Bakıda mənzil bazarında qiymət artımı davam edir. Bakı üzrə mənzillərin bir kvadratmetrinin orta satış qiyməti təxminən 4 min manat civarındadır.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, son iki-üç ayda mənzillərin həm satış, həm də kirayə qiymətlərində dəyişiklik müşahidə olunub:
"İlk növbədə onu bildirərdim ki, Bakı şəhərində Azərbaycan əhalisinin urbanizasiyası, yəni bölgələrdən Bakıya axını ilə əlaqədar hazırda demək olar ki, nə kirayə bazarı, nə də alqı-satqı bazarı tam tələbatı qarşılayır. Qiymət artımının əsas səbəblərindən biri də məhz budur".
Ekspert bildirib ki, ilin ilk altı ayında daşınmaz əmlak bazarında müəyyən passivlik hökm sürsə də, qiymət artımının tendensiyası və dinamikası davam edib.
"Qiymət artımı tələb və təkliflə əlaqəlidir. Eyni zamanda buna mənzillərin investisiya cəlbediciliyi, inflyasiya amili, urbanizasiya, tikinti materiallarının və işçi qüvvəsinin qiymətlərinin artması, tikinti prosesinin özünün bahalaşması, normaların sərtləşməsi və digər bu kimi amillər də təsir göstərir. Bunlar təbii ki, mövcud durumda qiymət artımına gətirib çıxarır", deyə Vüqar Oruc qeyd edib.
O bildirib ki, hazırda Bakıda ən yüksək satış qiymətləri Nəsimi rayonunda qeydə alınır:
"Bakıda ən yüksək satış qiymətləri Nəsimi rayonunda qeydə alınıb. Təqribən bir kvadratmetrinin satış qiyməti 17-18 min manat aralığında təklif olunub. Orta hesabla götürsək, bir kvadratmetrin dəyəri Bakı üzrə təqribən 4 min manat civarındadır. Bu da kifayət qədər böyük rəqəmdir və ötən qiymətlərə nisbətən təqribən 10 faiz civarında artımın baş verdiyini göstərir. Bu proses davam edəcək".
Şərhlər