"Nazirlik, komitə və ali məktəblərin Ağdam və ya digər şəhərlərdə yerləşdirilməsi heç bir real nəticə verə bilməz”.
Bunu Qaynarinfo-ya iqtisadçı ekspert Fuad İbrahimov son zamanlar bəzi nazirlik və komitələrin işğaldan azad olunmuş Ağdama köçürülməsi barədə səslənən təklifləri şərh edərkən deyib:
"Nazirliklərin mövcud olduğu aparatda nə qədər insan çalışır ki, ondan ötrü geolakasiyanı dəyişəsən? Vətəndaşları bölgələrdə işə cəlb etmək üçün regionlara maraq yaratmaq lazımdır. Bu daha önəmli addım olar, nəinki bəzi nazirlik və ya institutlar Ağdama və ya digər bölgələrə köçürülsün".
Ekspert bildirib ki, bu addımın paytaxtda tıxacların azalmasına heç bir real təsiri olmaz:
"Məmurlar səhər tezdən işə gedir, gecə işdən qayıdırlar. Onlar səhər işə gələndə və gecə evə qayıdanda da tıxac olmur. Çünki onlar tıxac səngiyən vaxtı, axşam saat 21.00-dan sonra işdən çıxırlar. Kütlə isə iş dalınca qaçaraq səhərdən axşama qədər şəhərdə hərəkətdədir. Məhz, bu amilin qarşısı alınmalıdır. Bunun üçün isə əhalinin bölgələrdə işləməyə marağı olmalıdır. Onlara bölgələrdə maraqlı iş təklif olunsa, həmin an Bakını tərk edərlər. Yoxsa nazirlik, komitə və universitetlərin Bakıdan çıxarılıb Ağdam və ya digər şəhərlərdə yerləşdirilməsi heç bir real nəticə verməyəcək. Çünki onların şəhərdə tıxac yaradılmasında xüsusi çəkiləri elə də böyük deyil".
Qeyd edək ki, son günlər bəzi nazirliklərin işğaldan azad olunmuş Ağdama köçürüləcəyi iddia olunur. Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirib ki, Bakıdakı tıxac probleminin həlli üçün bir sıra qurumlar bölgələrə köçürülməlidir. Onun sözlərinə görə, tıxacların azalması yollarından biri, Milli Məclisin Gəncəyə və ya Ağdama köçürülməsi ola bilər. Bəzi nazirliklərin digər şəhərlərdə yerləşməsi də çıxış yollarından biridir.
Deputat Qüdrət Həsənquliyev də paytaxtın Ağdama köçürülməsini təklif edib. Deputat Fazil Mustafa da bəzi universitetlərin Bakıdan bölgələrə köçürülməsinin vacib olduğunu deyib.
Rüfət Sultan
Şərhlər