Özbəkistanın şimal-şərqində, Tyan-Şan dağlarında, dəniz səviyyəsindən təxminən 1,2 kilometr yüksəklikdə arxeoloqlar Homo sapiensin Mərkəzi Asiyadakı tarixi ilə bağlı elmi təsəvvürləri əhəmiyyətli dərəcədə dəyişə biləcək kiçik ox ucluqları aşkarlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" yazıb.
Alimlər 2025-ci ildə yayımlanan araşdırmada Özbəkistandakı "Obi-Raxmat" abidəsinin tarixi təbəqələrinin tədqiqi zamanı neandertalların tarixindəki nümunələrə uyğun gəlməyən, lakin sonrakı dövrlərə aid Homo sapiens tapıntılarına daha çox bənzəyən ox ucluqlarının aşkarlandığını bildiriblər.
Alimlərin sözlərinə görə, bu tapıntı Homo sapiensin 80 min il əvvəl Mərkəzi Asiyada yaşadığını göstərir. Bu isə onların Afrikadan birbaşa gəlməsi ilə bağlı ənənəvi qiymətləndirmələrdən təxminən 35 min il əvvələ təsadüf edir.
Tədqiqatın müəllifləri bildiriblər ki, bu kəşf mürəkkəb atıcı silahların hazırlanması texnologiyasının müasir insanların Avropada möhkəm məskunlaşmasından xeyli əvvəl Mərkəzi Asiyada meydana gələ biləcəyini göstərir. Bu isə bəşəriyyətin miqrasiya tarixinin mühüm bir fəslini potensial olaraq yenidən yazmağa imkan verir.
Tədqiqat müəllifləri hesab edirlər ki, 1962-ci ildə ilk dəfə aşkar edilmiş qayaaltı sığınacaq miqrasiyaların daha qədim xronologiyasına dair mühüm ipucu verir. "Obi-Raxmat" abidəsinin ən qədim təbəqələrində neandertal üslubunda nizələr üçün həddindən artıq kiçik olan üçbucaq formalı mikrolitik ucluqlar da aşkarlanıb. Bu əşyalar 25 min il sonra Fransanın Ron vadisində Homo sapiens tərəfindən hazırlanmış kiçik ox ucluqlarına daha çox uyğun gəlir.
Tədqiqat müəllifləri yazıblar ki, ov silahlarının konstruksiyasının əsas prinsiplərinə əsasən, bu mikro ucluqlar oxşəkilli saplardan başqa hər hansı bir əşyaya bərkidilmək üçün həddindən artıq dardır.
Alimlər aşkarlanmış ox ucluqlarının eninin təxminən 1,2 santimetr, çəkisinin isə cəmi bir neçə qram olduğunu bildiriblər. Onlar dünyanın müxtəlif yerlərində, o cümlədən 77 min ildən daha qədim dövrə aid Cənubi Afrikada tapılmış ucluqlara uyğun gəlir.
Tədqiqat müəllifləri hesab edirlər ki, bu tapıntı Homo sapiensin neandertalların yaşadığı ərazilərə gəldiyi zaman yay və oxlarla silahlandığı barədə nəticəni təsdiqləyir. Onların fikrincə, müxtəlif ərazilərdə aşkarlanan mikro ucluqlar arasındakı oxşarlıq sadəcə təsadüf deyil.
Aydın
Şərhlər