XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"20 sentyabr suverenliyimizin bərpasının tacı oldu" - Deputat
Siyasət15:00 19.09.2026

"20 sentyabr suverenliyimizin bərpasının tacı oldu" - Deputat

“Suverenlik hər bir xalqın öz ərazisində siyasi iradəsinin qeyri-şərtsiz təmin olunması deməkdir. Çox təəssüf ki, biz 1991-ci ildə müstəqilliyimizi, 2021-ci ildə ərazi bütövlüyümüzü bərpa etsək də, hələ də suveren hüququmuzu ərazimizin hər bir hissəsində təmin edə bilməmişdik”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat hesab edir ki, 20 sentyabrda həyata keçirilən lokal antiterror əməliyyatı özü-özlüyündə ayrıca tarixi hadisədir:

“Çünki yalnız bu əməliyyatdan sonra biz suveren hüquqlarımızı dövlətimizin ərazisində bərpa etməyi bacardıq. Ona görə bu gün böyük tarixi gün kimi dövlətçilik tariximizə yazılıb. Mənə elə gəlir ki, biz suverenliyimizi bərpa etdik deyərkən son 35 ildə pozulmuş suveren hüquqlarımızdan danışmamalıyıq. Çünki bizim suverenliyimiz hələ 1923-cü ildə SSRİ dövründə ərazimizin bir hissəsinə, Qarabağın bir hissəsinə xüsusi status verilməklə əlimizdən alınmışdır. Məsələnin mahiyyəti bundan ibarətdir”.

Deputat bildirib ki, həm sovet, həm də sonrakı dövrdə muxtar vilayət statusu əslində ərazilərimizdə suverenliyimizi məhdudlaşdıran bir qurum yaratmışdı:

“Məncə, bir qədər tarixin dərinliyinə enməliyik. Azərbaycan Prezidenti tarixi zəfərdən danışarkən çıxışlarının birində qeyd etdi ki, biz Şuşanı 1805-ci ildə Kürəkçay müqaviləsində itirmişdik. Şuşanın itirilməsi elə əslində həm də Azərbaycanın suverenliyinin itirilməsi deməkdir. Yəni bir də bu kontekstdən baxanda milli yaddaşımızın hesabatı baxımından nə qədər böyük zəfərə imza atdığımızı bizə aydın izah etmiş olar. Belə olan halda biz 2023-cü il 20 sentyabrda suverenliyimizin bərpası əməliyyatını bəlkə lokal antiterror əməliyyatı kimi xarakterizə edirik. Məncə, bu, simvolik addımdır. Əslində biz 44 günlük müharibədə, lokal antiterror hadisəsi zamanı əldə etdiyimiz zəfərin tacını yaratmış olduq”.

Hikmət Babaoğlu vurğulayıb ki, bu, Azərbaycan Prezidentinin qətiyyəti, ordumuzun gücü və Azərbaycan xalqının həmrəyliyi nəticəsində mümkün olub:

“Düşünürəm ki, Azərbaycanın ən gənc dövlət bayramı olan Suverenlik Bayramından danışanda bu şəkildə özümüzə tarixi yaddaş kontekstində hesabat verməliyik ki, nə qədər böyük əhəmiyyətli bir gündür. Suverenliyimizi bərpa etdikdən sonra Azərbaycanda həm konstitusion hüquqlarımız baxımından, həm də dövlətimizin gələcəyi baxımından yeni perspektivlər yaranmış oldu. Bu, hər şeydən öncə Böyük Qayıdışın təmin olunması üçün əsaslar yaratdı. Çünki ərazimizin bir hissəsi – Xankəndi, Əsgəran işğal altında olsaydı, biz Ağdama bu şəkildə qayıda bilməzdik. Bir də bu kontekstdən baxanda konstitusion hüquqlarımızın bərpası məsələsində biz bu hadisəni qiymətləndirməliyik. Hər bir Azərbaycan vətəndaşının öz dövlətinin ərazisində sərbəst və azad şəkildə hərəkət etmək qabiliyyəti bərpa edilmiş oldu”.

Deputat Konstitusiyada din və etiqad azadlığının təsbit olunduğunu xatırladıb:

“Hər bir Azərbaycan vətəndaşı yalnız bu suverenliyimizi əldə etdikdən sonra əcdadımızdan bizə miras qalan tarixi, dini, mədəni abidələri ziyarət etmək hüququ əldə etmiş oldu. Ona görə də düşünürəm ki, hazırda xalqımızın qarşısında duran əsas vəzifələrdən biri məhz Azərbaycanın daha da güclənməsi və suverenliyimizin əbədi olması üçün həm gənc nəslin bu ruhda tərbiyə olunması, həm də ordumuzun, dövlətimizin həm iqtisadi baxımdan, həm də hərbi baxımdan daha da gücləndirilməsi olmalıdır ki, bir daha bizim əsla suveren hüquqlarımız pozulmasın”.

Bahar Rüstəmli