"Paşinyan anlayır ki, kilsə-dövlət münasibətlərinə yenilik gətirmədən parlament seçkilərinə gedə bilməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanda kəskinləşən hakimiyyət və kilsə qarşıdurmasını şərh edərkən deyib.
Ekspert bildirib ki, Paşinyan kilsə ilə qarşıdurmaya getməklə onun dövlətə təsirini sıfıra endirməkdə israrlıdır:
"Bu spontan olaraq qəfildən ortalığa çıxmış sosial dini-siyasi hadisə deyil. Düşünülmüş addımdır. Çünki Paşinyana qarşı duran bütün revanşist qüvvələrin başında məhz kilsə dayanır. Ermənistanda kilsə əhəmiyyətli səsə malikdir. Bu günə qədər hakimiyyətdə olan heç bir siyasi elita kilsənin əmrlərindən kənara çıxmayıb. Ermənistana xarici dəstəkdə də kilsə həmişə həlledici rol oynayıb. Ancaq Paşinyanın müstəqil, suveren Ermənistan qayəsinə bu uyğun gəlmir. O anlayır ki, bütün sivil Qərb dünyasında din dövlətdən ayrıdır və din siyasətə qarışmır. Eyni vəziyyəti Paşinyan Ermənistanda da bərqərar etmək istəyir. Kilsə həmçinin Ermənistandakı Paşinyana qarşı duran qüvvələri stimullaşdırır. Əvvəlki hərəkətlərilə kilsə və revanşistlər böyük uğursuzluqlara düçar oldular ki, bu da perspektivdə hökumətin kilsə üzərinə getməsinə yol açdı. Paşinyan həmçinin bu məsələnin konstitusiyada təsbit olunmasını da istəyir. Ona görə də yeni konstitusiyanın mətninin hazırlandığı bir mərhələdə bu cür qarşıdurma, təhqirlərin ortaya çıxması qətiyyən təsadüf deyil".
Ekspert qeyd edib ki, proses ictimai fikri ona hazırlamağa doğru gedir:
"Çünki Vatikanda olduğu kimi Ermənistanda da dini rəhbərin dövlətin də rəhbəri olmasını istəyən qüvvələr var ki, Paşinyan da buna imkan vermək istəmir. Ona görə də məsələni birdəfəlik konstitusiya səviyyəsində həll etməkdə maraqlıdır. Bu səbəbdən də "din xadimləri"ni ifşa prosesinə başlanılıb".
Politoloq düşünür ki, başlanan proses ictimai fikrə həzm etdirilərsə, kilsənin dominantlığı aradan qaldırılacaq:
"Bu da öz növbəsində idarəetməyə təsir edəcək. Hər şey xalqın seçiminə bağlıdır. Onun nəticəsi olaraq Paşinyan bu oyundan qalib də çıxa bilər".
Qeyd edək ki, hazırda Ermənistanda Paşinyan hakimiyyəti ilə erməni kilsəsi arasında hətta konstitusiya böhranı həddinə qədər inkişaf etmiş qarşıdurma genişlənməkdədir. Belə ki, baş nazir Nikol Paşinyan erməni kilsəsinə və keşişlərə qarşı sərt ittihamlar irəli sürməyə başlayıb. Erməni baş nazirin "subaylıq andı"na riayət etməyərək, pozğun həyat tərzi yaşayan keşişlərə yönəlik "dini xidməti tərk edin" tələbi Ermənistan cəmiyyətinin radikal-revanşist təbəqəsində ciddi narahatlıq doğurub. Paşinyan bu ittihamların ardınca erməni kilsəsinə katolikos seçkilərində dövlətin"həlledici səsə” malik olmasının vacibliyini də vurğulayıb. Bu isə ciddi siyasi-hüquqi mübahisələrə səbəb olub. Bəzi müxtəlif yönümlü hüquqşünaslar baş baş nazir Nikol Paşinyanın bu tələbinin Ermənistan konstitusiyasının əsas prinsiplərinə-yəni kilsənin dövlətdən ayrı olduğuna-zidd olduğunu bildiriblər. Onların fikrincə, belə tələblərə görə baş nazir Nikol Paşinyan cinayət məsuliyyəti daşımalıdır. Belədə görünən odur ki, Ermənistan seçkilər ərəfəsi hakimiyyət kilsə qarşıdurmasına doğru sürüklənir.
Rüfət Sultan
Şərhlər