Siyasət 12:38 20.09.2022

Pelosinin və Volodinin səfərlərinin üst-üstə düşməsi... - XİN-in keçmiş rəhbərinin şərhi

Maraqlı nüans yaranıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin ardınca, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin də Azərbaycana səfər edəcək.

Qeyd edək ki, Ukrayna cəbhəsində bir-birilə amansız rəqabət aparan ABŞ və Rusiya həmin rəqabəti Cənubi Qafqaza da keçirmək istəyirlər. Bu isə yaşadığımız regionun da gərginlik ocağına çevrilə biləcəyi təhlükəsini yaradır. 

Görəsən, Pelosinin İrəvana səfərindən bir müddət sonra Volodinin Bakıya səfərinin gözlənilməsi təsadüfdür, yoxsa, onların təmsil etdikləri ölkələrin bir-birilə mübarizəsinin nəticəsi?

Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hər iki səfərin üst-üstə düşməsinin məntiqli olduğunu deyir:



"Rusiya Dövlət Duması rəhbərinin Bakıya səfəri çoxdan nəzrdə tutulub. Pelosinin İrəvana olan səfəri də həmçinin əvvəldən nəzərdə tutulan səfər idi. Bu baxımdan hər iki səfərin üst-üstə düşməsi də bir növ məntiqlidir. Amma Pelosinin səfərini ermənilərin təbliğatının istəyinə uyğun şəkildə qəbul etməməliyik. Çünki bu, rəsmi səfər deyildi. Pelosinin səfəri sadəcə seçki ərəfəsində olan və lobbiçilik qanunları ilə nizamlanan səfər idi. Onu da maliyyələşdirən Ermənistan dövlətidir. Ona görə də bu səfəri ABŞ dövlətinin rəsmi siyasətini əks etdirən səfər kimi qiymətləndirmirəm. Dövlət Departamenti bu "səfərlə” yanaşı, tərəflər arasında görüşlər təşkil edir”. 

Həmsöhbətimiz qeyd edir ki, Rusiya isə Volodinin Bakıya gəlişilə Moskvanın Azərbaycanın yanında olduğunu göstərmək istəyir: 

"Bir növ görünür ki, ABŞ-la Rusiya bu səfərlərdən rəqabət müstəvisində istifadə etmək niyyətindədir”. 

T. Zülfüqarovun fikrincə, Ermənistanın Pelosinin səfərini təşkil etməkdə məqsədi Azərbaycana qarşı sanksiyalara nail olmaqdır:

"Məsələyə baxanda bu sanksiyalarda Kremlin maraqlı olduğu ortaya çıxır. Çünki Azərbaycanın Avropaya qaz ixracının məhdudlaşdırılması Kremlin marağına cavab verir. Bu mənada Pelosi əslində Amerikanın Şröyderidir”. 

Rüfət Sultan