Ötən il Azərbaycanda 33 555 nəfər qan dövranı xəstəlikləri səbəbindən ölüb. Bu da il ərzində qeydə alınan bütün ölüm hallarının təxminən 56 faizinə bərabər olub.
Deyirlər ki, ürək-damar xəstəliklərinin yaranmasına, inkişafına təsir edən amillər arasında daha çox əsəb, gərginlik, stress var. Bəs həqiqətənmi stress, əsəb, gərginlik insanların ömrünü qısalda bilir?
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Qaynarinfo-ya açıqlamasında deyir ki, stress orqanizmin verdiyi reaksiya olsa da, burda təhlükəli məqam başqadır.
Psixoloq bunu belə izah edir:
"Stress orqanizmin təhlükə və ya təzyiq qarşısında verdiyi təbii reaksiyadır. Qısamüddətli stress zamanı ürək döyüntüsü sürətlənə, qan təzyiqi yüksələ və tənəffüs tezləşə bilər. Təhlükə aradan qalxdıqdan sonra orqanizm, adətən, əvvəlki vəziyyətinə qayıdır. Əsas risk stressin uzun müddət davam etməsi və insanın bərpa olunmağa imkan tapmamasıdır".
Xroniki stress zamanı orqanizm davamlı gərginlik rejimində qalır. Bu vəziyyət yuxunun pozulmasına, arterial təzyiqin yüksəlməsinə və ürək-damar sisteminin əlavə yüklənməsinə səbəb ola bilər. Digər tərəfdən, stress insanın həyat tərzinə də təsir göstərir. İnsan daha az hərəkət edir, qidalanma rejimini pozur, siqaretə və ya alkoqola daha çox meyil göstərə bilər. Beləliklə, stress ürək-damar xəstəliklərinə həm birbaşa fizioloji mexanizmlər, həm də davranış dəyişiklikləri vasitəsilə təsir edə bilər.

Elnur Rüstəmovun sözlərinə görə, stress insan orqanizminə böyük təsir göstərsə də, ürək-damar xəstəliklərinin səbəbini yalnız stresslə izah etmək düzgün deyil. Bu xəstəliyin yaranmasında digər riskli faktorları da sadalamaq olar:
"İrsi meyillilik, yaş, arterial təzyiq, şəkərli diabet, xolesterin səviyyəsi, siqaret istifadəsi, artıq çəki və fiziki hərəkətsizlik də mühüm risk amilləridir. Stress bu amillərin təsirini gücləndirə bilər, lakin tibbi səbəblərin yerini tutan universal izah deyil".
"Bəs davamlı narahatlıq və emosional gərginlik hansı davranış dəyişikliklərinə səbəb olur" sualına isə həmsöhbətimiz cavab olaraq qeyd edib ki, davamlı gərginlik insanın yalnız emosional vəziyyətində deyil, gündəlik davranışlarında və münasibətlərində də özünü göstərir:
"Şəxs daha tez əsəbiləşə, səbirsiz və həssas ola, yaxınları və iş yoldaşları ilə daha çox münaqişə yaşaya bilər. Bəzən ünsiyyətdən uzaqlaşma, əvvəllər maraq doğuran fəaliyyətlərdən imtina, işləri təxirə salma, diqqətin yayınması və qərar verməkdə çətinlik müşahidə olunur. Bəzi insanlar stressi azaltmaq üçün daha çox yeməyə, siqaret və alkoqoldan istifadəyə, sosial şəbəkələrdə uzun müddət qalmağa və ya impulsiv alış-verişə yönəlirlər. Bunlar qısa müddətdə rahatlıq hissi yaratsa da, problemi həll etmir və zamanla əlavə sağlamlıq və münasibət problemlərinə səbəb ola bilər".
Psixoloq daimi stress yaşayan insanların özlərində nəzarətdə saxlayacaqları psixoloji və davranış əlamətlərini də izah edib:
"İnsan ilk növbədə özündə yaranan dəyişikliklərin davamlı olub-olmamaqna və gündəlik həyatına nə dərəcədə təsir göstərməsinə diqqət etməlidir. Səbəbsiz narahatlıq, tez qıcıqlanma, daim pis hadisə baş verəcəyini düşünmək, diqqəti toplamaqda çətinlik, unutqanlıq, motivasiyanın azalması və əvvəl zövq aldığı fəaliyyətlərə marağın itməsi mühüm psixoloji əlamətdir.
Yuxuya getməkdə çətinlik, gecə tez-tez oyanmaq, səhər yorğun qalxmaq, iştahanın kəskin dəyişməsi, davamlı yorğunluq, baş və əzələ ağrıları, ürəkdöyünmə və nəfəsin çatmadığını hiss etmək də stresslə müşayiət oluna bilər. Lakin belə fiziki əlamətləri avtomatik olaraq stresslə əlaqələndirmək olmaz. Xüsusilə sinədə ağrı, güclü təngnəfəslik, huşun itməsi və ya qəfil vəziyyət pisləşməsi olduqda təcili tibbi yardım alınmalıdır".
Elnur Rüstəmov əlavə edib ki, əgər sadalanan əlamətlər bir neçə həftə davam edərsə, iş qabiliyyətini, ailə münasibətlərini və gündəlik fəaliyyəti pozursa, insan "öz-özünə keçər" deyərək gözləməməlidir:
"Psixoloqa müraciət etmək zəiflik deyil. Bu, vəziyyəti vaxtında qiymətləndirmək və daha ağır nəticələrin qarşısını almaq üçün məsuliyyətli addimdir. Stressin idarə olunmasında yuxu rejimi, fiziki fəallıq, sosial dəstək və iş -istirahət balansı əhəmiyyətlidir. Ancaq uzunmüddətli və güclü əlamətlər zamanı fərdi peşəkar qiymətləndirmə daha doğru yanaşmadır".
Günay İlqarqızı
Şərhlər