Xəbər lenti

Paşinyanın sülh təklifləri nəyə hesablanıb? (ŞƏRH)
Siyasət 16:03 18.06.2024

Paşinyanın sülh təklifləri nəyə hesablanıb? (ŞƏRH)

"Dəhliz açılmadan nə sülhdən, nə də Zəngəzur ərazisində delimitasiyadan danışmaq olmaz”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Ermənistan baş naziri Paşinyanın sərhədlərin delimitasiyasının növbəti mərhələsinin Sünikdən (Zəngəzur-red.) başlaya biləcəyilə bağlı fikirlərini şərh edərkən deyib.

Azər Qasımov bildirib ki, Paşinyanın bu bəyanatı Zəngəzur dəhlizi adlı problemin olmadığı anlamına gəlir:

"Paşinyan hesab edir ki, Zəngəzur məsələsi onların istədiyi şərtlər daxilində həll ediləcək. Verdiyi bəyanatla demək istəyir ki, Zəngəzur onların ərazisidir və həmin ərazilə bağlı sərhəddə qaranlıq məsələ yoxdur. Təbii ki, Azərbaycan Zəngəzur məsələsinə həssas yanaşır. Zəngəzur dəhlizinin hər hansı formada istifadəyə verilməsi Azərbaycanın Ermənistanla sülh və ya delimitasiya-demarkasiya məsələsində olmazsa-olmazıdır".

Ekspert bildirib ki, Ermənistan bundan yayınmaq üçün müxtəlif adlardan istifadə edir:

"Zəngəzur istiqamətində delimitasiyanın başlanılması gec-tez olmalıdır. Amma burada azərbaycanlı əhali yaşayan xeyli sayda kəndlər olub. Hansı ki, indi boşdur. Bu kəndlərin əhalisinin geri qaytarılması məsələsi də həllini tapmalıdır".

Həmsöhbətimiz qeyd edir ki, geosiyasi proseslərin getdikcə mürəkkəbləşdiyi bir məqamda ən həssas nöqtənin həll edilməsini istəyən Paşinyan özünü çoxbilmiş kimi aparmaq istəyir:

"Ermənistanın Qərbə inteqrasiyası fonunda Zəngəzuru tamamilə itirəcəyi proqnozları da onu qorxudur. Görünən odur ki, Paşinyan buna görə də tələsir. Azərbaycan isə heç yerə tələsmir. Ermənistandan tələb etdiklərini almayana kimi sülh barədə fikirləşmir. Dəhliz Azərbaycan üçün Ermənistanın qarşısında qoyulan əsas tələbdir. Dəhliz açılmadan və ya buna razılıq verilmədən nə sülhdən, nə də Zəngəzur ərazisində delimitasiyadan danışmaq olmaz".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında sərhədlərin delimitasiyasının növbəti mərhələsinin Sünik (Zəngəzur-red.) tərəfdən başlaya biləcəyini deyib:

"Hazırda tərəflər reqlament üzərində işləyirlər. Sənəd təsdiq olunduqdan sonra qərar qəbul olunacaq". 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->