Azərbaycan QHT-ləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda aparılan kampaniyaya münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin yaydığı bəyanatda Ermənistanın müxtəlif dairələrinin diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə reaksiyası qəti şəkildə pislənilib.
Bəyanatda qeyd olunub ki, bu reaksiyalar Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş, daxili işlərə müdaxilə xarakteri daşıyan addımlar kimi qiymətləndirilir.
“Ermənistanda bir mərkəzdən idarə olunan bu davranışlar Azərbaycan-Ermənistan sülh gündəliyinə ciddi zərbə vurmaqla, iki ölkə arasında davam edən normallaşma prosesini axsatmağa hesablanmış açıq təxribatdır”, - deyə bəyanatda bildirilib.
QHT-lər Ermənistanın tarixi-mədəni irslə bağlı yanaşmalarını da tənqid edib. Bildirilib ki, Azərbaycan xalqının tarixinin və Qafqaz Albaniyasının irsinin danılması siyasətinə son qoyulmalıdır.
Bəyanatda Ermənistanın keçmişdə Qarabağ və Şərqi Zəngəzuru 30 il işğal altında saxladığı, Azərbaycan ərazilərində mədəni irsə zərər vurulduğu qeyd olunub.
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistan hökumətini sülh gündəliyinə sadiq qalmağa, Azərbaycana qarşı irredentist çağırışlar edən şəxslər və təşkilatlarla bağlı tədbirlər görməyə çağırıblar.
Qeyd olunub ki, Azərbaycan dövləti ölkəyə qarşı yönələn bu cür addımların qarşısını almaq üçün zəruri tədbirlər görəcək.
Bəyanatı 52 QHT rəhbəri imzalayıb.
Şərhlər