XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Okeanın dibində 16 kilometrlik nəhəng struktur aşkarlanıb – Alimlər mənşəyini araşdırır
Dünya14:46 18.09.2026

Okeanın dibində 16 kilometrlik nəhəng struktur aşkarlanıb – Alimlər mənşəyini araşdırır

Papua Yeni Qvineya sahillərində dəniz dibinin xəritələndirilməsi zamanı elm dünyasının diqqətini çəkən nəhəng geoloji anomaliya aşkarlanıb. “Seabed 2030” layihəsi çərçivəsində əldə edilən məlumatların təhlili nəticəsində müəyyənləşdirilən struktur dəniz dibinin təxminən 15-25 kilometr dərinliyində yerləşir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Aparılan ətraflı xəritə analizləri anomal strukturun təxminən 16 kilometr uzunluğunda və 6,5 kilometr enində olduğunu göstərib. Bu ölçülər onun ərazisinə “Empire State Building” ölçüsündə təxminən 20 göydələnin yerləşə biləcəyini göstərir.

Tədqiqatçıların diqqətini çəkən əsas məqam isə strukturun qeyri-adi həndəsi formasıdır. Xəritələrdə düzbucaqlı görünən və nisbətən hamar səthə malik olan bu nəhəng kütlənin forması onun mənşəyi ilə bağlı suallar yaradıb.

Mütəxəssislər hələlik bu strukturun necə yarandığını dəqiq müəyyənləşdirə bilməyiblər. Onun təbii geoloji proses nəticəsində formalaşıb-formalaşmadığı da tam aydın deyil. Mənşəyini müəyyən etmək üçün dəniz dibi ilə bağlı daha yüksək dəqiqlikli və əhatəli məlumatların əldə edilməsinə ehtiyac olduğu bildirilir.

Okean dibində qeyri-adi həndəsi strukturların aşkarlanması yalnız Papua Yeni Qvineya ilə məhdudlaşmır. Kubanın qərb sahillərində aparılan tədqiqatlar zamanı da kilometrlərlə uzanan paralel xətlər aşkar edilib. Mərcan rifinin üzərində yerləşən həmin ərazinin vaxtilə güclü zəlzələ nəticəsində su altında qalmış qədim yaşayış məntəqəsi ola biləcəyi ehtimalı irəli sürülüb.

“Seabed 2030” layihəsi dünya okeanlarının dibinin mümkün qədər ətraflı xəritələndirilməsini hədəfləyir. Layihə çərçivəsində aparılan araşdırmalar nəticəsində əvvəllər müşahidə olunmayan çoxsaylı dənizaltı strukturlar müəyyənləşdirilir.

Papua Yeni Qvineya yaxınlığında aşkarlanan 16 kilometrlik anomal struktur da bu xəritələndirmə işlərinin diqqətçəkən nəticələrindən biri hesab olunur. Bununla belə, alimlər onun mənşəyi ilə bağlı yekun nəticəyə gəlmək üçün əlavə məlumatların əldə edilməsinin vacib olduğunu bildirirlər.

Günay