirirdi. Tədqiqatçılar hesab edirlər ki, bu ritorika məhz Aleksandrın tərəfdarlarının Honoriy və onun müttəfiqlərinə qarşı mübarizəsi ilə bağlı ola bilər.

“Papa Aleksandrın tərəfdarlarının nəzərində bu, artıq sadəcə tac uğrunda döyüş deyildi. Bu, onların şeytanın ardıcılları hesab etdikləri şəxslərə qarşı mübarizə idi”, deyə Lisens izah edib.

Tarixçinin fikrincə, belə mövqe II Aleksandra Vilhelmin taxtda olan İngiltərə hökmdarını zor gücünə devirməyə hazırlaşmasına baxmayaraq, normandların işğalını dəstəkləmək üçün siyasi motiv verə bilərdi.

Papanın dəstəyi mühüm simvolik əhəmiyyət daşıyırdı. Bu dəstək işğalı sadəcə taxt iddiaçıları arasındakı mübarizə kimi deyil, papalıq hakimiyyətinin rəqiblərinə qarşı bir növ “ədalətli müharibə” kimi təqdim etməyə imkan verə bilərdi.

“1066-cı ildə məsələnin həlli yalnız Hastinqs döyüş meydanında müəyyənləşmədi. Nəticəyə buradan təxminən min mil uzaqda, Romada qəbul edilən qərarlar da təsir göstərə bilərdi”, deyə Lisens bildirib.

Beləliklə, tədqiqatçılar Vilhelmin İngiltərəni işğalı ilə nəticələnən hadisələrə daha geniş prizmadan baxmağı təklif edirlər. Onların fikrincə, bu, yalnız Etirafçı Eduardın ölümündən sonra yaranan sülalə mübahisəsi deyil, həm də xristian kilsəsinin gələcəyi və Avropadakı qüvvələr balansı uğrunda genişmiqyaslı mübarizənin bir hissəsi olub.

Bu şərh sonrakı araşdırmalarla təsdiqlənərsə, Haroldun papalıqla bağlı siyasəti gözlənilməz nəticələrə səbəb olmuş ola bilər. Onun II Aleksandrın rəqibləri ilə mümkün əlaqələri Vilhelmin Romadan dəstək almasına və işğalının legitimliyini gücləndirməsinə şərait yaratmış ola bilər.

Aydın