Xəbər lenti

Z nəsli kişiləri ailədaxili münasibətlərdə yaşlı nəsildən daha ənənəvi düşünür
Dünya08:15 30.11.2026

Z nəsli kişiləri ailədaxili münasibətlərdə yaşlı nəsildən daha ənənəvi düşünür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gənclərin əvvəlki nəsillərlə müqayisədə daha bərabərhüquqlu düşüncəyə sahib olduğu fikri İngiltərədə aparılan yeni araşdırma ilə sual altına düşüb. Tədqiqat göstərib ki, Z nəslindən olan kişilərin bir qismi ailədaxili qərarların verilməsi və məsuliyyətlərin bölüşdürülməsində daha ənənəvi mövqedədir.

Qaynarinfo xəbər verir ki, “King's College London” nəzdində fəaliyyət göstərən Qlobal Qadın Liderliyi İnstitutunun direktoru, professor Hecunq Çunun rəhbərliyi ilə aparılan araşdırma 1001 nəfərin iştirak etdiyi onlayn sorğunun nəticələrinə əsaslanıb.

Sorğuda 16-29 yaş aralığında olan 200-dən çox Z nəsli kişi və qadın da iştirak edib. Tədqiqatçılar müxtəlif yaş qruplarının gender rolları və ailədaxili məsuliyyətlərlə bağlı mövqelərini müqayisə ediblər.

Gənc kişilərin 30 faizi son sözün kişiyə aid olduğunu düşünür

Araşdırmanın diqqətçəkən nəticələrindən biri ailədə qərarvermə hüququ ilə bağlı olub. Z nəslindən olan kişilərin təxminən 30 faizi evdə qəbul edilən qərarlarda son sözün ər tərəfindən deyilməli olduğunu düşünür.

62-80 yaş aralığındakı “Baby Boomer” nəslinin nümayəndələri arasında isə bu fikri dəstəkləyənlərin payı 21 faiz təşkil edib. Gənc qadınlarda göstərici daha aşağıdır. Z nəslindən olan qadınların yalnız 13 faizi ailədaxili qərarlarda kişinin sözünün üstün tutulmasını dəstəkləyib.

Ailə məsuliyyətlərinin bölüşdürülməsi ilə bağlı cavablarda da oxşar mənzərə müşahidə olunub. Gənc kişilər arasında ailənin maddi təminatının kişinin, ev işlərinin və ailə qayğılarının isə qadının vəzifəsi olduğu düşüncəsi daha geniş yayılıb.

İqtisadi çətinliklər və sosial media amili

Tədqiqatçılar bu yanaşmanın səbəblərini bir neçə amillə əlaqələndirirlər. Onların fikrincə, artan yaşayış xərcləri, iş təhlükəsizliyi ilə bağlı narahatlıqlar və mənzil sahibi olmağın çətinləşməsi bəzi gəncləri daha ənənəvi ailə modelinə yönəldə bilər.

Bundan başqa, sosial şəbəkələrdə ənənəvi kişilik anlayışını təbliğ edən qrupların və nüfuzlu şəxslərin təsiri də mümkün səbəblər sırasında göstərilir.

Professor Hecunq Çunun sözlərinə görə, gənc kişilərin bir qismi Britaniya cəmiyyətinin reallıqda olduğundan daha mühafizəkar olduğunu düşünür. Bu təsəvvürün formalaşmasında sosial medianın xüsusi rolu var. O, “manosfer” adlandırılan və sərt gender rollarını müdafiə edən onlayn icmaların ictimai rəyə təsirinə diqqət çəkib.

Bununla belə, alim araşdırmanın nəticələrinin bütün Z nəsli kişilərinin eyni düşüncədə olduğu anlamına gəlmədiyini vurğulayıb. Gənc kişilərin öz aralarında da fərqli mövqelər mövcuddur və onların böyük hissəsi gender bərabərliyini vacib hesab edir.

Çunun fikrincə, gənc kişiləri bərabərlik müzakirələrinin qarşı tərəfində görmək əvəzinə, onları bu prosesin iştirakçısına və müttəfiqinə çevirmək daha məqsədəuyğundur.

Aydın