2026-cı ilin ilk yarısında dünya əmtəə qiymətlərində ciddi artım qeydə alınıb. Enerji məhsullarının bahalaşması qlobal əmtəə qiymətlərinin yüksəlməsində əsas amil olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul Siyasəti İcmalı – Avqust 2026” hesabatında bildirilib.
Hesabata əsasən, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, 2026-cı ilin ilk yarısında dünya əmtəə qiymətləri indeksi 14,1 faiz artıb. Artım əsasən enerji qiymətlərinin əhəmiyyətli yüksəlməsi ilə əlaqədar olub.
Hesabat dövründə enerji ilə yanaşı, bir sıra qeyri-enerji məhsullarının da qiymətində artım müşahidə edilib. BVF-nin qeyri-enerji qiymətləri indeksi ilin ilk yarısında 2,8 faiz yüksəlib.
Bu artıma əsasən ərzaq və əsas metal qiymətlərinin bahalaşması təsir göstərib. Belə ki, BVF-nin əsas metallar indeksi hesabat dövründə 9,4 faiz artıb.
Hesabatda qeyd edilir ki, enerji qiymətlərinin yüksəlməsinə əsasən artan geosiyasi gərginliklər fonunda təklif qıtlığı və tədarük zəncirlərində yaranan problemlər təsir göstərib.
Bundan başqa, 2026-cı ildə qlobal qiymətlərə artırıcı təsir göstərən amillərdən biri də daşınma xərclərinin yüksəlməsi olub. Belə ki, Dünya Konteyner İndeksinə (WCI) əsasən, dəniz yolu ilə 40 futluq bir konteynerin daşınma xərci iyunun sonunda 2025-ci ilin sonu ilə müqayisədə 88 faiz artıb.
Hesabatda bildirilir ki, Yaxın Şərqdə davam edən münaqişə də qlobal əmtəə qiymətlərinin dəyişkənliyini artıra biləcək əsas amillərdən biri olaraq qalır. Münaqişənin davam etməsi təchizat zəncirlərini təhlükə altına ata və maliyyə şəraitinə mənfi təsir göstərə bilər.
Enerji, ərzaq və metal qiymətlərində artım, eləcə də beynəlxalq daşınma xərclərinin yüksəlməsi 2026-cı ilin ilk yarısında qlobal əmtəə bazarında qiymət təzyiqlərini gücləndirib.
Günay
Şərhlər